Xətai rayonu Əhmədli kəndində bir müddət əvvəl aparılan təmir işləri yarımçıq qalıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya Balaxan Süleymanov və Seyid Mirhəsən Ağa küçələrində yaşayan sakinlər şikayət ediblər. Onların sözlərinə görə sözügedən ərazidə yollar təmir adı ilə qazılsa da, işlər hələki tamamlanmayıb.
Yolların dar, keçilməz olması, üstəlik qazılıb, təmir olunmaması hərəkət iştirakçılarının işini çətinləşdirib. Üstəlik yağışlı günlərdə ərazidə hərəkət mümkünsüz olur.
Qeyd edək ki, sözügedən yol poliklinika və məktəb yoludur.
Maraqlıdır ki, kənd Əhmədlinin digər küçələri bu yaxınlarda təmir olunub abadlaşdırılsa da, Balaxan Süleymanov və Seyid Mirhəsən Ağa küçələrinin bəxti açılmır.
Sözügedən yollar nə vaxt təmin olunacaq?
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Saytımızın ünvanladığı sorğudan sonra qəsəbənin bir hissəsində texnikaların fəaliyyəti işə düşüb.
Bununla yanaşı qurumun aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlamasında bildirib ki, kəndin ərazisi xeyli böyükdür və quruculuq işləri davam etdirilir:
“Kəndin ən böyük problemlərindən biri mərkəzi kanalizasiya xəttinin olmaması idi, bu işlər çərçivəsində o da həll edildi”.
Pənah İmanov həmçinin əlavə edib ki, adıçəkilən ərazilərin bir hissəsində asfaltlama işləri aparılıb:
“Hava şəraiti ilə əlaqədar olaraq işlərin bir hissəsi dayandırılıb. Həmin ərazilərdə palçıq quruduqdan sonra işlər davam edəcək, asfalt vurulacaq. Təbii ki, sakinlər də haqlıdırlar, rahat şəraitdə hərəkət etmək istəyirlər. Təmir işləri hissə-hissə görülür, birdəfəlik etmək mümkün deyil. Yəqin ki, yaxın zamanda məsələ tam həllini tapacaq”, - deyə qurum rəsmisi qeyd edib.