RU

Deputat: “Hadrut əməliyyatı Azərbaycanın ən yeni hərb tarixində mühüm yer tutur”

“Dörd il öncə - oktyabrın 9-da müzəffər Azərbaycan Ordusu cənab Prezidentimizin rəhbərliyi altında Hadrutu işğaldan azad etdi. Hadrut müharibənin başlanmasının 13-cü günündə azad olundu”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

O bildirib ki, Hadrutun işğaldan azad edilməsinin strateji əhəmiyyəti var idi: 

“Ən böyük strateji əhəmiyyəti o idi ki, Hadrutdan sonra Qarabağın tacı olan Şuşa şəhərinə yol açılırdı. Düşmən məhz Hadrut istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin Şuşaya hücum edəcəyini gözləmirdi. Ancaq Hadrutun azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələrinin tarixi əhəmiyyətli addımlara imza atması üçün münbit şərait yarandı. 

Əslində, 9 oktyabr tarixi 8 noyabrı şərtləndirdi. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. İki gün sonra isə düşmənin kapitulyasiya aktına imza atmasından başqa çarəsi qalmadı. Ermənistan Silahlı Qüvvələri biabırçı şəkildə məğlub oldu. Azərbaycan Ordusu tarixi zəfərə imza atmaqla tarixi həqiqəti və ədaləti bərpa etdi. Erməni separatizminə ölümcül zərbələr endirildi. 

Bu baxımdan Hadrut əməliyyatı Azərbaycanın ən yeni hərb tarixində mühüm uğurlu əməliyyatlardan biri kimi yadda qalacaq. Hadrutdan başlanılan yol bizim digər tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün olduqca mühüm baza rolunu oynadı və strateji əhəmiyyət kəsb etdi”.


Mehriban Mirzəzadə
Demokrat.az
Избранный
23
demokrat.az

1Источники