RU

Gəncədəki partlayışda zərərçəkən: “5-ci mərtəbədən 4-ə düşmüşəm”

Gəncədə binada baş verən partlayış nəticəsində xəsarət alanlar hadisə ilə bağlı danışıblar.

News24.az Gencexeber.az-a istinadla məlumat verir ki, Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunan şəxslərin həyatlarına təhlükə törədəcək risklər yoxdur. Bunu tibb ocağının Baş həkimi Ruhin Abuzərli bildirib.

Onun sözlərinə görə, səhər 07:00 radələrində Abbas Səhhət adına xəstəxanaya 3 nəfər hospitalizasiya olunub:

“Xəstələrin birinin vəziyyəti yaxşı olduğu üçün o, evə buraxılıb. Digər iki xəstənin (cinsi qadın) müayinə və müalicəsi davam etdirilir. Onların birinə dəqiqləşdirilməmiş kəllə-beyin travması, o biri xanıma isə bədənin əzilməsi diaqnozu qoyulub”, – R.Abuzərli bildirib.

Üçüncü mərtəbə sakini olan zərərçəkənlərdən biri Əliyeva Nüranənin sözlərinə görə, partlayış nəticəsində tavan üzərinə düşüb və o, dağıntıların altında qalıb. Qadın bildirib ki, özünü yaxşı hiss edir, ciddi zədəsi yoxdur. Xanım əlavə edib ki, ayağına güc düşdüyü üçün ağrıları var.

Digər zərərçəkən qadının sözlərinə görə, hadisənin baş verdiyi zaman yuxuda olub. 5-ci mərtəbədə yerləşən mənzildən 4-cü mərtəbəyə düşüb:

“Gözümü açanda üstümdə əşyalar var idi və bizi dağıntılar altından çıxarmağa çalışırdılar. Evdə yoldaşım, oğlum və anam da vardı. Onlar arasında xəsarət alan yoxdur. Ayağımdan, başımdan və qabırğamdan xəsarət almışam”.


Избранный
14
news24.az

1Источники