RU

Azərbaycan bazarında saxta mallar: NƏLƏRDİR?

Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən "The Crown" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, iaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan "Absolut Vodka" əmtəə nişanlı iki ədəd 0.5 litrlik və iki ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan "Jack Daniels" əmtəə nişanlı bir ədəd 3.0 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Qeyd edək ki, saxta spirtli işkilərin satışı qadağan olmaqla yanaşı bu içkilər istehlakçıların sağlamlığına da mənfi təsir göstərir. Hətta bir sıra xarici ölkələrdə saxta içkilərin isanların gözünü kor etməsi ilə bağlı faktlar aşkarlanmışdı.

Ölkəmizdə hazırda satışda olan hansı saxta mallar daha çoxdur?

Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Cebheinfo.az”a bildirib ki, əmtəə bazarının spirtli içkilər seqmenti həddindən artıq çirklənmiş bir vəziyyətdədir:

“Ölkədə ən bahalı içkilərin prestijli restoranlarda saxta variantının satılması barədə faktları 5 il öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) təqdim etdim.

Məlum oldu ki, xaricdən gətirilən bahalı spirtli içkilər içildikdən sonra boş şüşələr atılmır, daim “karusel” olur, içinə naməlum mayelər tökülür və ən bahalı restoranlarda çox yüksək qiymətə satılır.

Ovaxt adıçəkilən dövlət qurumu həbslər, ekspertizalar həyata keçirdi. Təəssüf ki, ölkədə problem yenə də yaşanır. Düşünürəm ki, bu kimi məsələlərin həlli adıçəkilən dövlət qurumuna həvalə olunmalıdır ki, onlar daha fəal işlər görə bilərlər.

Saxta içkilər daim Azərbaycanda mövcud olub. Təsadüfi deyil ki, içkilərin istehsalı üçün lazım olan lisenziyalar 2009-cu ildən ləğv olunub. Bu sahədə böyük liberallıq yaradılıb.

O vaxtdan bəri çoxsaylı spirtli içki istehsalçıları meydana çıxıb. Lakin cəmi bir şərab istehsalçısı var. Çünki şərab istehsalı üçün üzümlüklər, infrastruktur lazımdır. Ancaq saxta spirtli içki istehsalı üçün çox da məsrəf lazım deyil. Vəziyyəti düzəltmək üçün Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat institutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyası bir il öncə Baş nazirə müraciət də ediblər, ancaq hələ də cavab yoxdur.

Bazarın bu seqmentində böyük problemlər yaşanır. İstehlakçılar bizə müraciət edirlər. Hamı bilməlidir ki, spirtli içkilər aksiz markası ilə markalanan mallar siyahısındadır. Bəzən biz görürük ki, aksiz markası olmayan, yaxud saxta aksiz markası olan bu cür mallar restoranlarda və digər yerlərdə insanlara təklif olunur.

Vətəndaşlar bildirir ki, araq içiblər, səhəri günü başları ağrıyır. Bu o deməkdir ki, onun tərkibində Aldehidlər (latınca: "alcohol dehydrogenatum", mənası: "Hidrogenini itirmiş spirt) təmizlənməyib.

Yaxud istehlak ediblər, yuxuları gəlir. Bu isə o deməkdir ki, orqanizmə zərərli sivuş yağlarının miqdarı çoxdur, insanları zəhərləyə, kor edə bilər. AQTA-nın apardığı işlər kafi deyil, çünki çox böyük əhatədə bu işləri görmək lazımdır”.

Onun sözlərinə görə ölkədə spirtli içkilərdən əlavə bir sıra saxta mallar da var:

“Bunların sırasında ən çox saxtalaşdırılan məhsul isə sudur. Çünki suyun iyi, dadı, rəngi yoxdur. Təbiətiin möcüzəsidir, ondan istifadə edirlər. Məsələn, xüsusilə də qablaşdırılmış suları göstərmək olar.

Bundan başqa saxta mallar sırasında təzə meyvə və tərəvəzlərdən hazırlanmış şirəli içkilər də yer alır. Həmin şirələrin üzərində “natural” meyvəli içkilər yazılır, lakin onun tərkibində suvar.

Tərkibində o qədər su olan necə “natural” meyvəli içkilər ola bilər”.

Избранный
20
1
turkustan.az

2Источники