RU

Gənc müəllim: Bizim işimiz şagirdə istiqamət verməkdir

Gənc

Bakı, 5 oktyabr, Aysel Azad, AZƏRTAC

UNESCO-nun qərarı ilə 1966-cı ildən oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

AZƏRTAC-ın müxbiri müəllimlərin peşə bayramı münasibətilə Goranboy rayon Məşədiqaralar kənd E.Verdiyev adına tam orta məktəbdə tarix fənnini tədris edən Fuad Zülfüqarovla söhbətləşib.

Fuad Zülfüqarov 2016-cı ildə Kəlbəcər rayon 102 nömrəli tam orta məktəbdən məzun olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsində tarix müəllimliyi ixtisası üzrə alıb.

Ali məktəbə hazırlıq dövrünü müəyyən çətinliklə keçən müsahibimiz deyir ki, sevdiyi peşəyə – müəllimliyə çatmaq yaşadığı sıxıntıları ona unutdurub. Fuad Zülfüqarov müəllimlərin işə qəbulu imtahanında 87.5 bal toplayıb. Deyir ki, çalışdığı məktəbdə ilk gündən rəhbərliyin, kollektivin dəstəyi onu daha da həvəsləndirib: “Müəllim olmaq məsuliyyətli işdir. Gündəlik həyatımda öyrənmək və öyrətməyi hobbi halına gətirmişdim və bu hobbimi peşəyə çevirmək mənim üçün mükəmməl bir seçim oldu. Azərbaycanın gələcəyi üçün sağlam düşüncəli gənclər yetişdirmək kimi bir məsuliyyəti üzərimə götürməyə hazır olduqda, artıq “Mən müəllim ola bilərəm” dedim”.

Müsahibimiz deyir ki, bu günədək yaddaşında pis iz qoyan müəllim olmayıb. Fuad Zülfüqarov öz müəlliminin onda qoyduğu xoş təəssüratlara görə məhz bu ixtisası seçib.

Gənc müəllim repetitorluğa qarşıdır. Onun fikrincə, repetitor yanına gedən şagirdlər müəyyən bir qrup seçirlər və ancaq həmin qrupun fənlərinə maraq göstərirlər, digər fənləri diqqətdən kənarda saxlayırlar: “Müəllimlər hər dərsini maraqla, vicdanla tədris edərsə, repetitor fəaliyyətinə ehtiyac olmayacaq”.

Fuad Zülfüqarovun fikrincə, sinfi yaxşı idarə edən müəllim dərsin gedişatına mane olan halların qarşısını rahatlıqla alır: “Hər bir şagird deyib-gülmək, əylənmək istəyir. Şagirdlərimlə onların temperament tiplərinə uyğun ünsiyyət qururam. Şagirdyönümlü dərslə və müxtəlif əyləncəli yarışlarla dərsimə maraq və diqqət oyadıram. Mən şagirdi tənbeh etməyi qəbul etmirəm. Bizim işimiz şagirdə istiqamət verməkdir. Ola bilər ki, şagird yanlış bir hərəkət edər və bu, o yaş dövründə baş verəcək haldır. Belə məqamlarda da şagirdlə fərdi danışıb, empatiya qurub problemi həll edə bilərik”.

Həmsöhbətimiz deyir ki, o, hər bir şagirdə Azərbaycanın gələcəyi kimi baxır: “Yaxşı müəllim olmazdan əvvəl, yaxşı insan olmaq lazımdır. Mən yaxşı insan və yaxşı müəllim olduğumu düşünürəm. Ömrümü müəllimliyə həsr edərək, həyatımı bu müqəddəs peşəyə uyğunlaşdırmağı qarşıma məqsəd qoymuşam. Cəmiyyətimizin gələcəyi bu günün şagirdlərinə əmanətdir. Ümidvaram ki, cəmiyyət üçün faydalı olmağa və layiqli vətəndaş yetişdirməyə davam edərəm”.

Избранный
40
azertag.az

1Источники