RU

Məşhur Ebru sənətçisi: Azərbaycanda bu sənətə olan maraq məni çox sevindirdi

Gözlərimizin təbiətdə görməyə öyrəşdiyi rəng harmoniyası, su üzərində rəsm çəkmə sənəti kimi tanınan Ebru ən qədim sənətlərdən biridir. Bu sənət insanın yaradıcılığını inkişaf etdirən, hiss və düşüncələrinin bir növ rəng və naxışla ifadə olunduğu sirli ahəngə malikdir. Rənglərin harmoniyası olan Ebrunun Türküstan bölgəsində yarandığı deyilsə də, bununla bağlı dəqiq məlumat yoxdur. Hətta XII əsrdə Çində, Yaponiyada bu sənətə bənzər işlərin görüldüyü tarixi məlumatlar arasında yer alır.

Ömrünün 51 ilini bu sənətə həsr etmiş məşhur Ebru sənətçisi Hikmət Barutçugil AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olub.

Bakı Beynəlxalq Kitab Sərgisinin qonağı olan Hikmət Barutçugil sərgidə iştirak etməsindən məmnunluğunu ifadə edib, Azərbaycanda Ebru sənətinə marağın onu çox sevindirdiyini bildirib.

İstanbul Dövlət İncəsənət Akademiyasının Ali Məktəbində təhsil aldığı zaman - 1973-cü ildə Ebru sənəti ilə tanış olan Hikmət Barutçugil bu sənətə öz töhfəsini verib. Birinci kursda müəllimi Emin Barının təşviqi ilə o, xəttatlıqla maraqlanıb. Akademiyanın kitabxanasına köhnə yazı nümunələrini araşdırmaq üçün getdiyi zaman kitabların kənarında, bəzilərinin üz qapağında Ebru sənətinin nümunələrini görüb. Belə füsunkar gözəlliyə heyran olan H.Barutçugil bu sənətlə bağlı tədqiqatlar aparmağa başlayıb və özünü təkmilləşdirib.

Hikmət Barutçugil Ebru sənətinə yaranan sevgisinin onu bu haqda kitab yazmağa da təşviq etdiyini bildirərək deyib: "Uzun illər təkbaşıma tədqiqatlar apardıqdan sonra yazdığım kitab ictimaiyyət tərəfindən çox maraqla qarşılandı. Ebru sənəti barədə incəliklərin qeydə alındığı nəşr işıq üzü gördükdən sonra insanlar həmin kitabı oxuyaraq və texnikaları öyrənərək bu sənətlə məşğul olmağa başlayıblar. Türkiyə tarixində, daha dəqiq desək, son beş yüz ildə təqribən beş nəfər özünü bu işə ciddi şəkildə həsr etmişdisə, indi ölkəmizdə bu sənətə çox böyük maraq yaranıb. Minlərlə insan Ebru sənəti ilə məşğuldur. İnsan keçirdiyi hissləri su üzərində rahatlıqla əks etdirir və ortaya bir kağız üzərinə əks olunmuş əsrarəngiz rəsm əsəri çıxır. Bu, həm də mənəvi sənətdir. İnsanın ruhunu oxşayan, düşüncələrini gözəlləşdirən Ebru ən gözəl terapiya növü və heç vaxt təkrarlana bilinməyəcək bir sənətdir. Bir milyon Ebru ərsəyə gətirsəm də, heç biri bir-birinə bənzəmir. Mən bunu həm də barmaq izi kimi ifadə edə bilərəm. Hər bir kəsə məxsus və dünyada ikinci bənzəri olmayan su üzərinə yansıyan izlər...”.

Hikmət Barutçugil Ebru sənətində öz texnikasının olduğunu və bunu "Barut Ebru" adlandırdığını vurğulayıb. Onun sözlərinə görə, Ebru rəssamlıq, musiqi, memarlıq kimi sənətlərin əsas başlanğıc hissəsidir. Belə ki, düzgün üsul və boyadan istifadə etdikdə, ərsəyə gələn əsər valehedici olur.

Sənətkarın bu günə qədər Türkiyədə və ondan kənarda 100-ə yaxın sərgisi təşkil edilib. Hikmət Barutçugilin Ebru sənəti ilə bağlı bir sıra məqalələri və 20-yə yaxın kitabı çap olunub.

X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət edən Hikmət Barutçugil hazırladığı Ebru sənət nümunəsini AZƏRTAC-a hədiyyə edib.

Sonda qonağa AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.

Избранный
51
2
xalqqazeti.az

3Источники