RU

"Rəsmi Vaşinqton Azərbaycanı təbrik etməli idi"-Musa Qasımlı

"Rəsmi

"ABŞ Senatının və Nümayəndələr Palatasının bəzi üzvlərinin dövlət katibi Blinkenə ünvanladığı müraciət qərəz, böhtan, beynəlxalq hüququ, haqq-ədaləti pozaraq daxili işlərimizə kobud müdaxilə olduğundan qəbul edilə bilməz, bəri başdan cırılıb atılmış, istifadəyə yararsız kağız parçasıdır". Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Mİlli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, 44 günlük ədalətli, azadlıq xarakteri daşıyan Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Azərbaycan dövlətinin qazandığı qələbə dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etmək, işğala, separatçılığa son qoymaq, dövlət suverenliyimizi bərqərar etmək, ədaləti başlıca prinsipi elan etmiş Birləşmiş Ştatların da imzasını qoyduğu BMT nizamnaməsinin tələblərini yerinə yetirmək olduğundan rəsmi Vaşinqtonun Azərbaycanı təbrik etməli idi: "Lakin biz bunun əksini gördük və görürük. Birləşmiş Ştatlarının ədaləti və beynəlxalq hüquqa hörməti budurmu?

Bakıda həbsxanada saxlanılan terrorçuların, müharibə canilərinin Dünya Ticarət Mərkəzini dağıdanlardan, Pentaqonu vuranlardan heç bir fərqi yoxdur. Əlləri günahsız insanların qanına batmış, soyqırımı törədərək bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törətmiş şəxsləri dırnaqarası siyasi xadim adlandırmaq terrorçuluğu himayə etmək deyilmi?

Torpağın işğaldan, əsarətdən qurtarılmasının, hərbi təcavüzə son qoyulmasının pisi və yaxşısı olmur. Azərbaycanın işğal altında qalan torpaqlarını azad etməsinə qarşı çıxmaq amerikan xalqının istiqlalliyyət müharibəsinə qarşı çıxmağa bərabərdir. Ermənistanın hərbi təcavüzünü və barbarlığını müdafiə etmək amerikan xalqının adına ləkə deyilmi?

Anti-Azərbaycan mövqeyi tutan amerikan siyasətçilərinin bu davranışları aydındır. Ancaq Azərbaycanda doğulub, özünü azərbaycanlı hesab edən, adlarını bu uca Məclisdə çəkib şərəfləndirmək istəmədiyim, millətimizin yaxşı tanıdığı və həm ölkə daxilində, həm də xaricdə oturan bəzi şəxslərin senator və konqresmenlərin müraciətini şadyanalıqla qarşılaması onların Ermənistanla bərabər addımladıqlarını göstərir. Millətimiz milli-dövlət maraqlarımızın əleyhinə olan belələrinin üzünə bütün qapıları çoxdan bağlayıb.

Bir zamanlar Birləmiş Ştatların adı gələndə dünya xalqları ona hörmətlə yanaşardılar, sonralar belə şiyasətçilərin fəaliyyətlərinə görə hörmətlə yanaşmadılar, çəkindilər, indi isə heç çəkinmirlər, ikrah hissi ilə qarşılayırlar. Amerikan xalqı belələrinə sual verməlidir ki, nə üçün bu gün ölkənin nüfuzu topuqdan da, sıfırdan da aşağıdır? Cavabı amerikan xalqını aldadaraq çirkli yollarla vəsait toplamış erməni milyarderlərinin cibində olan belə şəxslərin fəaliyyətindədir. Amerikan xalqı bir gün ayağa qalxıb belələrini tarixin zibilliyinə atacaqdır.

Biz ölkəmizə bərabərhüquqlu münasibət istəyirik.Vaşinqton regionda maraqlarını qorumaq istəyirsə əməkdaşlığa daim hazır, sözü və işi bir olan, dostluq əlini uzadan, uzadılan dostluq əlini geri çevriməyən, körpülər quran Azərbaycanın yanında olmalıdır. Tarixən körpüləri yandıranlar uduzub, qurucular isə Haqq, İnam və Ədalətlə yola davam ediblər".

Избранный
14
xalqcebhesi.az

1Источники