RU

Fernandu Santuş: “Futbolçularıma güvənirəm”

AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.
Konfransda UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunların heyətini açıqlayan portuqaliyalı mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb.
O, qarşıdakı oyunlarda uğurlu nəticə qazanacaqlarına inandığını bildirib: “Slovakiya ilə yenidən qarşılaşacağıq. Rəqib zəif deyil. Ancaq futbolçularıma güvənirəm. Onların daha yaxşısını bacaracaq gücdə olduqlarını bilirəm. Hər oyunda qələbə qazanmaq istəyirik, meydançaya bunun üçün çıxırıq. Komanda kimi fikirləşmək, topla daha aqressiv davranmaq lazımdır. Nələri dəyişmək, hansı addımları atmaq lazım olduğunu bilirik. Bunu bir oyun yox, gələcək üçün etmək istəyirik. Futbolçularımızın çox həvəsli olduqlarını gördüm. Bu qaydada davam etməliyik. İstəyimizə çatacağımıza inanıram”.
Baş məşqçi bütün futbolçuları diqqətdə saxladıqlarını sözlərinə əlavə edib: “Heç kim düşünə bilməz ki, əsas heyətdəki yeri hazırdır. Futbolçular Azərbaycan millisinə xidmət etmək barədə düşünməlidirlər. Kimin oynayıb, kimin ehtiyatda qalacağına məşqçi qərar verir. Milli komandaya oyunçu seçimi yalnız mənə məxsusdur. Mən və köməkçilərim Azərbaycan çempionatının, demək olar ki, bütün oyunlarını izləyirik. Ölkə xaricində çıxış edənləri isə televiziya vasitəsilə diqqətdə saxlayırıq. Milliyə kiminsə dostudur deyə heç kim cəlb olunmur. Mənim telefonum bağlıdır. Həmişə bu tərzdə işləmişəm. Bu, mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiniz ki, seçimlərimə kənar müdaxilə yoxdur, bu, mümkün deyil”.
Qeyd edək ki, Azərbaycan milli komandası oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.
 
Избранный
87
affa.az

1Источники