RU

Aslan Kərimov Misli Premyer Liqasında ilk dövrənin nəticələrini dəyərləndirib

Aslan

Bakı, 7 oktyabr, AZƏRTAC

“Çempionatın birinci dövrəsində bəzi komandalar yaxşı, bəziləri isə uğursuz çıxışla sürpriz etdilər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov Misli Premyer Liqasında birinci dövrənin nəticələrini dəyərləndirərkən deyib.

52 yaşlı mütəxəssis “Araz-Naxçıvan” və “Turan Tovuz”un turnir cədvəlinin üst pillələrində yer almasının təəccüb doğurduğunu bildirib: “Araz-Naxçıvan” bu mövsüm özünü yaxşı tərəfdən göstərir. Görünür, komandada köklü dəyişikliklər edilib. Maliyyə baxımından müəyyən problemlərin olmasına baxmayaraq, bunları düzəltməyə çalışırlar. Qəbul etmək lazımdır ki, çempionat başlamazdan öncə bu klubun 3-cü pillədə qərarlaşacağını heç kim təxmin edə bilməzdi. “Turan Tovuz” isə yeni yaranan komandadır və yeni baş məşqçi ilə ikinci sıradadır. Sonuncu - IX turda “Zirə”yə 1:0 hesabı ilə qalib gələrək özlərini bir daha sübut etdilər. Digər komandaların hazırkı mövqeyi isə heç də təəccüblü deyil. Çünki keyfiyyətcə bərabər klublardır. “Zirə”, “Qarabağ” və “Sabah” komandalarının çempionatın əvvəlindən ilk sıralarda yer alacaqları da hamıya bəlli idi”.

O, 5 xalla 9-cu pillədə qərarlaşan “Neftçi”nin bu mövsüm yaşadığı uğursuzluğun səbəbinə də aydınlıq gətirib: “Neftçi”nin zəif çıxışı bir çoxumuz üçün sürpriz oldu. Düzdür, çoxdandır komanda daxilində müəyyən problemlər görünürdü. Fikirləşirdik ki, ən pis ehtimalla “Zirə” və ya “Sabah”la başabaş mübarizə aparacaq. Çünki klubun yaxşı büdcəsi var və yay transfer pəncərəsində heyətə yeni legionerlər cəlb etdilər. Fikrimcə, enişin səbəbi yerli oyunçuların heyətdən kənarlaşdırılmasıdır. Bir çox yerli futbolçudan imtina etdilər. Belə olan halda uğursuzluğa düçar olan komandanı yalnız legionerlərlə dirçəltməyə çalışmaq çətin məsələdir. Klubun hazırkı durumunun taktika və ya məşqlə bağlı olduğunu düşünmürəm. Bu, yalnız komanda daxilindəki abu-hava ilə əlaqəlidir. Çünki zəif məşq keçən komandalar belə bu dərəcədə eniş yaşamırlar. Keyfiyyətli oyunçuların varsa, məşqi necə keçməyindən asılı olmayaraq, axırdan 2-ci pillədə olmalı deyilsən. Bir sözlə, “Neftçi”nin problemi az və ya çox məşq keçməklə deyil, komanda ruhunun olmaması ilə bağlıdır. Bu problemi də yalnız yerli futbolçuların yenidən heyətə cəlb olunması ilə həll etmək olar. Bəlkə də qış fasiləsində nələrisə dəyişmək mümkün olacaq. Nə qədər çətin də olsa, qış transfer pəncərəsindən sonra toparlanıb, avrokuboklara vəsiqə uğrunda mübarizə apara bilərlər. Amma ona qədər bu çempionatı da boşa vermiş olacaqlar. Nəyin necə olacağını indidən demək çətindir. Bizi qarşıda uzun marafon gözləyir”.

A.Kərimov 3 xalla sonuncu pillədə qərarlaşan “Kəpəz”in avrokuboklara vəsiqə şansının “Neftçi”dən daha çox olduğunu söyləyib: “Gəncə təmsilçisinin turnir cədvəlində sonuncu olması gözlənilən idi. Bunu klubun büdcəsinin az olması ilə əlaqələndirərdim. Düşünürəm ki, son turda “Neftçi” üzərindəki 4:3 hesablı qələbə onlar üçün dirçəliş oldu. Çünki komandada ard-arda məğlubiyyətlərdən sonra demək olar ki, motivasiya yox idi. Bu qalibiyyət onlara çempionatda daha da irəli getməyə imkan verəcək. Açığı “Kəpəz”in haraya kimi irəliləyəcəyini demək çətindir. Düşünürəm ki, yeni oyunçular transfer edə bilməsələr, bu mövsüm onlar üçün heç də asan keçməyəcək”.

Veteran yarımmüdafiəçinin sözlərinə görə, “Səbail”də stabillik, “Sabah” və “Sumqayıt”da qeyri-sabitlik hiss olunur: “Sabah” bəzən qələbə qazanır, bəzən isə öndə olduğu matçlarda xal itirir. Bu problem də qış fasiləsindən sonra düzələ bilər. Buna baxmayaraq, VIII turda ilk 15 dəqiqədən sonra lider “Qarabağ”a (3:4) qarşı yaxşı oyun nümayiş etdirmişdilər. Bundan başqa, “Sumqayıt” özünə gəlməyə çalışır, “Səbail” isə stabilliyini qoruyub saxlayır. Fikrimcə, bu iki komanda üçün avrokuboklar uğrunda mübarizə aparmaq asan olmayacaq. Büdcə az olanda avrokuboklara vəsiqə qazanmaq və nisbətən güclü rəqiblərin öhdəsindən gəlmək çətin olur. Lakin çempionatı da axırıncı pillədə başa vuracaqlarını düşünmürəm”.

Azərbaycan millisinin sabiq üzvü “Şamaxı”nın bu mövsüm Premyer Liqada qalacağına inandığını vurğulayıb: “Komanda mövsümün başlanğıcından Premyer Liqada qalmağı hədəfləyirdi. Düşünürəm ki, məqsədlərinə çatacaqlar. Bunun üçün kifayət qədər iş görürlər. Komandanı formalaşdırıb, özlərini indidən gələn ilə hazırlayırlar”.

Qeyd edək ki, ilk dövrəni “Qarabağ” (21 xal) birinci, “Turan Tovuz” (18) ikinci, “Araz-Naxçıvan” isə (17) üçüncü pillədə başa vurub.

Избранный
37
azertag.az

1Источники