RU

Belçika səfəri və 67 yaşlı ərköyün haqda - Reportaj

style='margin-bottom:10px;'>

Millimizin Bakıda İsveçə 3:0 qalib gəldiyi oyunun səhəri günü havalandıq göylərə. Bakı - Brüssel çarter reysi ilə Belçikaya uçan təyyarəni nəzərdə tuturam. Çünki qələbə havalanması üçün tez idi. Bunu komanda üzvləri də başa düşürdü. Yaxşı oyun və inamlı qələbəyə baxmayaraq, üzlərindəki qayğı hiss olunurdu. Bəlkə də, qeydə alınacaq böyükhesablı məğlubiyyəti təxmin edirdilər.

Yığmamızın baş məşqçisi Canni De Byazi də o qədər nikbin görünmürdü. Yeri gəlmişkən, italiyalı ilə birinci və bəlkə də sonuncu səfərimdir. Əslində sonuncu ifadəsini tərəddüdsüz də demək olardı. Ancaq millimizin UEFA Mİllətlər Liqasında pley-off oynamaq və oradan da Avro-2024-ün final mərhələsinə vəsiqə qazanmaq şansı qalır ki, AFFA da hər halda bunu gözləyir. Bunun üçün isə Qazaxıstan millisi bu gün səfərdə Sloveniyaya qalib gəlməlidir. 

 

Brüsseldə

Millimizin Belçikadakı oyunu və De Byazinin çıxardığı hoqqalar haqda bir qədər sonra...

Hələlik Brüsseldə gördüklərimizdən bəhs edəcəm. Təyyarəmiz 6 saata yaxın uçuşdan sonra Belçikanın paytaxtına enərkən 8 böyük, ümumilikdə isə 15 stadion saydım. Bu, yalnız təyyarənin yerə enişi zamanı görə bildiklərim idi.  Bu fakt özü çox şeylər deyirdi. Bəli, ölkədə futbola olan marağı hələ yerə enməmiş görmək olurdu.  

Belçika millisi yığmamızı necə qarşıladısa, Brüssel də bizi elə salamladı. Təbiət elə ora çatandan bizə qaş-qabaq göstərdi. İki günə yaxın yağan yağış yalnız oyun günü fasilə verdi. Ancaq yağışla olsa da, şəhərlə tanış olmaq imkanımız oldu. Çünki Bakıdan fərqli olaraq demək olar ki, tıxacla qarşılaşmadıq. Brüsseldə, insanlar nəqliyyat vasitəsi kimi avtomobil, avtobus, metro, tramvay, şəhərlərarası qatar, velosiped və skuterlərdən istifadə edirlər. Təbii ki, bu qədər minik vasitəsi olan yerdə tıxac olmayacaq.  Hər 200 metrdən bir velosiped və skuter dayanacaqlarına rast gəlmək olur.

 
Şəhər yaşıllıq içindədir ki, bu da Bakıda görmədiyimiz mənzərədir. Mərkəzi küçələrdə yaşı çox olan, böyük ağaclar çoxdur. Bu ağaclar payızı hiss etdirir. Bizdəki kimi yerə bir yarpaq düşən kimi onu süpürtmürlər. Bir sözlə, payızı öz gözəlliyi ilə hiss edirsən. Maraqlıdır ki, şəhərdə süpürgəçiyə rast gəlmək də olmurdu. Amma yerdə yarpaqdan başqa heç nə görmədik. Yəni küçələr insanlar tərəfindən zibillənmir.

Oyun

Oyunun start fiti verilməmiş bizim üçün uğursuzluqlar başladı. Dövlət himnimizlə bağlı ciddi səhvə yol verildi. Azərbaycanın yox, İsveçin dövlət himni səsləndirildi. Daha sonra Belçikanın və AFFA nümayəndələrinin müdaxiləsindən sonra Azərbaycanın himni təqdim olundu. Millimiz oyuna belə çaşqınlıqla başladı. Adamın oyun deməyə dili də gəlmir. Belçika oynadı və 5 qol vurdu. Yaxşı ki, fasilədən sonra ilk hissədə 4 qol vuran Romelu Lukaku əvəzləndi. Yoxsa bəlkə də, hesab 8:0 olardı. Adam qapımız qarşısında hər topa toxunanda qol vururdu. De Byazinin sevimli futbolçusu Höccət Haqverdi nəinki Lukakuya mane ola bildi, heç oyunda görünmədi də. Halbuki Amin Seydiyev Höccətdən qat-qat faydalı olardı. 

Şübhəsiz ki, Eddi İsrafilovun qırmızı vərəqə alması oyunun qırılma anı idi. 0:1 hesabı ilə geridə olan millimiz bundan sonra ardıcıl qollar buraxdı. Düzdür, Eddinin komandaya xeyri dəymirdi, amma say üstünlüyü özünü göstərdi. Ümumiyyətlə, İsveçə 3:0 hesabı ilə qalib gəldiyimiz oyunda meydana çıxan Coşqun Diniyevin Belçika ilə görüşdə Eddi ilə əvəzlənməsi anormal qərar idi. Atası anqolalı olan Paskual Silvestr Eddi İsrafilov bu mövsüm “Neftçi”də heç üst-üstə bir saat oynamayıb. Bəs onda Eddidən fərqli olaraq ən azından ürəklə oynayan bir futbolçuya şans vermək olmazdımı? De Byazinin bu haqda suala cavabı da gözləniləndən artıq olmadı. Ümumiyyətlə, o mövqedə ən uğursuz seçim Eddi idi. Onun əvəzinə oyuna kim çıxsaydı, hər halda milli komandanın nə demək olduğu vecinə olardı, Eddi kimi meydanda gəzməz və 7 dəqiqəyə iki sarı vərəqə alıb meydandan qovulmazdı.  

De Byazinin ədəbsizliyi

Oyun bitdi və De Byazi bu dəfə köməkçisi Arif Əsədova təpik vura bilmədi. Amma onsuz da bu italyan artıq 3 ildir Azərbaycan futbolunu təpikləyir. 

Bir neçə dəfə azərbaycanlı jurnalistlərə qarşı hörmətsizlik edən De Byazi Belçika ilə oyundan sonra həddini aşdı və tərbiyəsiz fikirlər səsləndirdi. O, elə ilk tənqidi sualdan sonra özündən çıxdı. Ən pisi isə odur ki, bu fikirlərini belçikalı tərcüməçiyə yerli jurnalistlərə olduğu kimi tərcümə etməyi tapşırdı. Onun bu hərəkəti qətiyyən qəbul edilməməlidir. Daha sonra 67 yaşlı məşqçi ərköyün uşaqlar kimi hirslə mətbuat konfransını yarımçıq tərk etdi. Gedəndə də qapını səhv saldı. 

De Byazinin jurnalistlərə “axmaq“ deməsini mətbuat konfransından sonra bildik. Çünki millinin tərcüməçisi De Byazidən fərqli olaraq abırına sığınıb onun fikirlərini tərcümə etməmişdi. Mətbuat konfransından dərhal sonra AFFA-nın baş katibi Sərxan Hacıyev De Byazinin fikirlərinə görə Azərbaycanın idman jurnalistlərindən üzr istədi. Bu, onun nəzakətidir, amma Azərbaycan futbolu naminə De Byazini Brüsseldən İtaliyaya göndərmək daha yaxşı olardı. Çünki həyadan kəm insanla çalışmaq çox çətindir. Amma gəldi. Utanmadan, gülə-gülə gəldi. Əslində biz bu hissi ondan gözləməli deyilik. Utanan olsaydı, hər addım başı Azərbaycan futbolunu aşağılamazdı. Hələ Azərbaycan futbolunu maşınla müqayisə edərək onu “Fiat” adlandırır, sürətinin olmadığını deyir. Bəs sən 3 ildir nə işlə məşğulsan? Yaxud da gələndə Azərbaycan millisini nə hesab edirdin? Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxarmağınla öyünürdünsə, albanlar bunu sənsiz də bacardı. Azərbaycanın Fransaya 0:10 hesablı məğlubiyyətini yada salmaq isə De Byazinin acizliyinin daha bir göstəricisidir. Bəli, ötən gün 0:10-dan da danışdı, siz Fransaya belə hesebla uduzmuşdunuz da dedi. Bir sözlə, uğursuzluğundan başqa hər şeydən danışır. Aşığın sözü qurtaranda “dalay-dalay” deyər.

De Byazinin də sözü çoxdan bitib.     
  
Ramiq Ağaməmmədov
Brüssel - Bakı

P.S. Azərbaycanda bir çox sosial layihələrdə yaxından iştirak edən Etopaz bu dəfə jurnalistlərin Brüsselə səfərini yüksək səviyyədə həyata keçirdi. Media nümayəndələri üçün yaxşı şərait yaradıldı. 

Избранный
349
27
teleqraf.com

10Источники