Son vaxtlar 30 il ərzində ərazilərimizin işğalına, separatçıların vəhşiliklərinə, siyasi şantajlarına göz yuman, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarına biganə yanaşan beynəlxalq təşkilatlar və onlara məxsus qurumlar Fransanın təhdidi ilə “aktiv”ləşiblər. Rəsmi İrəvan da məkrli məqsədinə nail olmaq üçün onlardan maksimum dərəcədə yararlanmağa çalışır. Belə ki, UNESCO-nun Parisdə öz işinə başlayan Baş Konfransının 42-ci sessiyasında çıxışı zamanı bu ilin sentyabrın 19-20-də şanlı ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirlərini “genişmiqyaslı hərbi hücum”, Azərbaycan cəmiyyətinə reinteqrasiyadan imtina edən Qarabağın erməni sakinlərinin Ermənistana köçməsini “məcburi köçkünlük və etnik təmizləmə” adlandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, həmçinin Qarabağdakı alban dini abidələrini “erməni mədəni və dini irsi” kimi təqdim edərək onların “vandalizm və talançılıqdan qorunmasının çox vacib” olduğunu bildirib. Üstəlik, Mirzoyanla UNESCO-nun baş direktoru Odri Azule arasında təkbətək görüş keçirilib. Həmin görüşdə də “mənəvi və mədəni irs”in qorunması mövzusu “müzakirə” edilib, Qarabağa UNESCO missiyasının göndərilməsinin, oradakı abidələrin xəritəsini çəkmək üçün faktların toplanmasının vacibliyi qeyd olunub.
Bəri başdan qeyd edək ki, Mirzoyanın səsləndirdiyi həmin fikirlər heç bir fakta əsaslanmır. Nazirin dedikləri sadəcə onun erməni təxəyyülünün məhsuludur. Halbuki, rərmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur. Hətta antiterror tədbirlərindən sonra Ermənistanın Qarabağda tarixi və mədəni abidələrin təhlükə altında olması ilə bağlı iddialarının əsassızlığını BMT-nin regiona reallaşdırdığı iki missiyası da təsdiqləyib. UNESCO isə bu addımı ilə nəzdində fəaliyyət göstərdiyi beynəlxalq təşkilatla belə hesablaşmaq istəmir. Şübhəsiz, bu, BMT-dəki hərc-mərclikdən xəbər verir. Bu mənada Ermənistanın mədəni, dini, tarixi abidələri qorumaq vəzifəsi daşıyan UNESCO kimi beynəlxalq platformadan Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşdırılması ilə bağlı çağırışları ikiüzlülükdən başqa bir şey deyil.
Yəqin Mirzoyan da bilməmiş deyil ki, hayların Qarabağdakı “erməni irsi” kimi qələmə verdikləri tarixi abidələr Qafqaz Albaniyasının yadigarlarıdır.
Ermənilər otuz illik işğal dövründə həmin kilsələrin üzərində dəyişiklik və saxtalaşdırmalar aparmaqla onları da özününküləşdirməyə çalışıblar.
Rəsmi Bakı bununla bağlı müxtəlif qurumlara, o cümlədən UNESCO-ya dəfələrlər müraciət etmiş və faktaraşdırıcı missiyaların təşkilinə cəhdlər göstərmişdir. Hətta Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi?”
Məhz Ermənistanın törətdiyi maneələr nəticəsində bu, mümkün olmamışdır. UNESCO da bu məsələdə hayların xətrinə dəymir, sərsəm erməni iddiasına dəstək verir. Şübhəsiz, bu da UNESCO-nun ermənipərəst qurum olmasına dəlalət edir.
Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə UNESCO missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib. Rəsmi Bakı buna razılıq verib, lakin Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib. Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər. Qurumun bu mövqeyindən aydın görünür ki, ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vandalizm faktları UNESCO-nu maraqlandırmır. Beləliklə, UNESCO missiyası Ağdamı görməzdən gələrək Xankəndiyə səfərdə israr etməklə öz ikili standartlarını növbəti dəfə aydın şəkildə ortaya qoyur.
Qeyd edək ki, hazırda UNESCO-nun baş direktoru erməni lobbisinə yaxınlığı, öz ermənipərəstliyi, antı-türk çıxışları ilə seçilən Odri Azule fransızdır. Bu xanım qurumda özünü Fransanın, daha doğrusu, ölkəmizə qarşı ədaltəsiz mövqe tutan sözügedən ölkənin Prezidenti Makronun rəsmi nümayəndəsi kimi aparır. Halbuki, Odri Azule Azərbaycan torpaqları işğal altında olanda ərazilərə səfər edib işğalçıların dağıtdığı mədəni, tarixi abidələrə baxış keçirmək cəhdi belə göstərməyib. Eləcə də ərazilər işğaldan azad edildikdən sonra qurum və onun başçısı bölgədəki humanitar vəziyyətlə bağlı müşahidə aparmayıb. Ümumiyyətlə, bu xanım digər müsəlman ölkələrinə qarşı da öz xristian mövqeyindən çıxış edir. Elə bu kimi səbəblərdən Qətər Əmiri şeyx Təmim bin Həməd Al Taninin anası Şeyxa Moza bint Nasir əl-Misnəd noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısı zamanı UNESCO-nun xoşməramlı səfiri vəzifəsini tərk etdiyini bildirib.
Qvami Məhəbbətoğlu, “İki sahil”