RU

"Ermənistana rəğmən, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı baş tutacaq" - ŞƏRH

“Bu gün Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərindən biri azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışını təmin etməkdir”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

O qeyd edib ki, Azərbaycan bunu diplomatik yolla həll etməkdə maraqlıdır:

 

“Hazırda rəsmi Bakının ortaya qoyduğu bütün səylər məhz bu məqsədə hesablanıb. Ermənistan bütün imkanları ilə qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşmasına mane olmaq istəyir. Bu məsələdə rəsmi İrəvanın havadarlarının da rolu az deyil. Ümumiyyətlə, rəsmi Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı məsələ heç bir halda ərazi iddiası kimi qəbul edilməməlidir. Çünki Zəngəzur, Göyçə, İrəvan tarixi Azərbaycan torpaqlarıdır.  Bunu isbatlayan tarixi sənədlər də var”.

 

Şərhçi bildirdi ki, rəsmi İrəvan ermənilərin Qarabağa qayıdışı ilə azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini eyniləşdirmək istəyir:

 

“Bunlar müqayisəedilməz məsələlərdir. Nəzərə almaq lazımdır ki, azərbaycanlılar tarixən Göyçə, Zəngəzur və İrəvanda yaşayıblar, ermənilər isə Qarabağa sonradan köçüblər. Üstəgəl, rəsmi Bakı ermənilərin Qarabağda yaşamasına etiraz etmir. Azərbaycan bildirir ki, bunun üçün yeganə şərt ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələridir. Bundan sonra ermənilər rahatlıqla Qarabağda yaşaya bilərlər. Hətta Azərbaycan onların təhlükəsizliyinə təminat da verir”.

 

K.Novruzov qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış qaçılmazdır:

 

“Bu məsələ mütləq, gec-tez həllini tapacaq. Perspektivdə Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıdışına şərait yaradacaq. Bu isə bir daha onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün xüsusi strateji əhəmiyyətli məsələdir”.

 

Xatırladaq ki, Qərbi Azərbaycan İcması (QAİ) oktyabrın 2-də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı bəyanat yayıb. Bəyanatda Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsi və irqçi fikirlər səsləndirməsi qətiyyətlə pislənilib.

 

Günay Rəsulqızı

Избранный
6
sfera.az

1Источники