RU

“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı

Birinci Qarabağ müharibəsində itkin düşüb qalıqları 30 ildən sonra tapılanlardan biri də Səfərov Səfəralı Allahverdi oğludur.
 
O, 1973-cü il dekabrın 27-də Qafan şəhərində anadan olub. 1988-ci ildə Qərbi azərbaycanlıların deportasiyası zamanı ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. İbtidai təhsilini oradakı 1 nömrəli məktəbdə alıb. Daha sonra kollecdə oxuyub. 1992-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. O, 1992-ci il sentyabrın 29-da Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

ASKER.jpeg (84 KB)

Şəhidin qardaşının həyat yoldaşı Rahilə Nəzərova deyir ki, bu illər ərzində döymədikləri qapı qalmayıb, amma qaynından heç bir xəbər ala bilməyiblər:
 
“Sırxavənd azad olunandan sonra orada qazıntı işləri aparılırdı. Həmin ərəfələrdə bizə zəng gəldi ki, qaynımın qalıqları tapılıb. Ondan əvvəl həyat yoldaşım və baldızlarım DNT analizləri vermişdilər. Beləliklə, sentyabrın 20-i sümüklərinə baxış keçirildi və tabutda bizə təhvil verildi. Onu Sumqayıt Şəhidlər xiyabanında dəfn etdik. Onun hansı şəraitdə öldürüldüyünü bilmirik. Onlar Sırxavəndi azad edəcəkdilər. 30 il ərzində kənd işğal altında idi deyə ölüsündən və dirisindən xəbərimiz yox idi.

SEFER.jpeg (136 KB)

Ailədə 4 qardaş, 2 bacı idilər. Atası 1978-ci ildə Ermənistanda rəhmətə getmişdi. Anası isə 2014-cü ildə vəfat edib.
 
Anası şəhərdə gəzərkən harada əsgər görürdüsə, gedib onu qucaqlayırdı. Üzünə baxanda oğlu olmadığını görüb, deyirdi, elə bildim Səfəralıdır. Anası ölüm ayağında olarkən can verə bilmirdi. Sizə həmin günlərdən bir qəribə hadisəni danışacağam. Deməli, qayınanam günlərin bir günü qəfil keçindi. Hamı yığıldı, yas məclisi təşkil etdik, qadın müəyyən vaxtdan sonra ayıldı. Beləcə 3 dəfə öldü, dirildi. Canını tapşıra bilmirdi. Səfəralının şəklini gətirib sinəsinə qoyduq. Dili tutulan qayınanam şəkilə baxıb oğlunu görəndə dil açdı və ağladı. Daha sonra şəkili qucaqlayıb keçindi.
 
32 il ərzində yaramız qaysaqlamışdı. Onun qalıqları tapılanda yaramız yenidən qanadı. Bizim üçün yeni kədərə, yasa çevrildi. 18 yaşında şəhid oldu, 51 yaşında meyiti gəldi. Bir Allah bildi ki, bu illər ərzində ailəliklə nələr çəkdik. O, əsgərlikdən öncə işləyirdi və naharda mənim evimə gəlirdi. Gözümün önündə böyüyən uşaq idi”.
 
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.
 
Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib. Hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb. Onlardan 131-nin eyniləşdirilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilib.
 
Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.
 
Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edir. /Musavat.com/

Избранный
51
1
moderator.az

2Источники