RU

Bəlkə, bəlkə, bəlkə... -FELYETON

Hərdən işıqforun altında tək-tənha dayanıram. Elə bu səbəbdən də düşünməyə vaxt çox olur. Əksər adam ötür, keçir, qaçır, maşınların arasından ilan kimi sürünüb o başa çatır. Maşınlar da sağ olsunlar, düz keçid xəttinin üzərində dayanır. Sanki burada dayanmaq qadağan deyilmiş kimi...

Lap tək qalanda isə, düzü, bir az xəcalət də çəkirəm. Düşünürəm ki, kənardan baxanlar birdən məni anormal hesab edər. Deyərlər ki, bunun başı xarab olub görəsən, bir neçə dəqiqədir ki, durub burada yaşıl işığı gözləyir. Ona görə də başımı aşağı salıram ki, heç kimin mənə rişxəndlə baxdığını da görməyim.

Hələ o gün lap utandım. İşıqforda dayanmışam. Beş-altı gənc qız da yaxınlaşdı. Bir az durdular orada. Onlardan biri:

-Ay qızlar, niyə dayanmısınız, maşın yoxdur ki, keçin də.

Qızlar da düşdü onun ardınca, getdilər. Hələ arada dönüb mənə də baxdılar. Sanki demək istədilər ki, başın xarab olub, niyə dalımızca gəlmirsən?..

Mən də gözlədim, yaşıl işıq yandı, sonra keçdim. Keçmək deyəndə də, yaşılda elə bilirsiniz yol bizim olur? Yolumuzu tutan maşınların arasından ora-bura vurnuxmaqdan adamın başı gicəllənir. Lakin di gəl, gör, maşının sürücüsünün bu, vecinədir ki, axı mən bu adamın yolunu niyə kəsmişəm? Üstəlik musiqiyə də o qədər səs verirlər ki, yaxınlaşdıqca, deyirsən bəlkə bu dəqiqə üzərinə top atılacaq.

Nə etməli, bizim şəhərdə işıqfor mədəniyyəti belədir də. Bir gün deyil, iki gün deyil, gərək öyrəşəsən, əlac yoxdur.

Bir də, bu işıqfor məsələsi bir az da fərasət istəyir. Bir də baxırsan ki, camaat qırmızı işıqda kütləvi şəkildə yolun ortasındadır, o tərəfdən də maşınlar elə sürətlə gəlir, deyirsən bəlkə işıq sürətidir. Belə olanda ağ xətt üzərində bir qaçaqaç düşür, gəl, görəsən. Maşınlar siqnallayır. Kənardan qulaq verən olsa, deyər bəlkə toydur, gəlin köçür.

Lakin nə toy, nə gəlin. Təzə xəbərdir niyə? Bu şəhərdə hər saniyə toydur, yollardan hər an gəlin karvanı keçir. Maşınlar siqnallayır, ağız deyəni qulaq eşitmir, camaat bir-birinə qarışır, ora-bura qaçır. Baxdıqca düşünürsən ki, vallah, bu sürücüləri də, işıqfora məhkum olunan insanları da Allah qoruyur. İlahi bir qoruma olmasa, hər gün neçə-neçə maşın neçə-neçə insanın sonu ola bilər.

Bəzən də düşünməli olursan ki, indi ki bu işıqforlara məhəl qoyan yoxdur, onlar nə üçün saxlanılır? Lakin tezcə də bu fikirdən vaz keçirsən. Çünki işıqforlar yol hərəkəti qaydalarına müvafiq olaraq yerində olmalıdır. Bəlkə nə vaxtsa ya bizim uşaqlar, ya uşaqlarımızın uşaqları, onlar da olmasa, onların uşaqları bu işıqfora riayət edərlər. Sürücülər işıqforun xətti üzərində dayanıb yolu keçilməz etməzlər. Bəlkə nə vaxtsa bu şəhərin bəzi insanları işıqfor haqında müəyyən biliyə sahib olar, o qızlar kimi “maşın yoxdur, keçin də” deməz, işıqforda təkcə dayanan adamı başı xarab hesab etməzlər. Bəlkə bir gün bu işıqforun məhz insanların sağlamlığı, rahatlığı və təhlükəsizliyi naminə qoyulduğu anlaşılar.

İnşallah, bəlkə bu gün olmayanlar sabah olar?..

Mətanət Məmmədova

Избранный
74
sesqazeti.az

1Источники