RU

Ekoloji fəlakətdən “yaşıl” transformasiyaya körpü

əvvəli https://xalqqazeti.az/az/ekologiya/196677-ekoloji-felaketden-yasil-transformasiyaya-korpu

COP29-a yol haradan başlayır?

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı qırılma xətti də müasir iqlim gündəmində ən kəskin ziddiyyətlərdən birinə çevrilib. Bu xətt daxilində hər birinin özünəməxsusluğu olan bir neçə istiqaməti ayrı-ayrı vurğulamaq lazım gəlir.

Birincisi, inkişaf etməkdə olan ölkələr və onların vətəndaşları əksər hallarda inkişaf etmiş ölkələrlə müqayisədə iqlim dəyişikliyinin nəticələrindən daha çox əziyyət çəkirlər. Bu, qismən onların coğrafi yerləşməsi ilə, əsasən, aşağı enliklərdə məskunlaşmaları ilə əlaqədardır. Burada bəzi yerlərdə orta temperaturun yüksəlməsi həyat şəraitini yararsız edir və kritik resurslar (suya çıxış, əkin sahələri və s.) uğrunda mübarizəni gücləndirir. Məhz bu səbəbdən iqlim dəyişikliyi ənənəvi olaraq silahlı münaqişə riskini artıran amil hesab edilir.

Anomal təbii hadisələrin və fəlakətlərin tezliyi və miqyasının artması ilə aşağı gəlirli ölkələr onların nəticələrinin aradan qaldırılmasının öhdəsindən daha çətin gəlir və vətəndaşlarının gündəlik həyatı Şimal ölkələrinə nisbətən daha çox təsirə məruz qalır: qasırğa bütöv bir qəsəbənin taxta evlərini və məhsulunu məhv edir, lakin böyük bir şəhərdə çoxmənzilli beton binaya və internetə daha az ziyan vurur. Əgər fəlakət baş verərsə, o zaman inkişaf etmiş bir dövlətin hakimiyyət orqanları zərəri minimuma endirmək üçün lazımi vəsaiti yönəldə biləcəklər, lakin iqtisadi cəhətdən zəif dövlətlər çox vaxt belə imkanlara malik deyillər və bu səbəbdən əhalinin yoxsul təbəqələri daha da kasıblaşa bilər.

İkincisi, iqlim dəyişikliyinə görə, tarixi məsuliyyət baxımından inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr əsaslı şəkildə fərqlənirlər. Hesablamalara görə, tarix boyu toplanmış CO2 emissiyalarının 25 faizinə ABŞ, 22 faizinə Avropa İttifaqı (Böyük Britaniya ilə), 12,7 faizinə (son 30 ildə emissiyaların sürətli artımı səbəbindən) Çin məsuliyyət daşıyırlar. Ancaq havaya böyük emissiya buraxan bir çox müasir ölkələr, məsələn, Rusiya, Hindistan və Braziliya atmosferdə CO2 emissiyalarının toplanması üçün əhəmiyyətli dərəcədə daha az tarixi məsuliyyət daşıyırlar. Çünki onların havaya CO2 tullantıları müvafiq olaraq 6 faiz, 3 faiz və 0,9 faiz təşkil edir. Eyni zamanda, 2000–2019-cu illərdə ABŞ-də istixana qazı emissiyaları 11,5 faiz, Avropa İttifaqında 18,5 faiz azaldığı halda, Çində 178 faiz, Hindistanda 100 faiz, Vyetnamda 234 faiz, Cənubi Afrikada 48,5 faiz, İndoneziyada 50 faiz artıb. Ümumilikdə, aşağı və orta gəlirli ölkələrdə bu müddət ərzində istixana qazı emissiyaları 85 faiz çoxalıb, yüksək gəlirli ölkələrdə isə 5 faiz azalıb.

Beləliklə, tarixən böyük emissiyalar əsasən, inkişaf etmiş iqtisadiyyatlar tərəfindən atılırdısa, yeni minillikdə vəziyyət dəyişdi. Qlobal iqlim siyasətində əsas problemlərdən birinin kökü də budur. İnkişaf etməkdə olan ölkələr məsuliyyət daşımadıqları iqlim dəyişikliyi nəticəsində dəymiş ziyanı kompensasiya etmək və “yaşıl” transformasiyanı maliyyələşdirmək üçün inkişaf etmiş ölkələrdən ödənişlər tələb edirlər. İnkişaf etmiş ölkələr, öz növbəsində, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə daha çox iştirak etmələrinin zəruriliyini vurğulayırlar. Çünki onlar, həqiqətən, planetə keçmiş zərərin əsas səbəbkarları olsalar da, qlobal iqlim dəyişikliyinin gələcəyinin inkişaf etməkdə olan ölkələrin hərəkətlərindən asılı olduğunu aydın görürlər.

Lakin anlamaq lazımdır ki, bu qarşıdurmada heç bir tərəfin aşkar üstünlüyü yoxdur. İnkişaf etmiş ölkələr beynəlxalq təşkilatlarda və qlobal səviyyədə qərar qəbuletmə sistemlərində ənənəvi üstünlükdən, eləcə də iqtisadi güc baxımından udurlar. İnkişaf etməkdə olan ölkələr mübahisə etmək çətin olan iqlim ədaləti diskursunu öz tərəflərinə çəkirlər.

İnkişaf etməkdə olan ölkələrdə tullantıları (ton hesabı ilə) azaltmağın daha ucuz olması da əsaslı şəkildə vacibdir. Lakin orada “yaşıl” investisiyalar üçün mövcud kapital yoxdur. İnkişaf etmiş ölkələrdə, əksinə, “yaşıl” kapital var, ancaq emissiyaları azaltmaq üçün səylər baha başa gəlir. Planetar nöqteyi-nəzərdən inkişaf etmiş ölkələrin maliyyə resurslarının inkişaf etməkdə olan ölkələrdə yerləşən aşağı xərcli emissiyaların azaldılması layihələrinə yönəldilməsi optimal olardı, lakin siyasi baxımdan bu, mümkün görünmür.

2022-ci ildə Şarm əş-Şeyxdə BMT-nin İqlim Dəyişikliyi ilə bağlı tərəflərin 27-ci konfransında İtkilər və Zərərlər Fondunun yaradılması haqqında qərar qəbul edilib və bu fonddan iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan dövlətlərə vəsaitlər ayrılacağı nəzərdə tutulub. Lakin təqdim olunan vəsaitin həcmi, donor və resipiyentlərin dairəsi hələ də müəyyənləşdirilməyib. Skeptiklər qeyd edirlər ki, Parisdə, hətta inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə dəstək üçün ayırmağa söz verdikləri ildə 100 milyard dolları belə səfərbər etmək hələlik mümkün olmayıb. Ən böyük vəzifə təkcə daha yoxsul ölkələrə dəymiş ziyanı qismən kompensasiya etmək deyil, bu gün qlobal emissiyaların dinamikasını müəyyənləşdirən inkişaf etməkdə olan aparıcı ölkələrdə dekarbonizasiyanı dəstəkləmək üçün daha çox vəsait toplamaqdır. Bəşəriyyət hələ də bu problemi həll etməkdən uzaqdır.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı ziddiyyətlər bəzən iqlim dəyişikliyi ilə davamlı inkişafın digər problemləri arasında yaranan boşluqdan irəli gəlir. Ayrı-ayrı hallarda bir problemin həlli digərlərini ağırlaşdırır. Beləliklə, iqtisadi artım, yoxsulluğun aradan qaldırılması və yoxsul ölkələrdə insanların ucuz enerjiyə çıxışı bəzən mədən yanacaqlarından istifadənin artırılmasını tələb edir ki, bu da istixana qazları emissiyalarının azaldılması məqsədlərinə ziddir.

Bundan əlavə, 2019-cu ildə daha az inkişaf etmiş ölkələr qlobal istixana qazı emissiyalarının 3,5 faizdən azına cavabdeh idilər. Onlara karbonsuzlaşdırmaya görə kömək etmək, gələcək emissiyaların qarşısının alınmasına sərmayə qoymaq vacib sayılır. Bütün digər kateqoriyalı dövlətləri məntiqinə görə, gələcək emissiyalar qlobal iqlim üçün təhlükəli miqyasda o zaman mövcud olacaq ki, bu dövlətlərin sürətləndirilmiş iqtisadi artım üçün stimulları olsun. Bu baxımdan, iqlim problemləri ilə əlaqəli ən az inkişaf etmiş ölkələrə beynəlxalq yardımın inkişaf edə biləcəyi 3 ssenari mümkün görünür.

Ən pessimist ssenaridə yardım, təxminən, cari miqyasda mövcuddur, ancaq bu, sürətli böyümə çarxını işə salmaq üçün kifayət deyil. Belə bir ssenaridə bu ölkələr qlobal orta temperaturun artmasına heç nə vermirlər, çünki onlar sosial-iqtisadi inkişaf baxımından pis vəziyyətdə qalırlar, bir çoxları silahlı münaqişələrə qoşulmaqda davam edir və əhalinin əhəmiyyətli bir hissəsində baza resursları (təmiz içməli su, qida və elektrik enerjisi) yoxdur. Belə bir vəziyyətdə təbii ki, insan hüquqlarının pozulması və ətraf mühitin nəzarətsiz istismarı davam edir.

Daha real ssenari inkişaf etmiş dövlətlərdən az inkişaf etmiş ölkələrə yardımın artırılmasını nəzərdə tutur, lakin bu, onların sənaye dövründə inkişaf etmiş və 2010–2020-ci illərdə inkişaf edən iqtisadiyyatlarla eyni inkişaf yolu ilə getməsinə gətirib çıxarır: sürətli iqtisadi artım istixana qaz emissiyalarının müvafiq artımı ilə müşayiət olunur və bu da qlobal iqlimə son dərəcə mənfi təsir göstərir. Bu ssenari o halda mümkündür ki, inkişaf etmiş iqtisadiyyatlar aşağı karbonlu inkişaf texnologiyaları ilə deyil, maliyyəni bölüşməyə hazır olsunlar. Daha az inkişaf etmiş ölkələrə isə karbon tutumlu sənayelər və ən ucuz mədən yanacaqları vasitəsilə böyümək daha sərfəli olar.

Nəhayət, optimist ssenari “yaşıl” transformasiyanın uğurla həyata keçirilməsi üçün zəruri olan həm maliyyə, həm də texnologiyanın ən az inkişaf etmiş iqtisadiyyatlara transferini nəzərdə tutur. Lakin indiki reallıqlarda onun həyata keçirilməsi ehtimalı çox azdır.

(ardı var)

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Избранный
14
xalqqazeti.az

1Источники