RU

Şəfəq Mehrəliyeva: Yaxşı müəllimlər olmadan yaxşı alimlər yetişə bilməz - MÜSAHİBƏ

Şəfəq

Stokholm, 8 oktyabr, Nərgiz Cəfərli, АZƏRTAC

İsveçin paytaxtı Stokholm şəhərində 2017-ci ildən bəri hər il keçirilən Nobel Mükafatı Müəllimlər Sammiti keçirilib. Sammitdə dünyanın müxtəlif ölkələrindən olan müəllimlər Nobel Sülh mükafatı laureatları və aparıcı alimlərlə görüşərək təhsil sistemində vacib olan mövzuları müzakirə edirlər. Bu il Nobel Mükafatı Muzeyində keçirilən tədbirdə Azərbaycan da daxil olmaqla, otuzdan çox ölkədən müəllimlər iştirak ediblər. Tədbirdə ölkəmizi ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin müəllimi, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva təmsil edib.

Ş.Mehrəliyeva AZƏRTAC-a müsahibəsində sammitdə müzakirə olunan mövzu haqqında danışıb.

- Nobel mükafatı, əlbəttə ki, dünyada çox tanınan təsisatdır. Nobel Mükafatı Müəllimlər Sammiti isə o qədər də yox. Bizə bu platforma barədə nə deyə bilərsiniz?

-Doğru qeyd edirsiniz. Tanınmış Nobel qardaşlarından Alfred Nobelin vəsiyyəti əsasında yaradılan Nobel mükafatı 1901-ci ildən verilsə də, Nobel Mükafatı Müəllimlər Sammiti platforması cəmi yeddi il əvvəl yaradılıb. Burada səbəb çox sadə və məntiqlidir - yaxşı müəllimlər olmasa, elmə, öyrənməyə həvəs, yeni ixtiralara can atan alimlər də olmayacaq. Ona görə də, Nobel Mükafatı Muzeyi hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə müəllimləri və təhsil idarəçilərini bir araya gətirərək müasir tədrisdə həlli vacib məsələləri ünvanlayır. Xaricdən gələn müəllimlər üçün isə birgünlük sammitlə yanaşı, xüsusi birhəftəlik proqram qurulur. İştirakçılar məktəblərə gedərək dünyanın aparıcı yerlərini tutan İsveç təhsil sistemi ilə tanış olur, İsveç həmkarları ilə müzakirələr aparır, onların təcrübələrini mənimsəyirlər.

-Azərbaycan bu sammitə nə zamandan qatılır?

-Azərbaycan sammitdə artıq üçüncü dəfədir ki, iştirak edir. 2022-ci ildə ADA Universiteti burada İsveçin Bakıdakı səfirliyinin dəstəyi ilə iştirak etdi. Növbəti ildə nümayəndə heyəti Azərbaycan Dillər Universitetindəki Skandinaviya Mərkəzindəki həmkarlarımızdan ibarət idi. Bu il iştirak edən yenə də ADA Universitetidir. Qeyd etmək istəyirəm ki, burada maraq doğuran sadəcə iştirak yox, mövzu seçimidir. 2017-ci ildən bəri sammitin mərkəzində olan mövzulara baxsanız, onlar “posthəqiqət” adlandırdığımız dövrdə nəyin elm olduğu, nəyin olmadığını araşdıran sahələrə baxır. O cümlədən saxta xəbərlərlə dolu mühitdə faktlara əsaslanan məlumatların tapılması, iqlim dəyişikliyi, dayanıqlılıq, miqrasiya kimi mövzuların şagirdlər tərəfindən düzgün anlaşılması və s. Yəni bunlar hər bir müəllimin sıx əlaqədə olan dünyada gənclərə öyrətmək istədikləridir. Onları hansı ən son elmi araşdırmalar əsasında, sinif otağında hansı alətləri istifadə etməklə həyat keçirməliyik? Sammit bu kimi mövzuları diqqətdə saxlayır.

-Builki sammitin maraqlı mövzusu var idi - “Beyini nəzərə alarkən”. Müzakirələriniz nəyin ətrafında qurulurdu?

-Sirr deyil ki, yeni texnologiyaların inkişafı neyroaraşdırmalar üçün kifayət qədər yeni imkanlar açmışdır. Bəlkə də, insan fiziologiyasına dair son onilliklər ən çox öyrəndiyimiz məhz insan beyninə aiddir. Müəllimlərin sinif otağında işlədiyi məhz bu orqandır və nəzərə alaraq ki, bizim şagirdlər və tələbələr sinif otağına gələndə onların beyni hələ inkişaf etməkdə olan mərhələdədir, onu düzgün anlamaq və onunla işləmək bacarığı olduqca vacibdir.

Budəfəki sammit beyinlə öyrənmə təcrübəsi arasında əlaqələrə baxırdı. Müzakirələrimzin xülasəsini ifadə edə bilsəm, deyərdim ki, gənclərin emosiyaları ilə onların öyrənmə sürəti və təcrübəsi arasında bilavasitə əlaqə var. Bundan əlavə, yaradıcı qabiliyyət və ya tədrisə maraq anadangəlmə cəhətlər deyil. Onları sinif otağında düzgün alətlərlə təşviq etmək olar. Əlbəttə ki, Nobel Mükafatı Müəllimlər Sammitinin orijinal missiyasına qayıdaraqdeyə bilərik ki, müəllimlər bu mühiti nə qədər çox təşviq etsə, bir o qədər elm inkişaf edəcək, yeni ixtiralar ortaya qoyan alimlərin sayı artacaq. Mənim müşahidələrimə görə, İsveç məktəblərində şagird və tələbələrin müstəqil araşdırmasına daha çox yer verilir. Bununla, onlar materialı tək əzbərləmirlər, həm də emal edirlər və daha yaxşı qavrayırlar. Yeri gəlmişkən, Bakıda həyata keçirdiyim digər bir vəzifə - “Ədibin Evi”nin direkotru olaraq Stokholm İqtisadiyyat Məktəbinin prezidenti Lars Stranneqardın çıxışı diqqətimi xüsusi cəlb etdi. O bildirirdi ki, sahəsi və ixtisasından asılı olmayaraq gənclərin tədris prosesinə bədii ədəbiyyatın qatılması konkret faydalar verir - onların azad düşüncə tərzi, sorğulama qabiliyyəti, empatiya və mədəni savadlılığını artırır və xoşbəxtlik hissinin çoxalmasına gətirib çıxarır.

-İsveçə budəfəki akademik səfərinizdən gözləntiləriniz nədir?

-Mən Skandinaviyanın ən qədim universiteti-Uppsala Universitetində akademik mübadilədə iştirak edirəm. Kommunikasiya və media müəllimi kimi məni maraqlandıran, bu sahənin tədrisində yeniliklər, proqramların qurulması, fənnlərin tədris edilməsi kimi məsələlərdir. Amma kommunikasiyanın ölkənin hər bir sahəsinə şamil edildiyi və səmərəli olduğu təqdirdə hər şeyin keyfiyyətinin dəyişdiyini nəzərə alraq, İsveçin ümumi məlumat məkanını və havasını izləmək mənim üçün olduqca maraqlıdır. Yəqin ki tanınmış etnoqraf Tor Heyerdahlın vikinqlərin əcdadlarının Qobustan ərazisindən gəlməsi fərziyyəsini eşitmisiniz. Yerli həmkarlarımla zarafatla bir-birimizi “uzaq qohum” adlandırsaq da, kökləri eyni olan bəşəriyyətin daha sonra kulturoloji fərqlərinin yaranma səbəbini araşdırmaq maraqlıdır. Bundan əlavə, Nobel irsi və Nobel mükafatının təsis olunmasında Azərbaycan irsi ilə bağlı müzakirələr aparmaq maraqlıdır. Bir çox isveçli bunu xoş təəccüblə qarşılayır. Bu, şəxsən mənə xatırladır ki, maarif prosesinin gətirdiyi dəyişikliklər həmişə müsbət və dayanıqlıdır.

 

Избранный
34
azertag.az

1Источники