RU

Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına çağırış edib

Fransanın Villers-Cotterêts və Paris şəhərlərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü çərçivəsində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələrin olduğu sənədlər qəbul edilib.

Mədəniyyət profilli qurum olan Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə, mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğunu, siyasi alət rolunu oynadığını nümayiş etdirir.

Musavat.com xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun bəyanatında bildirilib.

Qeyd olunub ki, beynəlxalq hüquqa hörmət çərçivəsində dünyada dekolonizasiya prosesinin irəlilədilməsi və (neo) müstəmləkəçiliklə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa hökuməti tərəfindən törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edir.

Bakı Təşəbbüs Qrupu xatırladır ki, Kanakidə (Yeni Kaledoniya) kanak xalqının hüquq və azadlıqlarının Fransa hökuməti tərəfindən kobudcasına pozulmasına etiraz məqsədilə keçirilən dinc etiraz aksiyalarına cavab olaraq 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə şəxs həbs edilib. Aksiyaların 10-a yaxın iştirakçısı siyasi məhbus kimi Fransa metropoliyasının həbsxanalarında təzyiqlərə məruz qalır.

Fransa hökuməti Mao`hi Nui-də (Fransız Polineziyası) azadlıq və yerli adət-ənənələrin səsi olan “Tefana Radio”sunun hər vəchlə bağlanmasına çalışır.

Fransa Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsi qadağan edir.

Fransa hökuməti qeyri-qanuni şəkildə ilhaq etdiyi Qəmərin Mayot adasında Balladur vizası tətbiq edir, Mayotun Qəmərin digər qardaş adaları ilə əlaqə saxlamasının qarşısını alır və bununla da Mayotun yerli xalqının öz mədəniyyətini, dilini və adət-ənənəsini unutmağa və Fransa mədəniyyətinin qaydaları ilə yaşamağa məcbur edir.

- Fransa hökuməti Fransız Qvianası, Martinika və Qvadelupada assimilyasiya siyasətini tətbiq edərək yerli dilləri ikinci plana atır və aborigen uşaqlara yerli tarixi, coğrafiyasını, mədəniyyətini nəzərə almayan Fransanın tədris sistemi üzrə təhsil almağa məcbur edir.

Bu, Fransanın dənizaşırı ərazilərində törətdiyi və bu gün də törətməyə davam etdiyi saysız-hesabsız cinayətlərinin kiçik siyahısıdır.

Fransa keçmiş və indiki müstəmləkələrində məqsədli şəkildə milli kimliyin məhv edilməsi siyasəti yürüdür və təəssüf ki, böyük ölçüdə buna nail olmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına aşağıdakı çağırışları edir:

- Beynəlxalq Frankofoniya Təşkilatının Baş katibi tərəfindən Fransa Hökumətinin bu cinayətlərini pisləyən bəyanatın verilməsi;

- Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü zamanı Fransanın törətdiyi cinayətlərlə əlaqədar xüsusi sessiyanın keçirilməsi;

- Fransanın əsarəti altında qalmağa davam edən ərazilərdə törədilən cinayətlərlə əlaqədar xüsusi araşdırma komissiyasının göndərilməsi; Komissiya tərəfindən tərtib ediləcək hesabatın BMT-nin dekolonizasiya üzrə xüsusi komitəsinə təqdim edilməsi. Bakı Təşəbbüs Qrupu ərazilərə göndəriləcək komissiyanın işinə ekspert dəstəyi verməyə hazırdır.

- Fransa koloniyalarında dövlət orqanlarında, rəsmi yazışmalarda, məhkəmələrdə və s. ictimai yerlərdə fransız dilinin məcburi istifadəsindən imtinaya dair Fransa hökumətinə çağırış etməsi.

Избранный
69
23
musavat.com

10Источники