RU

Nazir müavini prezidentin andiçmə mərasimində

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

Bu barədə "Cebheinfo.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Paytaxt Mexiko şəhərində, ölkənin parlament binasında keçirilmiş mərasimin ardınca tədbirdə iştirak edən xüsusi qonaqlarla Prezident Klaudiya Şeynbaum arasında keçirilən görüş zamanı nazir müavini E.Məmmədov iki ölkə arasında müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Həmçinin ölkə rəhbərliyi adından bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dəvəti xüsusi olaraq çatdırıb. Prezident K.Şeynbaum Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunduğuna görə nazir müavininə təşəkkür edib, həmçinin Meksika ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. Mərasimdə iştirak edən Meksikanın yeni Xarici Əlaqələr naziri Xuan Ramon de la Fuente ilə nazir müavini arasında söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə toxunulub.

Səfər çərçivəsində nazir müavini həmçinin Meksika Senatının hazırkı sədri Xerardo Fernandes Noronya ilə, daha sonra isə Meksika Deputatlar Palatasının sədri vəzifəsini icra edən Serxio Karlos Qutyerres Luna ilə görüşüb. Nazir müavini keçmiş münaqişə dövründə Meksika hökumətinin və parlamentinin nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə, həmçinin Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımının tanınmasına görə təşəkkürünü bildirib, post münaqişə dövründə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Səfər çərçivəsində E.Məmmədov həmçinin Panamanın Xarici İşlər naziri Xavyer Martines-Aça Vaskez ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iki ölkə arasında iqtisadi, nəqliyyat, alternativ enerji, humanitar və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edilib, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

"Cebheinfo.az"

Избранный
47
16
cebheinfo.az

10Источники