RU

Maskerano: “Messi yaxşı bir müdafiəçi ola bilərdi”

Futbol üzrə Argentina yığmasının və “Barselona”nın keçmiş dayaq yarımmüdafiəçisi Xavyer Maskerano maraqlı iddiası ilə gündəmə gəlib.

O, hesab edir ki, Kataloniya klubunun keçmiş futbolçusu, hazırda ABŞ təmsilçisi “İnter Mayami”də çıxış edən argentinalı ulduz hücumçu Lionel Messi dünyanın ən yaxşı müdafiəçilərindən biri ola bilərdi.

Arena.az Maskeranonun bu barədə fikrini təqdim edir:

“Messi müdafiəçi olsaydı, bəlkə də bu mövqedə dünyanın ən yaxşı oyunçularından biri olardı. Onu keçib məğlub etmək mümkün deyil. Bəzən “Barselona”da biz “təkbətək” oynayırdıq və “Leo”nu keçmək mümkün deyildi. Heç bir fürsət qalmırdı. Bəzən hücumçular özlərini necə müdafiə edəcəklərini bilirlər. Messi müdafiədə çox yaxşı idi. O, sürətlidir, onun ətrafında driblinq etmək isə mümkün deyildi”, deyə Maskerano bildirib.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 35 oyun, 30 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 188 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Избранный
40
12
arena.az

10Источники