RU

Şənbə üçün nəzm...

Neçə şeir doğulsa da, 
Neçə kitab yazılsa da, 
Bu eşq üçün ağıdır. 
Qalaq-qalaq xatirələr, 
ürəyimə lövbər atıb, 
ruhumu  lap ağrıdır. 
Bu şəhər tam başqa idi, 
Damağımda dadı qalıb. 
Ha gəzirəm qarış-qarış küçələri, 
Hanı “Bakı Gecələri”?
Elə belə adı qalıb.
Naz edəcək  vaxtım deyil,
Əl çək Xəzri küləyi.
Daha heç nə sevindirməz,
Daha heç kəs ovutmaz ki,
Daş olmuş bu ürəyi.
Yatammıram, inanırsan? 
Gecə saat  5-də belə oyağam.
Hər nədisə sürün-sürün 
yaşayıram, hələ sağam.
Bu sarmaşıq yollarımı, 
öz qurumuş əllərimlə cızmışam. 
Tapammıram...
indi özüm, öz içimdə azmışam. 
İndi bildin biz tərəfdə
səhər niyə açılmır,
Günəş niyə qaradır?
İndi bu qız şair olub,
şeir yazır,
söz oynadır,
hekayələr yaradır.
*

Uzanır  aramızda şəhərlər, yollar bunca,
Gecə yuxu görürdüm,
Tanış bir səs deyirdi:
“Ağla gözəl, ağla....ağla doyunca.
Sən gedəli, əllərim göyə qalxıb, 
enməyəcək daha ömür  boyunca.
Həmin  gündən  üzüm ağdır,
Yeddi fəslin payızına, qışına.
Nənəm deyir: Mənim balam 
tuş gəlmisən bir nadan qarğışına.
O vaxt ömür elə gözəl keçirdi,
Biz bir kitab oxumuşduq,
Yadındadı “Tatar Çölü”?
Orda ümid axı sonda ölürdü.
Kim eşidər ha deyir ki, səbr eləyib dözərsən,
Gəl sənə yaşa bu ömrümü, 
Tanrı haqqı bezərsən.
Rəfimiz dağınıqdır, elə mənim beynim kimi,
Xatirələr qarışıb toz içində.
Bayaq yuxu danışdım, mən yozmuşam,
bir dəfə yoz özün də.

*
O şəhər də mənim idi,
o dəniz də,
yaşadığın o küçə də.
Nə dəyişdi bir gecədə?
Biz, biz olsaq bu dərd bizi tapardımı?
Xəzərə baxıb pıçıldayan arzuları
qağayılar apardımı?
Səmaya bax,
pəmbə-pəmbə buludlar da siyah olur.
Göy düşsün başıma mənim,
Mən bilmirdim belə sevmək günah olur.
Qəza idin həyatımda
Ölmədim ki...
Qurban olum yaşamaq da belə olmur.
Yordu, yordu bu yol məni,
yenə yola sarılmışam.
Bəhanələr məndə qalsın,
səni deyib gəlmirəm ki,
o şəhərçün, 
o dənizçün, 
o küçəyçün darıxmışam.


Havar Şəfiyeva

Избранный
43
yeniazerbaycan.com

1Источники