RU

"Niyə sualını verməyən uşağın beyni inkişaf etmir" — Uşaqlar niyə gec danışır?

Son vaxtlar oğlan uşaqları arasında nitqin ləngiməsi müşahidə olunur. Valideynlər oğlan uşaqlarının gec danışmasından narahat olurlar. Müşahidələr də onu göstərir ki, qız uşaqları ilə müqayisədə 4-5 yaşına çatmış oğlan uşaqları daha passiv, hərəkətsiz olur, gec danışır və ya az danışır, böyüklərlə ünsiyyətdən çəkinirlər. Eyni yaşda bu hallar qız uşaqlarında daha az görülür.

Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, uşaqların danışmaq yaşı 2 yaşdır: 

“2 yaşını tamamlayan uşaq artıq cümlə qurub danışmalıdır. Bu yaşda uşağın artıq söz balansı formalaşır. Leksikonunda 1500-ə yaxın söz olur. Sözlərin hamısını işlətməsə də bilir və onun passiv lüğətində qalır. Aktiv lüğət isə odur ki, uşaq müəyyən sözləri həm bilir, həm də deyir. 1 yaşında uşaq təxminən 10 söz bilir, bədən üzvlərinin adlarını bilir, “salam”, “sağ ol”, deyir. 2 yaşında uşaq artıq iki sözdən ibarət cümlələr qurur. Bəzən baxırıq ki, 4-5 yaşlı uşaqlar danışmır, amma valideyni uşağı həkimə aparmır. Dediyi də bu olur ki, nənəsi deyir ki, atası da gec danışıb”. 

G.Orucovanın sözlərinə görə gec danışmaq irsi xüsusiyyət deyil: 

“Atası gec danışıbsa, uşaq da gec danışmalı deyil. Uşaq gec danışırsa, psixoterapevtə, nevroloqa, həkimə, loqopedə müraciət edilməlidir. Uşaqların gec danışmasının bir neçə səbəbi var. Ananın diqqətsizliyi, uşağına laqeyd yanaşması, uşağın həddindən artıq çox telefon və planşetdən istifadə etməsi və şirin qidaları çox yeməsi başlıca səbəblərdir. Bundan başqa uşaq ana bətnindəykən və ya doğum zamanı, doğumdan sonra travma ala bilər. Hipoksiya, oksigen çatışmazlığı nəticəsində uşağın nitqində ləngimələr ola bilər. Bundan başqa, uşaq hər hansı sindromla da doğula bilər. Bunu da təyin etmək olur”. 

Psixoloq uşağın inkişafını izləməyin vacib olduğunu söyləyib:

“Bəzən uşaqlarda psixi inkişaf ləngiməsi (PİL) olur. Valideyn düşünür ki, gec-tez danışacaq, bəli, amma burada bir nüasn var. PİL müşahidə edilən uşaqlar daha gec danışır. Uşaq 1 yaş 6 aylığından etibarən başlayır sual verməyə, ruslar buna “poçemuçka” deyirlər. Tez-tez “niyə” sualını verir. Hər şeyin səbəbini soruşmaq uşağın beynini inkişaf etdirir. “Niyə” sualını verməyən uşağın beyni inkişaf etmir, danışığı ləngiyir. Ona görə də 2 yaşını tamamlayıb amma danışmayan uşağı mütləq həkimə aparmaq lazımdır. Daha sonra həkim məsləhət bilsə, nevroloqa, loqopedə, psixoloqa müraciət etmək olar. Bəzən valideyn uşağı yalnız loqopedə aparır ki, masaj eləsin. 3 yaşını qədər artikulyar aparat, yəni ağız aparatı tam inkişaf etmir. 3 yaşdan öncə uşaqlara loqopedik masaj etmək olmaz”.

Törə Zeynallı
Demokrat.az
Избранный
14
demokrat.az

1Источники