RU

Qərbin milli dövlətlərə təzyiq aləti - insan haqları

Ayrı-ayrı Avropa ölkələri və təsisatları demokratiya və insan haqlarını özlərinin təməl prinsipləri elan ediblər. Ancaq reallıq, Qərb dairələrindən gələn çağırışlar, Avropa Şurası Parlament Assambleyasının (AŞPA), “Amnesty İnternational”, “Freedon House”, “Human Rights Watch” kimi təşkilatların davranışları ortaya fərqli mənzərə qoyur. Görünən odur ki, indi Avropada  məzmunca özündə selektiv yanaşmaları ehtiva edən yeni standartlar müəyyənləşdirilib. Qeyd olunan demokratiya və insan haqları isə “qoca qitə” üçün artıq bir keçmişdir və bu dəyərlərə ancaq Qərb dairələrinin yenə də ikili standartlara istinad etməklə lazım bildikləri xüsusi məqamlarda müraciət olunur.

Ermənistana və separatçılara hədsiz qayğıkeşlik

Bəli, tam qətiyyətlə deyə bilərik ki, bu gün Qərbdə demokratiya və insan haqları bir istismar predmetinə çevrilib və onlardan lazım gələndə milli dövlətlərə qarşı təzyiq aləti kimi istifadə olunur. İzlənilən proseslərdən o qənaət hasil olur ki, Qərb dairələri müstəqillik və suverenlik prinsiplərindən çıxış edən, milli maraqlarının təəssübünü çəkən dövlətlərin mövcudluğunu qəbul etmək istəmirlər. Onlara sözəbaxan, itaətkar dövlətlər lazımdır. Hansı hallarda ki, milli dövlətlər onların qoyduqları qaydalardan, cızdıqları planlardan kənara çıxırlar, dərhal “insan haqları” dəyənəyi işə salınır. Bunu Cənubi Qafqazın üç ölkəsinə münasibətdə aydın şəkildə görmək mümkündür.

Bu gün Ermənistan Qərbin ayrı-ayrı dövlətləri və təsisatları tərəfindən güclü şəkildə dəstəklənir. Artıq Avropa İttifaqının (Aİ) “mülki” adlandırılan, əslində isə hərbi missiyası Ermənistanda “lövbər” salıb və buradan qonşu dövlətlərə qarşı kəşfiyyat fəaliyyətləri həyata keçirir. Amerika Birləşmiş Ştatları, Fransa, Aİ-nin “Sülh fondu” adlandırılan qurumu bu ölkəyə öldürücü silahlar tədarük edir, böyük həcmlərdə maliyyə vəsaitləri ayırırlar. Avropa Şurası Parlament Assambleyası, Fransa parlament, ABŞ konqresi isə Ermənistana siyasi-ideoloji dəstək göstərir. Ermənistan işğalçı dövlətdir, otuz il ərzində Azərbaycana qarşı aqressiya siyasəti həyata keçirib. İndi müharibə başa çatandan sonra işğalçı dövlətin yenidən silahlandırılması hansı məntiqə sığır?

Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra Qərb dairələri sanki yuxudan oyanıblar və insan haqları mövzusu onların yadına düşüb. Bəli, bu gün ABŞ konqresi və dövlət departamenti, Fransanın Milli Assambleyası, Yelisey Sarayı Qarabağdan könüllü şəkildə köç edən ermənilərin hüquqlarının “müdafiəsi” uğrunda sanki yarışa çıxıblar. Xorda Avropa Şurası Parlament Assambleyasının səsi də çox ucadan eşidilir. Onlar bir ağızdan Qarabağdan çıxan ermənilərin “pozulmuş” hüquqlarından danışır, separatçı rejimin Bakıda dəmir barmaqlıqlar arxasında cəzalarını gözləyən liderlərinə azadlıq istəyirlər. Sual olunur: Qeyd olunan dairələr niyə Qarabağdan əmin-arxayın çıxan, hətta mal-heyvan sürülərini belə özləri ilə aparan ermənilərin hüquqlarının “pozulmasına” görə bu qədər hay-küy saldıqları halda, doğma yurd-yuvalarından zorla qovulan bir milyondan artıq azərbaycanlının taleyinə biganə yanaşıblar? Görəsən, Avropa İttifaqının “Sülh fondu”, AŞPA, “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch” kimi təşkilatlar, eləcə də Fransanın və ABŞ-nin müvafiq qurumları, yüksək səviyyəli rəsmiləri belə ayrıcı xətlər çəkmələrinin məsuliyyətini dərk edirlərmi? Budurmu Avropanın ədaləti və insan haqları təəssübkeşliyi? Axı insanlar milli-dini kimliyindən asılı olmayaraq hər yerdə insandırlar və onlara münasibətdə eyni yanaşmalar göstərilməlidir. 

Gürcüstan “qara siyahıda”

İşğalçı Ermənistanın, erməni separatçı tör-töküntülərinin dəstəklənməsi fonunda Gürcüstanın hədəfə alınması kəskin fərq yaradan amil kimi diqqət çəkir. Yenə də biz Qərb tərəfindən demokratiya və insan haqları anlayışlarına selektiv yanaşmanın şahidi oluruq. Zamanında Qərb Gürcüstana da mehriban münasibət bəsləyərək bu ölkənin Avropa İttifaqına gedən yolunda “yaşıl işıq” yandırılacağı vədi verirdi. Eyni zamanda, ABŞ də Gürcüstana maliyyə tranşları ayırır, texniki dəstəyi genişləndirirdi. İndi məlum olur ki, bu mehribançılığın təməlində də siyasi məqsədlər dayanıb. Qərb Gürcüstandan Rusiyaya qarşı bir dayaq məntəqəsi kimi istifadə etmək məqsədi güdüb. Bu ölkədə “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edildikdən sonra isə rəsmi Tbilisi Avropanın gerçək simasını görmək məcburiyyətində qalıb. Gürcüstan hakimiyyəti həmin qanunu qəbul etməklə ilk növbədə milli maraqlarından çıxış edib. Bu isə Qərb dairələrinin xoşuna gəlmir. Elə bu səbəbdən də rəsmi Tbilisinin adı “qara siyahıya” düşüb. Bu gün Gürcüstana kollektiv Qərbdən kollektiv hücumlar gəlməkdədir. ABŞ ölkəni yardımları dayandırmaqla, sanksiyalarla, Aİ qapılarını bağlamaqla hədələyir. Təkcə jurnalist təşkilatları son bir ay ərzində 6 müxtəlif mövzu üzrə rəsmi Tbilisini qınayan açıqlama yayıblar. Digər təyinatlı təşkilatlar, o cümlədən “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch” da sinxron davranaraq, son bir ildə Gürcüstanı hədəf ölkə seçiblər. Total hücumların təşkilində məqsəd isə Gürcüstanın Qərbin təsir dairəsindən uzaqlaşmasının qarşısını almaqdır.

Məlum dairələr Gürcüstandan istədiklərini almaqdan ötrü yeni mexanizmlər də icad edirlər. Məsələn, Avropa Şurasının nəzdində fəaliyyət göstərən “Jurnalistlərin Təhlükəsizliyi Platformasını” idarə edən “Tərəfdaş təşkilatlar”dan ibarət olmaqla, əlahiddə koalisiya formalaşdırlıb. “Gürcüstan üzrə xüsusi Faktaraşdırıcı missiya” adlandırılan bu koalisiya ilkin mərhələdə 8 beynəlxalq jurnalist təşkilatının adından təşkil edilib. Rəsmi məramnaməsində göstərilir ki, məqsədi “Gürcüstanda media və ifadə azadlığı üzrə öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat toplamaqdır”. Gerçəklik isə budur ki, Gürcüstanı “söz və ifadə azadlığını pozduğuna görə” ittiham edən hesabatlar hazırlamaq yönündə təlimatlandırılıblar. Oktyabrın 3-də “Faktaraşdırıcı missiya” adından yayımlanmış hesabatdan belə görünür ki, koalisiya dərin araşdırma aparmayıb. Qarşısına çıxan istənilən faktın astar üzünü təqdim edib və bunu  Gürcüstan hakimiyyətinin əleyhinə olan arqument kimi sənədləşdirib. Buna aid bir nümunə gətirək. Sentyabrın 15-də qeydə alınan fakt üzrə Gürcüstanı ona görə pisləyiblər ki, sürgündə olan Belarus jurnalisti Andrey Mialeşkanın Tbilisiyə gəlişinə mane olunub. Sentyabrın 17-də isə erməni “jurnalist” Arsen Xaratyanın Gürcüstana girişinə icazə verilməyib. Dövlət Sərhəd Xidməti insidenti hər iki şəxsin sənədlərində aşkarlanan uyğunsuzluqla izah edib. Missiya isə müvafiq dövlət qurumlarının məlumatına məhəl qoymadan “faktı” “jurnalist hüquqlarının pozulması” kimi fiksasiya edir. Halbuki, “Faktaraşdırıcı missiya” burada başqa, daha mühüm məqamlara diqqət yetirməli idi. Məsələn, Arsen Xaratyanın jurnalist, yoxsa siyasətçi olması faktı araşdırma mövzusu ola bilərdi. Çünki o, “Aliq Media”nın təsisçisi olmaqdan daha çox, Nikol Paşinyanın müşaviri kimi tanınır. Yəni siyasi fiqurdur və adı KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun həbsi, sonradan zaminə buraxılması məsələsində ikibaşlı oyun qurmuş şəxs kimi hallanır. Bu məsələdə tutduğu anlaşmaz mövqeyə görə vəzifəsindən uzaqlaşdırılıb. Ermənistandan ayrılaraq Tbilisiyə üz tutub. Ermənistan mediasında bununla bağlı kifayət qədər məlumatlar mövcuddur. “Faktaraşdırıcı missiya”nın üzvləri bu məqamın üzərindən sükutla keçirlər. Hansı ki, özləri uzun illər ərzində dünyaya təlqin ediblər ki, “siyasətə bulaşanda, jurnalistika bitir”; “Təbliğatçı mövqe tutan subyekt KİV qurumu olmaq statusunu itirir, siyasi bülletenə çevrilir”. Amma AŞPA yanındakı “Faktaraşdırıcı missiya”nın tərkibinə daxil olan 8 beynəlxalq jurnalist təşkilatının heç biri Arsen Xaratyanın siyasi kimliyinə diqqət yetirmir və “Aliq Media”nın missiyasını nəzərə almır. Çünki, indiki halda onların hədəfi Ermənistan yox, Gürcüstandır.

Gürcüstanda sentyabr ayının 17-də qəbul olunan başqa bir qanun da bu ölkəni Qərb dairələrinin qəzəbinə tuş edib. Söhbət “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanundan gedir. Bu qanunu qəbul etməklə Gürcüstan hakimiyyəti cəmiyyəti, gürcü xalqının milli-mənəvi dəyərlərini qorumaq istəyir. “Faktaraşdırıcı missiya” isə “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edir. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Arqumentləri budur ki, yeni qanunvericilik ölkədə “LGBT+ mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır”. Geniş şərhə ehtiyac yoxdur. Ailə dəyərlərini itirən Qərbin Gürcüstanın öz ənənələrinə və dəyərlərinə sahib çıxmaq istəyinə “mız” qoyması həqiqətən Avropanın özünün tragikomediyasıdır.

Bütövlükdə, son bir il ərzində Gürcüstana qarşı sərgilənən münasibət onu sübut edir ki, adları çəkilən təşkilatların “müstəqilliyi”, “prinsipiallığı” barədə deyilənlər blefdən başqa bir şey deyil. “İnsan haqları”, “hüquq müdafiəçiliyi”, “söz və ifadə azadlığı”, “vətəndaş cəmiyyəti institutları” anlayışları Qərbdə özünün klassik mənasını itirib. Bu məfhumlar ABŞ və Qərbi Avropa dövlətlərinin əlində milli dövlətlərə təzyiq alətinə çevrilib. Bu gün “Amnesty İnternational”, “Freedon House” , “Human Rights Watch”, “Sərhədsiz Repartyorlar”  kimi təşkilatların Gürcüstana qarşı münasibəti ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının, Yelisey Sarayının siyasi qərarları ilə sinxronluq təşkil edirsə, hansı “müstəqillik”dən, “hüquq müdafiəçili”yindən danışmaq olar? Azərbaycana hücumun yeni dalğası

Azərbaycan da “insan haqları” mövzusunda Qərbin  tez-tez əsassız hücumlarına məruz qalan ölkələr sırasında yer alır. AŞPA-nın, Fransa parlamentinin məlum canfəşanlıqlarının ardından hazırda Avropa qaragüruhunun ölkəmizə qarşı yeni hücum dalğası başlayıb. Son bir ay ərzində baş verənlər bunun təsdiqidir. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçirilən zaman, Azərbaycanın özünün iştirakı təmin edilmədən, “Azərbaycanda insan haqları üzrə” dinləmələr keçirilib. Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Liz Kristofferson uzun-uzadı danışıb, şablon mövzulara toxunub, sonda isə əsl mətləbin üstünə gəlib. O, Bakıda həbsdə olan “Qarabağ liderlərinin” işgəncəyə məruz qaldığını, həmçinin “Qarabağda ermənilərə qarşı etnik təmizləmə tətbiq edildiyini” dilə gətirib. Xanım Kristoffers?nin iddiaları o qədər absurddur ki, şərh verməyə lüzum qalmır. Amma o, hansısa məntiqlə “dəstək qazanır”.

Digər belə bir qərəzçilik nümunəsi ABŞ-də sərgilənib. Belə ki, 58 nəfər konqresmen və senator oktyabrın 3-də ABŞ-nin dövlət katibi Antoni Blinkenə məktub yazaraq, COP29 sammiti ərəfəsində Azərbaycana “insan hüquqları ilə bağlı” təzyiq göstərməyə çağırıblar. 10 senator, 48 konqresmen istəyir ki, Blinken “Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmaq üçün məqsədli tədbirlər görsün”. Onlar da Bakıda saxlanılan “separatçı liderlərin” azadlığını istəyirlər. Müraciətlərində həm də vurğulanır ki, “Azərbaycanın Ermənistana qarşı basqılarını durdursun”.

Kim kimə basqı edir, görəsən? Azərbaycan müharibənin qalib tərəfi olmasına rəğmən, qarşı tərəfə hər hansı bir şərt irəli sürmədən, sülh təşəbbüslərindən çıxış edir. Sülhü manipulyasiya edən məhz məğlub Ermənistandır və burada ABŞ-nin də “töhfələri” böyükdür...

Mübariz FEYİZLİ

Избранный
33
yeniazerbaycan.com

1Источники