Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən İmişli rayonu Qulubəyli bələdiyyəsinin sabiq sədri Mirvəli Tağıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
İttihama görə, 1948-ci il təvəllüdlü Mirvəli Tağıyev qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan təkrar olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlamaqla, becərməklə və başqa üsullarla tutmuş, torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmış, bundan başqa vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib İmişli rayonu Qulubəyli bələdiyyəsinin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə qəsdən bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.
Məhkəmədə zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Qulubəyli bələdiyyəsinin nümayəndəsi, eyni zamanda mülki iddiaçı Qalib Nağıyev ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onun qardaşıdır. 12 dekabr 1999-cu ildən hazırkı vaxta qədər İmişli rayonu Qulubəyli bələdiyyəsində ayrı-ayrı vaxtlarda bələdiyyə üzvü və sədri olmaqla işləyir. Belə ki, 29 oktyabr 2007-ci ildən 26 avqust 2014-cü ilə qədər Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyib, 2019-cu ildə keçirilmiş seçkilərdə bələdiyyənin üzvü seçilib. 2020-ci ilin əvvəllərində Mirvəli Tağıyev bələdiyyə sədri seçib. 25 aprel 2022-ci il tarixdə Qulubəyli bələdiyyəsində keçirilən iclas zamanı bələdiyyənin 04 saylı protokolu ilə təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsindən kənarlaşdırılıb.
Onun sözlərinə görə, həmin protokolla bağlı iddia tələbi birinci, habelə yuxarı instansiya məhkəmələrində mübahisələndirilib və təsdiq olunub. Qalib Nağıyev bildirib ki, 2022-ci ilin 25 aprel tarixindən bələdiyyə sədri vəzifəsini icra edir.
O qeyd edib ki, təqsirləndirilən şəxs bələdiyyə sədri olduğu müddətdə bələdiyyə üzvlərinin iştirakı olmadan saxta iclas protokolları tərtib edib, bələdiyyənin bank hesabı üzərində sərəncamlar verib, pulları mənimsəyib, özünə və arvadına saxta əmək haqqı yazıb, bəzi hallarda isə ümumiyyətlə təyinatsız, məxaricsiz pullar mənimsəyib. Bələdiyyə sədri seçilməsi üçün keçirilən iclasın protokolundan başqa digər protokollarda bələdiyyə üzvlərinin, hətta onun əvəzinə imza atıb və səlahiyyətlərindən sui-istifadə edib.
Mirvəli Tağıyev məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Kamal Məmmədov