RU

“Sepah” generalının qayıdışı: Qaani indiyədək harada idi?

“Sepah”

Bir neçə həftədir haqqında “ölüb”, “komandası ilə birlikdə həbs olunub”, “istintaqda insult keçirib”,- deyilən “Sepah” generalı İsmayıl Qaani ictimaiyyət arasında görünüb.

Reyting.az
xəbər verir ki, o, Tehranın Mehrabad hava limanında dövlət televiziyasının (IRIB) müxbiri ilə foto çəkdirib.

Qaani hava limanında Beyrutda öldürülən İnqilab Keşikçilərinin (İİKK) briqada generalı Abbas Nilfroşanın cənazəsinin qarşılanması mərasimində iştirak edib. Bundan sonra telekameralar və foto reportyorların qarşısında həmkarının hüzr mərasimində iştirak edib.

Xatırladaq: Korpusun (“Sepah”) “Qüds” Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaaninin son günlər harada olması ilə bağlı neçə-neçə iddia və fərziyyələr mövcud idi.

İsmayıl Qaani “Sepah” Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin oktyabrın 1-də İsrailə raket zərbəsinə görə medal aldığı mərasimdə iştirak etməmişdi. Həmçinin, İranın Ali Rəhbəri Əli Xamnəinin imaməti ilə qılınan Cümə namazında da gözə dəyməmişdi. Onun son təsdiqlənmiş görüntüləri sentyabrın 29-da “Hizbullah”ın Tehrandakı ofisində qeydə alınmışdı. O vaxtdan bəri İran rəsmiləri ölkənin ən tanınmış hərbi xadiminin rəsmi mərasimlərə niyə qatılmaması barədə susur və əksinə, İsrail, ərəb və Qərb mediası ortaya inanılmaz iddialar atırdı.

“The Times of Israel” və “The Jerusalem Post” qəzetləri İsmayıl Qaaninin sonuncu dəfə Livanın cənubunda, Beyrut ətrafındakı ərazidə göründüyünü iddia etmişdi.

Nəhayət, oktyabrın 6-da “Reuters” 2 yüksək rütbəli İran təhlükəsizlik rəsmisinə istinadla xəbər vermişdi ki, Qaaninin oktyabrın 4-də Beyrutun cənub ətrafına İsrail aviasiyasının endirdiyi zərbələrdən sonra itkin düşüb. Bundan əvvəlki məlumatlarda isə “Qüds” Qüvvələri komandanının “Hizbullah” lideri Həsən Nəsrullahın ölümündən sonra Livana getdiyi vurğulanırdı.

Daha sonra “Hizbullah”ın mümkün varisi Haşim Səfiəddinin hədəfə alındığı an general Qaani “Hizbullah”ın onunla birgə hava hücumuna məruz qaldığı iddiası dövriyyəyə girdi. Əslində, İsrailin Beyrutun cənub ətraflarını intensiv bombardman etməsinin məqsədi Haşim Səfiəddini məhv etmək idi. İddiaya görə, Şeyx Nəsrullahın mümkün varisi Qaani ilə əlaqə saxlaya bilməyib.

Bu arada İsrail ordusunun sözçüsü Nadav Şoşani Qaaninin öldürülə biləcəyi ilə bağlı fərziyyələrə cavab verərək, hücumun nəticələrinin hələ də qiymətlənd0irildiyini bildirib. “Channel 12” Qaaninin yaralanma ehtimalının araşdırıldığını vurğulamışdı.

İran hökumətinə gəlincə, o, İsmayıl Qaaninin gözdən-könüldən iraq düşməsi ilə bağlı tam səssiz qalıb. Nə “Sepah”, nə də ordunun Baş Qərargahı onun harada olması ilə bağlı açıqlama verməyib.

Bəzi İran informasiya mənbələri şayiələri dağıtmağa çalışıb. Digərləri, xüsusən, rejim əleyhdarları sosial mediada Qaaninin yoxluğunu hətta “mem”ə çeviriblər.

“Mehr” İnformasiya Agentliyi və IRIB-in (dövlət televiziyası) “İsmayıl Qaaninin şəhadətinin inkarı” başlıqlı köhnə xəbərləri tirajlayıb. Bundan əlavə, “Hamshahri Online” nəşri İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvünə istinadla Qaaninin sağ olduğunu təsdiqləyib. Lakin sonradan Parlament İnformasiya Agentliyi sözügedən deputat Abbas Qolru ilə müsahibəni təkzib edib.

İslam Respublikasının yeni administrasiyası “Qüds” Qüvvələrinin komandirinin sağ və ya ölü olduğuna dair heç bir açıqlama verməyib.

Bunun ardınca ərəb mediasında İsmayıl Qaani və komandasının həbs olunması, dindirildiyi və proses zamanı infarkt keçirdiyini iddia edib. Hesabatlarda Qaaninin dindirilməsinin İsrailin “Hizbullah” liderlərinə qarşı ölümcül hücumlarından sonra baş verdiyini, onun baş və yüksək səviyyəli komandirlərini öldürdüyünü və “Sepah”da dəstəklədiyi “proxy” qrupları arasında mümkün sızmaların müəyyən edilməsi də iddialar arasında idi.

Oktyabrın 9-da əfsanələri yaracaq bir xəbər peyda oldu: “Qüds” Qüvvələrinin komandiri İsmayıl Qaani yaxın günlərdə mükafatlandırılacaq.

ISNA yazdı ki, Ayətullah Xamnəi generalı “Fəth” medalı ilə təltif edəcək. Bu barədə məlumatda “Sepah” rəsmisi general İbrahim Cəbbariyə istinad olunmuşdu.

Onun sözlərinə görə, “Qüds” Qüvvələrinin komandanı sağ-salamatdır və tezliklə Tehrana qayıdacaq.

Və o həqiqətən qayıtdı!..

Y. QACAR
Избранный
48
50
reyting.az

10Источники