RU

Dominik Solanke İngiltərə yığmasına qayıdışından söhbət açdı

“Tottenhem”in mərkəz hücumçusu Dominik Solanke İngiltərə yığmasına qayıdışı ilə bağlı təəssüratını paylaşıb.

Arena.az “The Times” nəşrinə istinadən məlumat verir ki, “üç şir”in heyətində debüt etdiyi oyunda geyindiyi köynəyi, futbolçu öz evində şüşə çərçivə altında bir xatirə olaraq qoruyub-saxlayır.

“Gənc olanda və sadəcə futbol oynayanda uğur qazanmaq istədiyin açıq-aşkar görünür. Amma ölkənizi təmsil etmək tamam-kamal başqa bir səviyyədir. Həmin məqam üçün bu günə qədər minnətdaram.

İllər keçdikcə bu köynəyi görəndə həmişə düşünürəm: “Mən oraya qayıdıb ölkəm üçün daha çox oyun qazanacağam”. Belə bir əşyanın varlığı, sözsüz, əlavə bir ilham mənbəyidir.

Əlbəttə, mənə elə gəlir ki, bura ilk dəfə gələndə çox gənc idim. Çox şey öyrəndim, çox inkişaf etdim. Mən indi daha yetkinəm və təbii ki, daha yaxşı vəziyyətdə olacağam. Təcrübə bəlkə də ən böyük fərqdir. O vaxtdan bəri çox oyun keçirmişəm və çoxlu qollar vurmuşam. Beləliklə, mən hiss edirəm ki, əqli və fiziki cəhətdən daha yaxşı vəziyyətdəyəm”, deyə Solanke vurğulayıb.

Dominik Solanke “Çelsi”nin yetirməsidir. İngilis hücumçu “Vitess”də icarə əsasında çıxış edib, ardınca “Liverpul” və “Bornmut”da oynayıb. Solanke “Tottenhem”ə 2024-cü ilin avqustunda 64,3 milyon avro məbləğ müqabilində “Bornmut”dan keçib. Solankenin “mahmızlar”la müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümündə Solanke “Tottenhem”in heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Dominik Solanke 2017-ci ilin noyabr ayında İngiltərə yığmasının heyətində debüt edib və meydanda cəmi 15 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Hücumçu İngiltərənin aşağı yaş dəstələri üzrə müxtəlif yığmalarında da oynayıb.

Dominik Solanke böyük futbolda “Çelsi” ilə İngiltərə Premyer Liqasının (2016/2017) qalibi olub.

“Transfermakt” intenet-portalı 27 yaşlı ingilis hücumçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Избранный
40
arena.az

1Источники