“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın sükanı arxasından mümkün istefası haqda sualı cavablayıb.
Arena.az “The Guardian” nəşrinə istinadən, niderlandlı mütəxəssisin bu barədə cavabını təqdim edir:
“Mən belə şeylər – işdən qovulmam haqqında düşünmürəm, çünki bu, mövzu deyil. Biz orada birlikdəyik. Sahiblər, rəhbərlik, komanda, heyət. Mən yeni işçilər də təyin etmişəm”, deyə Ten Haq bildirib.
Vurğulayaq ki, cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Mançester Yunyted”də Erik ten Haqın istefası gündəmdədir.
Daha əvvəl məlum olmuşdu ki, Ten Haqın əvəzlənməsi artıq nəzərdən keçirilir, amma niderlandlı mütəxəssisin taleyi sonrakı oyunlardan – “qırmızı şeytanalar”ın oyun keyfiyyəti və nəticələrindən asılı olacaq.
Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 124 oyuna çıxarıb, 71 qələbə, 18 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.
6 turdan 7 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.