RU

13 yaşında cəbhəyə qaçan “malış:” Veteran pulu ala bilmədim, 5 min rüşvət istədilər –Müsahibə +Video

Rahib Şərifov Zirəddin oğlu Birinci Qarabağ müharibəsi zamanı 13 yaşında ordu sıralarına qatılıb. O, azyaşlı olmasına baxmayaraq, Ağdam, Füzuli, Kəlbəcər və digər bölgələrdə gedən döyüşlərdə iştirak edib. Ümumilikdə isə, 1992-ci ildən 1996-cı ilə qədər yeniyetmə əsgər Qarabağın azadlığı uğrunda vuruşub.

1994-cü ildə Müdafiə Nazirliyinin hərbi studiyasında xidmət edən istedadlı yazıçımız Nəriman Əbdülrəhmanlının onunla video müsahibəsi də yayılmışdı. Həmin kadrları görən bir çoxunuz üçün yəqin ki, o yeniyetmənin sonrakı taleyi maraqlıdır…Sözügedən qəhrəmanın indi 46 yaşı var.

Musavat.com Rahib Səfərovla əlaqə saxlayıb və müharibədən sonrakı taleyi ilə maraqlanıb:

"1978-ci ilin 28 yanvarında Yevlax rayonunun Tanrıqulular kəndində anadan olmuşam. Ailədə 7 uşaq idik. Atam güləş üzrə müəllim, anam isə kolxozçu idi.  İndi hər ikisi rəhmətə gedib. Müharibə başlayanda 13 yaşım var idi. Hamımızın qanı qaynayırdı, müharibəyə qatılıb, döyüşmək istəyirdik. Əslində, məni cəbhəyə buraxmırdılar, dedim, məni əsgər kimi qəbul etməsəniz, qaçıb lap qabağa keçəcəyəm. Ağdərə-Tərtər yolu  ilə gedib orduya qoşulmuşdum. Yanımda dostum da var idi.  Onu saxladılar, mən keçdim. 

Ailəm təbii ki, bu haqda heç nə bilmirdi. Sonradan arxamca gəlib evə qaytarmaq istədilər. Lakin mən qayıtmadım, dedim, aparsanız da, yenidən qaçacağam. Əvvəlcə “00 52”, daha sonra isə Xanlar rayonundakı “952” nömrəli hərbi hissədə xidmət etdim. İlk vaxtlar bir uşağın orduda olması, əsgərlik etməsi heç cür qəbul edilmirdi. Nəhayət, komandirimiz orada qalmağıma icazə verdi. Dedi, bu oğlana da silah verin. Şəxsiyyət vəsiqəmin olub-olmaması ilə maraqlandı. Ona yaşımla bağlı hələ almadığımı dedim. Bədən ölçüm çox balaca olduğu üçün geyinməyə əsgər paltarı tapa bilmirdim. O zamanki müdafiə naziri Rəhim Qazıyev demişdi ki, bu oğlana yaxşı paltar tikdirin. Silahın ilk dəfə sökülüb yığılmasını Seyfəlidə poliqonda öyrənmişəm. Bu yaşımda da rahatlıqla silahı söküb yığıram. Bir çox silahdan istifadə etməyi bacarıram”.

1992-ci ildə müharibəyə qatılan həmsöhbətimiz 3 il 3 ay döyüşüb. Bildirir ki, o, hər zaman fərarilik edənlərə nümunə kimi göstərilirmiş:

“Həmin vaxt hərbidən yayınanlar çox idi. Ruh yüksəkliyi yaransın deyə məni çəkib televiziyalarda yayımlayırdılar. O vaxt içimdə heç bir qorxu hissi yox idi. 

Milli qəhrəman Fəxrəddin Cəbrayılov da həmin hissədə idi. Murovda olanda o, bizə nəzarət edirdi. Azərbaycanın Türkiyədəki səfiri mənim döyüş yoldaşım olub. İndi də onunla çox yaxşı əlaqəm var, hərdən yanına gedirəm. Respublika Prokurorluğunun baş müstəntiqi Nizami Osmanov da bizim hərbi hissənin əsgəri idi.

Ağdamda, Kəlbəcərdə, Murov və Fərrux dağlarında, Gülüstandakı döyüşlərdə iştirak etmişəm. Gülüstanda ermənilər çox idi. Oradan Mingəçevirin SES-i rahat görünür. Buradan ora hava xətti ilə heç 20 kilometr yoxdur. 

Ən təsirli döyüşlər Ağdam və Kəlbəcərdə olmuşdu. Ağdamı gözümün qabağında yandırdılar. Gözüm baxa-baxa düşmən torpağımı yandırdı. Bu, çox pis hiss idi. Alov ərşə qalxırdı. Qəbirlərin altını üstünə çevirdilər. Yanımda çox adam şəhid oldu. Vaqif Səlimovun şəhid olmasını xatırlayıram. İndi Xaçmazda onun adını daşıyan məktəb var. Ağsulu Namiq, Şəmkirdən isə Tahir şəhid oldu. Mən özüm də ön cəbhədə olurdum. Deyirdilər ki, qal, getmə. Deyirdim ki, arxada olmaq mənlik deyil.

Ağdam alınan gün gecə qidamız qurtarmışdı. Əsgərlər dedi ki, hərbi hissəyə gedib yemək gətirmək lazımdır. "QAZ-66" yük maşınında 3 nəfər ərzaq dalınca getdik. Ərzağı götürüb geri qayıdanda gördük yol yoxdur, keçdiyimiz yerlərin hamısı ermənilərin əlindədir. Alternativ yol olaraq Bərdənin Soğanverdilər kəndinə gəldik. Orada kəndin içindən Qarqar çayı keçir. Çayın içi ilə gedib “Qərvənd kafesi” deyilən yerdə dayandıq. Sən demə, ermənilər oranı da işğal ediblərmiş, bizim də xəbərimiz yox idi. Maşından düşmək istəyəndə atəşə tutulduq və güllələr yağış kimi üstümüzə gəldi. Sürücümüz Tahir cəld maşını döndərib geriyə sürdü. Qarqar çayını iməkliyə-iməkliyə keçdik. Başı qaldırmaq mümkün deyildi, dayanmadan atırdılar. Mənim öz qohumum orada itkin düşdü. İndiyə kimi tapılmayıb”.

Müsahibimiz hamıdan balaca olduğuna görə, orduda ona “malış” deyirmişlər:

“Evimiz üçün çox darıxırdım, amma geri qayıtmaq haqqında fikirləşmirdim. Axıra kimi döyüşdüm. 1996-cı ildə atəşkəs olandan sonra evimizə döndüm. Bir il Azərbaycanda qaldıqdan sonra Rusiyaya getdim. 27 il orada yaşadım. Rusiyada müharibə başlayandan sonra isə Azərbaycana geri dönüb iki il Bakıda sürücülük etdim. Amma gördüm ki, dolana bilmirəm. Qazandığım kirayə puluna, yeməyimə güclə çatırdı. Sürdüyüm maşına görə günə 50 manat haqq verirdim. Maddi və mənəvi baxımdan çox çətinliklər çəkdim. Mən də gedib heç kimin qapısını döyən adam deyiləm. 

1996-cı ildə ordudan ayrılandan sonra C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialına daxil olmaq, təhsil almaq istədim. Bunun üçün məndən 5 min dollar rüşvət istədilər. Mən canımı ona görə qoymuşdum ki, gedim 5 min rüşvət verim?! Ona görə də təhsil almaq fikrindən daşındım. Təsəvvür edin ki, mən indiyə kimi veteran pulu da almıram. Əlimdə qalan sübutum həmin vaxt çəkildiyim video və haqımda yazılan kitabdır”. 

Səfərov hazırda Gürcüstandadır. O iş üçün xarici ölkələrə üz tutub. Deyir ki, Azərbaycanda evi və işi olmadığı üçün vətəni tərk etmək məcburiyyətində qalıb:

“Maddi vəziyyətimə görə hələ subayam. Döyüşməyən insana maşın, veteran pulu verirlər, evlə təmin edirlər. Mən isə veteran pulu ala bilmədim. Ailə qurmaq, ölkəmdə işimin, evimin olmasını istəyirəm”.

 

Şahanə Rəhimli
Musavat.com

Избранный
125
14
musavat.com

10Источники