RU

Zəngin karbohidrogen yataqları olan Azərbaycanın yaşıl keçidə önəm verməsi bir çox dövlətlər üçün nümunə ola bilər -ŞƏRH

Zəngin

Naxçıvan, 10 oktyabr, Nail Əsgərov, AZƏRTAC

Ekoloji problemlərin kəskinləşməsi fonunda planetin gələcəyi hər kəsi narahat edir. Bu mənada, Yer kürəsində təbii resursların, xüsusilə ənənəvi enerji mənbələrinin tükəndiyi və iqlim dəyişikliyinin fəsadlarının artdığı bir dövrdə davamlı iqtisadi inkişaf və yaşıl iqtisadiyyata transformasiya qlobal dünyanın qarşısındakı ən vacib məsələlərdən biridir. Bunların həll olunması üçün dünya birliyinin birgə fəaliyyəti, sübut olunmuş elmi nəticələr əsasında yekun siyasi qərarların verilməsi lazımdır. Bu qərarlar arasında sənayedə atmosferə atılan tullantıların azaldılması və bu məqsədlə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzv ölkələr qarşısına qoyduğu vəzifələrin icrasını qeyd etmək olar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisadçı-ekspert Əli Cabbarov söyləyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində hər il konfranslar keçirilir, dünyanın hər yerindən hökumət nümayəndələri bu konfransa toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində nə kimi işlər görə biləcəklərini, həmçinin maliyyə məsələlərini müzakirə edirlər. İndiyədək müxtəlif ölkənin ev sahibliyi etdiyi Tərəflər Konfransının (COP) ilk tədbiri 1995-ci ildə Berlində, sonuncu - 28-ci sessiyası isə 2023-cü ildə Dubayda keçirilib. COP29-a isə Azərbaycan ev sahibliyi edəcək. Bu mühüm tədbirin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Belə ki, bu tədbir ölkəmizin iqlim dəyişikliyi məsələlərində üzərinə götürdüyü öhdəliklərin dünyaya nümayiş etdirilməsi üçün əla fürsət olacaq.

O deyib: “Zəngin karbohidrogen yataqları olan Azərbaycanın yaşıl keçidə önəm verməsi və dayanıqlı inkişaf məsələlərindəki mövqeyi, bu mənada, dünyanın bir çox dövlətləri üçün nümunə ola bilər. Bundan əlavə, COP29 ölkəmizdəki iqtisadi sabitliyi də dünyaya nümayiş etdirəcək və Azərbaycanın qazandığı beynəlxalq nüfuzu daha da dərinləşdirəcək. Belə ki, xüsusən son illər Azərbaycan çoxsaylı layihələrdə uğurla iştirak edir və bir çox yeni layihələrin müəllifidir. Bu uğurların məntiqi davamı kimi, COP29-un Azərbaycanda keçirilməsi daha bir mühüm təcrübə kimi ökəmizə yaxın və uzaq perspektivdə çoxlu faydalar vəd edir”.

Əli Cabbarov vurğulayıb ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Burada strateji hədəf isə neft-qaz ölkəsi olan Azərbaycanın yaxın oniliklərdə yaşıl enerji növlərinə keçidi, həmçinin istehsal olunan yaşıl enerjinin dünya bazarlarına nəqlini stimullaşdırmaq, bunun üçün həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərini müəyyən etməkdir.

“Prioritet istiqamətlər ölkəmiz üçün olduqca əhatəlidir. Yaxın perspektivdə həm atmosferə atılan tullantı qazlarının azaldılmasını, yeni texnologiyalara keçidlə yanaşı, sənaye və şəxsi istehlakda ənənəvi enerji payının alternativ mənbələrlə əvəz olunmasını, həm də ölkəmizdəki qeyri-neft sektorunda yaşıl enerji payının artırılmasını nəzərdə tutur. Ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Həmçinin 2030-cu ilə qədər bərpaolunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək hədəfi də Azərbaycanın qarşıya qoyduğu məqsədlərdəndir. Yaşıl enerjiyə keçid nəticəsində 2050-ci ilə qədər ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, həmçinin Naxçıvan Muxtar Respublikası sıfır emissiya zonasına çevriləcək” - deyə o əlavə edib.

 

Избранный
472
50
azertag.az

10Источники