RU

Biz o heykəli 2014-cü ildə ucalda bilərdik – Babəkin heykəlinin bəxti nə vaxt AÇILACAQ?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu günlərdə açılışı olan Aşıq Ələsgərin abidəsi ilə bağlı sosial şəbəkədə aparılan müzakirələr çoxdan unudulmuş bir mövzunu yenidən gündəmə gətirib. Söhbət uzun illərdir paytaxt əhalisinin ucaldılmasını gözlədiyi, Xürrəmilər hərəkatının rəhbəri, ərəb xilafətinə qarşı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə Babəkin heykəlindən gedir.
Qeyd edək ki, 2011-ci sentyabr 6-da Prezident İlham Əliyev Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncamın imzalanmasından 13 il keçsə də, hələ icra olunmayıb.
Xatırladaq ki, o zaman abidənin ucaldılması Xalq rəssamı, heykəltaraş Arif Qazıyevə həvalə olunmuşdu.
O isə 3 il əvvəl vəfat edənədək heykəlin bu gün-sabah qoyulacağı haqda açıqlamalar versə də, gözlənilənlər olmadı.
Qafqazın ən hündür heykəli olacağı deyilən abidənin Babək prospektində yolunu gözləyən postamenti hələ də boşdur. Necə deyərlər, Babəkin bəxti açılmır ki, açılmır.
Kimi məsələnin siyasi səbəb - İran amili, kimi maliyyə, kimi də yaradıcı işdəki çatışmazlıqlar üzündən yubandığını deyib.
Bəs, 13 ildir ki, ucaldılacağı gözlənilən heykəlin aqibəti necə olacaq? Bu il paytaxt sakinləri nəhayət ki, Babəkin heykəlini görə biləcəklərmi?
"Sən evin üçün heykəl düzəltmirsən axı..."
Məsələ ilə bağlı Bizim.media-ya danışan Xalq rəssamı, memar Cəlil Hüseynovun fikrincə, işin yubanmasının səbəbi maliyyə çatışmazlığı ilə bağlı deyil:
"O heykəlin indiyədək qoyulmamasının günahkarı yüz faiz müəllifin özüdür. Rəhmətlik bu işi yubatdı-yubatdı, gətirib bu yerə çıxardı. "Onu istəmirəm", "belə olmasın", deyə-deyə işi soyutdu. Biz o heykəli rahatlıqla 2014-cü ildə ucalda bilərdik. Mən bilirəm ki, orda maliyyə problemi yox idi. O zaman yetərli qədər maliyyə vəsaiti ayrılmışdı. Bir il sonra artıq problemlər yarandı. Hər şey də ondan sonra oldu. Bürüncün də qiyməti artdı, dəmirin də, əməkhaqqı da qalxdı. Hamısı arta-arta gedir".
Müsahibimiz deyir ki, o zaman həmin heykəllə bağlı Ukraynadan mütəxəssis də dəvət etmişdi:
"O vaxt rəhmətlik məni məcbur elədi ki, "yuxarı" ilə danışıb heykəl üçün Ukraynadan böyüdücülər (heykəlin kiçik modelinin böyüdülüb gipsdən hazırlanması ilə məşğul olan mütəxəssislər - red.) gətirim.
Ona görə Ukraynaya getdim. Ən yaxşı böyüdücülərı gətirdim. Onlarla birgə deyə-gülə işlədi. Məndə onların işlədiyi zaman çəkilən videoları da var. Amma onlar işi qurtarandan sonra narazılıq elədi. Ora-bura şikayət elədi ki, ukraynalılar işi pis görüblər. Dedi ki, yox, özümüzünkülər eləsin. Halbuki, mən daha əvvəl bizim iki mütəxəssisimizi təklif eləmişdim, razılaşmamışdı.
Bunu özünə də dedim. Dedi, mən başqalarının sözünə qulaq asıb elə qərar verdim. Mən də dedim, sən evin üçün heykəl düzəltmirsən axı... Bu, ciddi işdir. Bununla bağlı dövlət başçısının sərəncamı var. Nəsə... Deməyim odur, belə kaprizləri vardı.
"Babək" söhbəti məni çox yordu...
Doğrusu, mən onun xasiyyətinə bələd deyildim. Bilsəydim, razılaşmazdım. İş üçün usta çağırırdılar, gəlib işləyirdilər, sonra narazı qalırdılar deyə onu məhkəməyə verirdilər. Mən də məcbur olurdum, onları işə götürən şirkət olaraq bu məsələdən ötrü məhkəməyə gedim. Yəni o işlə bağlı çox əziyyət çəkdim. Heykəl söhbəti məni həddən artıq çox yordu. Axırda da gəldi belə oldu".
Cəlil Hüseynov deyir ki, "Babək"in hazırlanması lap əvvəldən başqa heykəltaraşlara - Akif Əsgərovla Natiq Əliyevə tapşırılacaqdı. Amma Arif müəllim o vaxt Babəkin sərgi üçün balaca heykəlini düzəltmişdi deyə sonradan ona veriblər:
"Bu iş bizim şirkətə həvalə olunanda mən Akif Əsgərovla Natiq Əliyevi dəvət eləmişdim. Hətta o zaman Akif müəllim mənə demədən gedib onunla danışmışdı. Onların emalatxanaları qonşu idi. Hətta o vaxt mən ondan bir az incimişdim ki, mənə demədən təklif edib".
"Başqasına tapşırıla bilər..."
"Biz Nazirlər Kabinetinin rəhbəri Əli müəllimlə az qala bütün Bakını gəzib heykəlin əzəmətli görünməsi üçün yer axtardıq" deyən həmsöhbətimiz bu məsələ ilə bağlı bir neçə il qabaq Bakı Şəhər İcra Hakimiyyətindən işin dayandırıldığı haqda cavab aldığını qeyd edib:
"Səbəb nədir, bilmirəm. Amma mənə dedilər ki, layihəyə yenidən baxılacaq. Belə başa düşdüm ki, iş başqa heykəltəraşa tapşırıla bilər".
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə əlaqə saxlanılıb. İcra Hakimiyyətindən - "biz yalnız heykəlin yerləşdirilməsi ilə məşğuluq. Heykəlin hazırlanması, onun yenidən işlənilməsi məsələsinə Mədəniyyət Nazirliyi baxır", - cavabını veriblər.
Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən isə suallara lakonik olaraq - "belə bir məlumatımız yoxdur", - deyə cavab verilib.
Избранный
126
50
oxu.az

10Источники