RU

Sülh sazişi "3+3" platformasında imzalayacaq?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib. Bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.  

 

"3+3" platforması çərçivəsində sülh danışıqlarının irəliləməsi və bu platforma çərçivəsində sülh müqaviləsinin imzalanması gözlənilirmi? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, "3+3" platforması çərçivəsində yalnız fikir mübadiləsi aparılıb:

 

"3+3" platforması çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən hiss olunur ki, nəticə əldə olunmayıb. Sadəcə olaraq, fikir mübadiləsi aparılıb. Əvvəlki görüşlərdən sonrakı bəyanatlarda da danışıqların davam edəcəyi və qısa müddət ərində onun imzalanmasına çalışılacağı yazılırdı. Lakin bu, o demək deyildir ki, mövcud olan fikir ayrılıqları aradan qaldırılıb".

Politoloq qeyd edib ki, Ermənistan konstitusiya dəyişikliyi etmədən hansısa ciddi nəticənin əldə edilməsi mümkün deyil:

 

"Azərbaycanın tələbi gündəmdədir. Ermənistan konstitusiyasını dəyişdirməlidir. Lakin Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı heç bir addım atmayıb. Belə olan təqdirdə də danışıqlarda çox ciddi nəticələrin əldə olunması mümkün deyil".

 

Politoloq Natiq Miri isə vurğulayıb ki, "3+3" görüşünün nəticələri ilə bağlı həm  bəyanat, həm də Azərbaycan-Ermənistan nümayəndə heyətinin görüşü ciddi nəticənin olmadığını bir daha göstərib:

 

"Türkiyədəki XİN başçıları səviyyəsində görüş Nyu-York-da BMT-nin 79-cu sessiyası çərçivəsində baş tutan görüşü xatırladır. Nyu-Yorkda XİN başçılarının görüşündən sonra da daha ciddi səylərin davam etdirilməsində razılığa gəlindiyi qeyd edilmişdi. Azərbaycanın şərtləri isə dəyişəsi deyil. Çünki Azərbaycan 30 illik münaqişəni yaradan səbəbləri aradan qaldırmadan imzalanan sülh sənədinin əhəmiyyətinin olmadığını anlayır və bunun davamlı olmayacağını bilir. Bu həm konyektura, həm də hüquqi baxımından belədir. Çünki konyektura dəyişən kimi konstitusiya dəyişilmədiyinə görə yeni hakimiyyət sənədi Konstitusiya Məhkəməsinə göndərib, ləğv edəcək. Belə revanşist qüvvələr Ermənistanda çoxdur. Ona görə Azərbaycana təminat lazımdır. Burada səy göstərəcək yalnız Ermənsitandır. Azərbaycan heç vaxt danışıqlar qapısını bağlamayıb və qapının bundan sonra da açıq qalacağını bəyan edib. Ona görə də bunun formulasını Ermənsitan tapmalıdır".

Politoloqun  fikrincə, Ermənistan referendum keçirib cəmiyyətin sülhü istəyib-istəmədiyini öyrənməlidir:

 

"Konstitusiya dəyişikliyi üçün referendumun 2027-ci ildə keçirilməsinə qərar veriblər. Bu da onunla bağlıdır ki, konstitusiya kökündən dəyişdirilir və yenidən yazılır. Bu, əlbəttə, zaman alan məsələdir. Ancaq bu, həm də o deməkdir ki, 2027-ci ilə qədər heç bir sülh müqaviləsi imzalanmayacaq. Bugünkü şərtlər sabah ümumiyyətlə mövcud olmaya bilər. Bunu Ermənistan unutmamalıdır. Ermənistan, həqiqətən də, ictimai etirazdan qorxursa, xalq arasında referendum keçirə bilər. Bir cümlə həmin referendumda "Azərbaycanla sülh istəyirsinizmi?" cümləsi əlavə oluna bilər. Bunun fonunda iki gün əvvəl Nikol Paşinyan çıxışında bildirir ki, Ermənistanda 4 oğlu olan bir ailə onlardan heç birini orduya göndərmir, müxtəlif vasitələrlə ya ölkədən çıxarır, ya da xəstəlik kağızı almaqla övladlarını qorumaq istəyirlər. Bu, böyük göstəricidir. Vəziyyət belədirsə, demək, həmin ailələr övladlarının ölməsini istəmir. Deməli, ailə bilir ki, müharibə olacağı təqdirdə, əlbəttə, oğlu öləcək. Bu məsələnin birinci tərəfdir. Digər yandan ailə övladlarını orduya göndərmək istəmirsə, deməli, müharibə istəmir. Müharibədə istəmirsə, bunun alternativi sülhdür. Sülh olduqda əməkdaşlıq mövcud olacaq ki, bu da düşmənçiliyi aradan qaldıra bilir. Belə olan halda bütün erməni ailələri sülhə tərəfdar kimi çıxış etməlidir. Buna görə müharibə istəməyən erməni ailəsi referendumda Azərbaycanla sülh istədiyini bildirməlidir. Belə olan halda Nikol Paşinyanın gedəcəyi heç bir risk qalmayacaq. Erməni xalqının referendumda müharibə istəyəcəyinə də inanmıram. Müharibə istəyən adam övladlarını rüşvət qarşılığında ölkədən qaçırmaz. Əminəm ki, sərhədyanı bölgələrdə yaşayan ermənilər qorxu və səksəkədədir. Açığı həll yolunu bunda görürəm".

 

N.Miri COP29-a qədər sülhün imzalanması məsləsindən də danışıb:

 

"Türkiyədə ciddi bir nəticənin olduğunu düşünmürəm. Olsa-olsa nəqliyyat-kommunikasiyaların açılması yönündə müəyyən razılaşmalar mümkündür. Bunu da Mirzoyan bəyan edib. O, bildirdi ki, Azərbaycana sadələşdirilmiş Gömrük və keçid təklifləri verilib. Bu fakt diplomatik danışıqların dayanmadığını və hər zaman gedtdiyini göstərir. Həmin istiqamətdə müəyyən razılaşmaların olması ehtimalı daha böyükdür. COP29-a qədər sülh sazişinin imzalanmasına gəldikdə, düşünürəm ki, burada yalnız razılaşdırılımış məqamdan Ermənistan çox dəm vurursa, razılaşdırlmış məqamları qarşılıqlı olaraq, maraqlaya bilər. Maraqlamaq razı olmaq deməkdir. Doğrudur, bu kiminsə üzərinə hüquqi məsuliyyət qoymur, amma bura qədər olan şərtlərdə razılaşmaq anlamı daşıyır. Maraqlayarlar və danışıqlar gedər. 2027-ci ilə qədər sülh olmadığı təqdirdə toqquşma, müharibə potensialı hər zaman olacaq. Ermənistan bunu da unutmamalıdır".

Избранный
56
50
modern.az

10Источники