Gənc artist Nuran yeni layihəsini təqdim edib.
OLAY yazır ki, ifaçı bu dəfə də dinləyicilərinə nostalji hisslər yaşatmaq qərarına gəlib. Belə ki, o, “Çağır məni” hitindən sonra 2000-lərin hitlərindən olan “O bilər, mən bilərəm” mahnısına yeni nəfəs verib.
Elvin Elxanın direktorluğu ilə həyata keçirilən layihə ekranlaşdırılıb. Hacı Nazim Məmmədovla Vüqar Əbdülovun ərsəyə gətirdiyi mahnıya Soltan İbrahimov klip çəkib.
Ekran işinin çəkilişləri həm Şəmkir rayonunda, həm də Bakıda baş tutub. Klipdə ifaçının tərəf müqabili model Şükufə Zeynalova olub.
Nuranın vokal müəllimliyini müğənni Elçin Cəfərov öhdəsinə götürüb. Mahnının yeni tərzdə aranjimanı isə Dahinə (Nihad Məlikov) həvalə olunub.
Hər zaman tərzi ilə diqqət çəkən sənətçinin klipdəki stili üzərində Sərvər Mehtiyev çalışıb. Nuran yeni layihəsi haqqında danışarkən bildirib ki, dinləyicilərinin bu ifasını da sevəcəklərinə inanır:
“Çalışıram ki, keçmişdə sevilən mahnılarımızı yenidən gündəmə gətirim. Çünki daha əvvəlki layihəmdən sonra anladım ki, bu tərzdə keyfiyyətli işlərdən xəbərsiz neçə-neçə gənc var. Beləliklə mənim üçün küncdə-bucaqda qalıb unudulmağa üz tutan mahnıları “Z” nəslinə tanıtmaq bir vəzifəyə çevrildi. Ümid edirəm ki, bəyənəcəksiniz”.
Xatırladaq ki, sözügedən mahnının ilk ifaçısı müğənni Rəqsanə İsmayılova olub.