RU

Güney Azərbaycanda iqtisadi oyanış başladı- yeni vali od püskürdü...

Image

Cənub qonşumuz İranda Güney Azərbaycan faktorunun getdikcə ön plana çıxmaqda olduğu müşahidə edilməkdədir. Bunu soydaşımız Məsud Pezeşkianın preident seçilməsindən sonra Şərqi Azərbaycan vilayətinin yeni təyin olunmuş valisi Bəhram Sərməstin açıqlamalarından bir daha görmək mümkündür. 

Bəhram Sərməst Təbrizdəki vəzifə qəbulu mərasimində Azərbaycanın, xüsusən də Təbrizin iqtisadi və sosial problemlərindən danışıb. O, vilayətin geriləməsini aradan qaldırmaq üçün ciddi tədbirlər görməyin vacibliyini vurğulayıb.

Məsud Pezeşkian hökuməti tərəfindən yeni vali təyin edilən Sərməst çıxışında bildirib ki, bir vaxtlar Təbriz hər sahədə lider şəhər idi, amma indi bu mövqeyini itirib: “Təbriz artıq ilklər şəhəri deyil, yeddinci və səkkizinci sıraya düşüb. Keçmişi tənqid etməyə öyrəşməmişəm, amma ondan dərs alaraq gələcək üçün planlar qurmalıyıq”. Sərməst Azərbaycanın ləyaqət və mədəniyyətinin sarsıldığını qeyd edib və bunları yenidən bərpa etməyin zəruri olduğunu vurğulayıb. O bildirib ki, vilayətdə qısa müddətdə bəzi iri layihələrin həyata keçirilməsi vacibdir: “Milli birlik hökumətinin nümayəndəsi olaraq bu layihələri proqram əsasında irəli aparacağam”. Özünü mötədil islahatçı kimi təqdim edən vali Azərbaycan coğrafiyasının tarixi eroziyaya uğradığını, ana sənaye sahələrinin isə köhnəldiyini və təcili olaraq yenilənməli olduğunu qeyd edib. O vurğulayıb ki, vilayətdə infrastruktur layihələri və digər meqa layihələri sürətlə başa çatdırmaq üçün çalışacaq. Əslən Binab şəhərindən olan Sərməst çıxışında Güney Azərbaycanın prezident seçkilərində mühüm rol oynadığını qeyd edərək deyib: “Əgər Azərbaycan seçkilərdə iştirak etməsəydi, bu gün Pezeşkian hökuməti mövcud olmayacaqdı, çünki onun əsas seçici dəstəyini Azərbaycan təmin etdi”. Şərqi Azərbaycan vilayəti, bəzi yerli rəsmilərin dediyi kimi, artıq bir neçə onillikdir ki, dövlət investisiyalarından məhrum qalıb. İnfrastruktur, o cümlədən enerji təchizatı, nəqliyyat yolları və əsas sənaye sahələri kimi böyük investisiyalar tələb edən sahələrdə ciddi geriləmələr müşahidə olunur. Təbriz bələdiyyə başqanı Yaqub Huşyar da bu günlərdə son 50 ildə Şərqi Azərbaycana dövlət tərəfindən heç bir ciddi sərmayə yatırılmadığını bildirib. Huşyar vurğulayıb ki, Şərqi Azərbaycan vilayəti ölkədə iqtisadiyyatının 96%-i özəl sektorun əlində olan yeganə vilayətdir və son 50 ildə hökumət bu bölgəyə ciddi sərmayə yatırmayıb. O, həmçinin qeyd edib ki, Şərqi Azərbaycan vilayəti və Təbriz şəhəri uzun illərdir İranın iqtisadi mərkəzlərindən biri olub və qeyri-neft ixracatında mühüm rol oynayıb. Lakin son illərdə bu mövqe zəifləyib. Huşyarın sözlərinə görə, vilayətin iqtisadi mövqeyinin bərpası bir tərəfdən iqtisadi elitanın və sahibkarların miqrasiyasının qarşısını ala bilər, digər tərəfdən isə bölgəyə yeni kapital cəlb edilməsinə imkan yaradar: “Vilayətin Mədən Sənayesi və Ticarət İdarəsinin statistikasına əsasən, ötən il Şərqi Azərbaycandan dünya bazarına 1 milyard 542 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib”. O, vilayətin şokolad sənayesi, kişmiş, polad məhsulları və digər sənaye sahələrində ölkə üzrə birinci yerdə olduğunu qeyd edib.

Huşyar Təbriz və Şərqi Azərbaycan vilayətinə Məsud Pezeşkian hökumətinin vilayətə investisiya etməsinin vacibliyini vurğulayıb. Bələdiyyə başqanı əlavə edib ki, “Süngün” mis kompleksinin vergi gəlirlərinin vilayətə ayrılması əhali arasında əsas tələblərdən biridir: “Əgər bu vəsait tam təmin olunarsa, vilayətdə istehsal, kənd təsərrüfatı və sənaye sektorlarının inkişafına əhəmiyyətli töhfə verə bilər”. Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jaele isə dəfələrlə vilayətdə maliyyə resurslarının az olması və özəl sektorun bank resusrlarında faydalana bilməməsi kimi problemlərə toxunaraq, vilayətin iqtsadiyyatında azalma olduğundan şikayətlənib. Jaele Təbrizin geostrateji əhəmiyyətinə işarə edərək, tarix boyu onun Qərb və Şərq arasında ticarətin kəsişdiyi şəhər kimi rol oynadığını ifadə edib. O, Şərqi Azərbaycan vilayətinin uzun illər əvvəl bu mövqeyini itirməsindən təəssüfləndiyini bildirərək, Təbrizdə keçirilən ixrac və idxalın idarə edilməsinə dair iclasda vilayətin ixracatının digər vilayətlərlə müqayisədə azaldığını elan edib və vilayətdə nəqliyyat və logistika sahəsində zəifliyi ixracatın azalmasının mühüm amillərindən biri hesab edib.  Şərqi Azərbaycan vilayətinin bəzi rəsmiləri, o cümlədən vilayətin gömrük nəzarətçisi Sadiq Namdar bu vilayətin ixracatının azaldığını açıqlayıb. Təbrizdə İraqla ticarətin nəzərdən keçirilməsi ilə bağlı keçirilən iclasda Sadiq Namdar vilayətin sənaye potensialının yüksək olmasına nisbətən vilayətin ixracatındakı payının aşağı olduğunu açıqlayıb. Yeni vali Bəhram Sərməstin sözlərindən də göründüyü kimi, Şərqi Azərbaycan vilayəti həm iqtisadi, həm də mədəni baxımdan geriləyib və tarixi əhəmiyyətini itirə bilər. Təbriz şəhəri bir vaxtlar İranda müasir sivilizasiyanın qabaqcıl mərkəzlərindən biri idi. İlk kitabxana, ilk kinoteatr, ilk mətbəə və elektrik enerjisi ilə işıqlandırılan ilk küçələr kimi yeniliklər burada həyata keçirilmişdi. Lakin son bir əsrdə, xüsusən də son beş onillikdə İran Azərbaycanı ciddi uğursuzluqlarla üzləşib. Buna səbəb mərkəzi hakimiyyətin Təbrizə ögey münasibəti olub. İndi bu hal ciddi narazılıq yaradır. Məsud Pezeşkian hakimiyyətindən qeyd edilənlər fonunda mühüm gözləntilər var. Bunlar doğrularsa, Güney Azərbaycan faktoru yenidən İranda həlledici rola malik olacaq.

Samirə SƏFƏROVA





Избранный
3
2
baki-xeber.com

3Источники