RU

“Azərbaycanda indiyədək halal sertifikatlar böyük pullar müqabilində verilib” – ŞOK AÇIQLAMA

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanı beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib. Bundan sonra halal sertifikatının verilməsi yeni qaydalar əsasında həyata keçiriləcək. Bu, indiyədək halal sertifikatı alan müəssisələrin fəaliyyətini də sual altına qoyur. Bəs görəsən onların aqibəti necə olacaq?

Mövzunu KONKRET.az-a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda illər boyu halal sertifikat böyük pul müqabilində verilib:

Eyyub

“Çünki yerli şirkətlər öz məhsullarını müsəlman ölkələrinin bazarlarına çıxarmaqdan ötrü böyük pullar xərcləməyə məcbur olublar. Burada Qafqaz Müsəlmanları İdarəsi, yerli “MMC”lər, eləcə də xaricdən gələn və halal sertifikatlar verən şirkətlər “fəaliyyət” göstəriblər. Azad istehlakçılar Birliyi olaraq biz 6 il öncə pul amilinin yığışdırılması ilə bağlı məsələ qaldırmışıq. Nəticədə indiyədək 6-ya yaxın şirkətə pulsuz halal sertifikat verməyə nail olmuşuq. İndi yeni halal standart qəbul olunsa da, bizim bəzi təkliflərimiz nəzərə alınmayıb”.

Eyyub Hüseynovun sözlərinə görə, əvvəllər pul qarşılığında verilən “halal” sertifikatların hamısı ləğv olunmalıdır:

“Monitorinqlər aparılmalı, köhnə rəylər aşkar edilməli, dövlətin qanunları çərçivəsində şəffaf halal standartın verilməsi təmin olunmalıdır. Hərçənd bundan sonra verilən sertifikatların halallığına da tam əmin olmaq mümkün deyil. Bu, aidiyyatı dövlət qurumlarının sözügedən işi necə təşkil edəcəklərindən asılıdır. Üstəlik, yeni halal standartın qəbulunda bizim müəyyən təkliflərimiz olub. Məsələn, halal standartlarda onurğasızlar nəzərə alınmayıb. Halal sertifikat o müəssisəyə verilməlidir ki, həmin şirkətin onlayn izləmə sistemi olsun. Yəni dünyanın istənilən yerindən insanlar məhsulun necə hazırlandığına əmin olmalıdırlar. Halal məhsul istehsal edən müəssisələrin banka kredit borcu olmamalıdır. Amma təəssüflər olsun ki, bizim bu təkliflərimiz nəzərə alınmadı”.

Ekspert əlavə edib ki, yenidən bütün müəssisələrdə monitorinqlər aparılmalıdır:

“Əgər müəssisənin bir tərəfində halal, digər hissəsində isə qeyri-halal istehsal müəyyən olunarsa, o zaman köhnə sertifikat dərhal ləğv edilməlidir. Əks halda yeni standartın tətbiqinin heç bir nəticəsi olmayacaq. Eyni zamanda halal standartlar digər sahələrə də keçməlidir. Misal üçün, halal turiz, parfüm və sair standartlar yaradılmalıdır. Bu, Azərbaycanın xeyirinə olan bir məsələdir”.

Mövzu ilə bağlı saytımıza danışan qida mütəxəsisi İlkin Şirinov bildirib ki, halal sertifikatlı məhsulların müzakirəsi cəmiyyətdə hər zaman mövcud olub. Bununla bağlı cəmiyyətdə birmənalı fikir yoxdur:

Qiyməti

“İndi yeni halal standart yaradıldığı bir vaxtda ortaya maraqlı sual çıxır: Bugünədək halal adı ilə verilən sertifikatların aqibəti necə olacaq? Yaxud həmin məhsulların halallığına kimlər zəmanət verib?. Belə çıxır ki, həmin məhsulların halallığı şübhə altına düşür. Digər tərəfdən məhsuldan nümunələr götürüləcək və qatqı aşkarlanmayacaqsa, o zaman halal sertifikatı veriləcək. Bu, aydındır. Bəs zaman keçdikcə işbazların yenidən əvvəlki qaydada işləyib-işləməyəcəklərinə kim zəmanət verəcək?. Çünki işbazlar kolbasa və sosis məhsullarının ömrünü uzatmaqdan otrü onun tərkibinə məcburi şəkildə donuz dərisi və piyi qatdıqlarını etiraf edirlər. Odur ki, bunun yoxlanılması, monitorinqinin aparılması mütəmadi xarakter almalıdır ki, bir dəfə halal sertifikat alan işbazlar yenidən öz köhnə əməlləri ilə istehlakçıları aldada bilməsinlər. Eyni zamanda bu gün kolbasa istehsalı ilə məşğul olan müəssisələrin əksəriyyəti bəşəriyyətin bəlasına çevrilən qlutamat (Çin duzu) məhlulundan istifadə edirlər. Bu da birbaşa insan orqanizmi üçün təhlükə yaradır, ürək-damar, xərçəng və digər ölümcül xəstəliklərə yol açır. Bütün bunları nəzərə alaraq halal sertifikatın verilməsi qaydaları sərtləşdirilməli və çox ciddi nəzarət həyata keçirilməlidir. Əks halda heç bir nəticə əldə etmək mümkün deyil”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
18
konkret.az

1Источники