RU

Azərbaycanlı alim dünya çempionu ilə görüşündən danışdı

Türk əsilli futbol ulduzu, Almaniya millisinin heyətində dünya çempionu titulunu qazanan Məsud Özil Azərbaycandadır. 

Bakıvaxtı.az xəbər verir ki, öz futbol akademiyasını yaratmaq istəyən Özil Bakıda bir sıra görüşlər keçirib, müxtəlif tədbirlərə qatılıb. Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev də futbol üzrə dünya çempionu ilə görüşüb, ona müəllifi olduğu “Kardeş ülkeler” kitabını avtoqrafla hədiyyə edib. Tanınmış alim Gəncliyə Yardım Fondunun ofisində Məsud Özillə reallaşan bugünkü görüşü barədə təəssüratlarını saytımıza bölüşüb: “Ötən il İstanbulda nəfis şəkildə “Kardeş ülkeler” kitabım nəşr olunmuş və Türkiyənin müxtəlif şəhərlərində yüksək səviyyədə təqdimat mərasimləri keçirilmişdi. Türkiyə Cümhuriyyətinin 100 iliyinə həsr etdiyim həmin kitabda futbol ulduzu Məsud Özilə də xüsusi bir fəsil ayırmışdım”. 

Professor Çingiz Abdullayev bildirib ki, Məsud Özil dünyada baş verən proseslərə, ədalətsizliklərə daim öz münasibətini bildirən nadir idmançılardandır: 

“O, dünya çempionu titulunu qazanan hələ ki, yeganə türk futbolçudur. Amma bu onu fərqləndirən yeganə üstünlük deyil, Məsud hər zaman ictimai-siyasi proseslərə münasibətini bildirib, haqsızlığa qarşı açıq şəkildə səsini ucaldıb. Onun müsəlman dünyasına qarşı aparılan kampaniyalar zamanı dediyi fikirlər, Çində uyğurların başına gətirilənlərə etiraz etməsi hamının yaxşı yadındadır. Məsud Özil həm də tibbi və humanitar sahələrdə həyata keçirilən müxtəlif layihələ daim dəstək verərək insanpərvərliyini nümayiş etdirib. 

Dünyanın futbol meydanlarında göstərdiyi oyun, qazandığı uğurlardan əlavə onun insan kimi xarakterindəki bu müsbət xüsusiyyətlər hər zaman mənim diqqətimi çəkdiyindən “Kardeş ülkeler” kitabımda bu məsələlərdən bəhs etmişdim. Bakıdakı görüşümüz zamanı kitabı ona avtoqrafla bağışladım. İstər Almaniya millisində, istərsə də Madridin “Real” klubunda, xüsusi ilə də London “Arsenal”ında forma geyindiyi zamanlar göstərdiyi yüksək peşəkarlıq barədə danışdım, maraqlı fikir mübadiləsi apardıq”. 
 

Избранный
35
3
bakivaxti.az

4Источники