RU

Ermənistan İrana qarşı çox sərt addımlar atacaq- gözlənilməz proseslər başlanır...

Image

Ermənistanın Qərb kuratorluğu ilə regionda fəaliyyəti təkcə Azərbaycan və Rusiyada yox, İranda da getdikcə böyük qıcıq yaradır. Bu da təsadüfi deyil. Ümumiyyətlə, yaxın tezlikdə Ermənistanın İranla bağlı yeni bir siyasətə başlayacağı gözlənilir. Bu siyasətdən Tehran o qədər də məmnun qalmayacaq.

Qeyd edilənlərin səbəbini “Sputnik Armenia” portalı belə izah edir: “Hazırkı Ermənistan hökumətinin Ermənistan-Rusiya münasibətlərini dəyərdən salmaq istiqamətində sistemli addımlarından sonra növbə İrandadır. Bu gözlənilən idi, çünki Ermənistan hakimiyyətinin son illər xarici trasda hərəkətləri sırf kollektiv Qərbin maraqlarına xidmət etməyə hesablanıb. Bu da Türkiyə-Azərbaycan tandeminin regionda siyasətləri ilə qəribə şəkildə üst-üstə düşür. Onu da xatırladaq ki, Qərbin əsas tələblərindən biri İrana qarşı bloklama, nəzarət, təzyiqdir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonu xatırlayaq. O, Ermənistanda “məxməri inqilab” başlayanda çox birbaşa və sərt şəkildə Ermənistan hakimiyyətinə Rusiya və İranla münasibətləri yenidən nəzərdən keçirmək, müvafiq proseslərə başlamaq üçün göstəriş vermişdi. Əgər kimsə unudubsa, xatırladaq ki, 44 günlük müharibədən əvvəl də Nikol Paşinyan hökuməti Boltonun “dəyərli göstərişləri”nə uyğun olaraq Amerikanın əmrlərini canfəşanlıqla yerinə yetirməyə tələsirdi. Məsələn, elə həmin Nikol Paşinyanın qalmaqallı bəyanatı var idi. Burada o, İran sərhədlərinin bağlanmasının mümkünlüyünü bəyan edir, o qədər absurd arqumentlər irəli sürürdü ki, bunlar fonunda da “məxməri” inqilabçıların İrana qarşı hücumlarının sifarişli mahiyyəti dərhal aydın olurdu. Son misallardan xatırlayaq ki, İranın İsrail-Amerika koalisiyasından zərbə gözlədiyi məhz bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın təmsil olunduğu Ermənistan hakimiyyəti İrəvanda təmtəraqlı şəkildə Pentaqonun Avrasiya qitəsi üzrə kəşfiyyat direktoru, Patrik Pryoru qəbul edib. Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun yeni seçilmiş baş katibi Mark Rutteyə təbrik məktubunda Ermənistanla NATO arasında bir çox məsələlərə baxışın üst-üstə düşdüyünü vurğulamışdı. Və əlbəttə ki, İrəvanın Ermənistan-İran sərhədindəki keçid məntəqəsinə nəzarət etmək qərarını xatırlamamaq olmaz. İranlılar başa düşürlər ki, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində rus sərhədçilərinin tədricən dəyişdirilməsi, təbii ki, İranın milli təhlükəsizliyi üçün yeni risklər daşıyır. Yeri gəlmişkən, bu qərarların Ermənistanın suverenliyi və müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur. İranlılar onu da başa düşürlər ki, Ermənistan hakimiyyəti tədricən həmin avroamerikalıların nəzarəti altında Ermənistanı Türkiyə-Azərbaycan qapısına çevirir. Bunu Paşinyanın komandası niyə edir?

Çoxlu versiyalar var, amma əsas versiyalardan biri odur ki, indiki Ermənistan hakimiyyəti hər şeyi elə edir ki, amerikalı və ya avropalı kuratorlar, obrazlı desək, iqtidarın siyasi həyat qabiliyyətinə Qərbin fəal dəstəyi perspektivi ilə onların başını sığallasınlar.

Üstəlik, hətta qatı paşinyançı belə başa düşür ki, Ermənistanın İran istiqamətində zəifləməsi Türkiyə-Azərbaycan tandemini regionda daha da gücləndirir. İndi Rusiya tərəfinin Ermənistan-İran sərhədindəki keçid məntəqəsindən geri çəkilmək qərarı ilə bağlı motivlərini təhlil etməyə ehtiyac yoxdur. Biz daha çox maraqlanmalıyıq ki, bundan sonra nə baş verəcək və indiki Ermənistan hakimiyyəti bizim üçün başqa hansı risqlər yaradacaq. Hazırkı vəziyyət iranlılar üçün gərgindirmi? - Əlbəttə. Ermənistan cənub sərhədlərində İranın təhlükəsizlik yastığını itirirmi? - Şübhəsiz ki. Bu nə deməkdir? Yaxşı heç nə yoxdur və bu, yumşaq desək, ölkə üçün çox təhlükəlidir”. Bu deyilənlərdən bəlli olur ki, Ermənistan Qərbin, xüsusən də ABŞ-ın İran üzərində nəzarətini gücləndirməsinə şərait yaradır. Erməni politoloq Stepan Danielyan da məsələyə məhz bu prizmadan yanaşır. Onun sözlərinə görə, Qərb Rusiya hərbçilərinin İran və Türkiyə sərhədlərindən çıxarılmasını açıq şəkildə tələb etsə də, təhlükəsizliyin təmin olunması baxımından bu, Ermənistan üçün məqbul deyil: “Bu qərar Ermənistanın hazırkı hakimiyyətinin siyasətinə də təsir edir, o, faktiki olaraq NATO-nun heç bir zəmanəti olmadığı halda Rusiya və İrana qarşı addımlar atır. Ermənistan hakimiyyətinin Avropa yönümlü siyasəti qüsurludur və Rusiyanın Ermənistana iqtisadi təsiri məhdudlaşdırıcı rol oynayır. Yəni bir tərəfdən Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədlərində qalacaq, digər tərəfdən isə keçid məntəqəsində nəzarəti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirəcək”. Danielyan əlavə edib ki, Ermənistan hakimiyyətinin qərbyönümlü olmasına İrəvanla Tehran arasında iqtisadi əlaqələrin inkişafı da mane olur: “Təbii ki, Qərb Rusiya və İranın Cənubi Qafqazda təsirindən narahatdır. Qərbin yüksək rütbəli məmurları Qərbin və Türkiyənin təsiri altında formalaşmalı olan türk orta dəhlizinə maraqlarını açıq şəkildə ifadə edirlər. Eyni zamanda, Ermənistan hökuməti qərbyönlü siyasətinin hansı nəticələrə gətirib çıxara biləcəyindən əmin deyil”. O hesab edir ki, Rusiya hərbçiləri Ermənistanı tərk edəcəyi təqdirdə İran da milli maraqlarını əsas götürərək Ermənistana qarşı sərt addımlar ata bilər: “Qərb də Ermənistanda fəallaşır. Nəticədə Ermənistan geosiyasi müharibə meydanına çevrilə bilər”.

Nahid SALAYEV





Избранный
73
50
baki-xeber.com

10Источники