Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin torpaqlarımızın azad olunduğu tarixləri məhz həmin ərazilərdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə qeyd etməsi artıq ənənə halını alıb. Cəbrayıl Şəhəri Günü ərəfəsində dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonuna növbəti səfəri hər birimizdə böyük qürur hissi yaratdı. Artıq Cəbrayıl sentyabrın 26-dan mərhələ-mərhələ sakinlərinə qovuşur. İlk köç karvanı məhz sentyabrın 26-da yola salınmışdı. Dövlət başçısı İlham Əliyevin 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə səsləndirdiyi "Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə "Cəbrayıla xoş gəlmisiniz" demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə "Xoş gəlmisiniz, cənab Prezident" deyəcəklər" fikirlərini və onun özündə ehtiva etdiyi arzunu yada salmaq istərdik. Bu gün Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri artıq həmin arzunun 3 ildən sonra reallığa çevrildiyinin təsdiqi oldu. Cəbrayıllılar bu məkanda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, Cəbrayılın azad olunması 2016-cı ildən başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Qeyd edim ki, 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu və bu, önəmli qələbəmiz idi. Strateji yüksəkliklər işğalçılardan təmizləndikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.
Milli Məclisin deputatı bildirib ki, Cəbrayıl rayonunun və kəndlərinin ilk olaraq işğaldan azad edilməsi rəşadətli ordumuzun növbəti zəfərlərinə stimul oldu. Addım-addım irəliyə doğru irəliləyən Silahlı Qüvvələrimiz bu gün hər birimizin qürur duyduğu şanlı Zəfərin yaşanmasına gətirib çıxardı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar və Şərqi zəngəzurlular artıq bu cənnət məkana qayıdırlar. Qayıdış məkanlarının say tərkibinin genişlənməsi ölkəmizin malik olduğu imkanların təqdimatı ilə yanaşı, bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olmasının dünyaya təqdimatıdır.
Vüqar Rəhimzadə qeyd edib ki, bu, dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonuna sayca 10-cu səfəridir. Hər bir səfər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Atılan hər bir addım soydaşlarımızın burada rahat yaşayışının təmin edilməsinə xidmət edir. Ümumilikdə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Təkcə dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonuna bir səfəri çərçivəsində görülən işlərə diqqət yetirməklə işğaldan azad edilmiş bütün ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri barədə aydın təsəvvür yaratmaq mümkündür. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, cənnət məkana çevrilir. Tezliklə bu ərazilərimiz böyük investisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.