RU

"Prezident bununla ABŞ-yə COP 29-a kimi "aralıq sülh müqaviləsi" olmayacağı mesajını verdi" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden azərbaycanlı həmkarı İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib. Həmçinin Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib. O, ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib.

 

Maraqlıdır, sülh sazişi ilin sonuna kimi bağlana bilərmi?

 

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sfera.az-a bildirdi ki, Baydenin İlham Əliyevə ünvanladığı məktubun mətnindən Ağ Evin ən yaxşı halda Bakıda noyabr ayında keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istədiyi aydın olur.

 

Politoloq qeyd etdi ki, Bayden COP29 yazarkən, beynində eyni ayda Amerikadakı prezident seçkisini düşünüb:

 

“Ağ Ev administrasiyası vitse-prezident Kamala Harrisin prezident seçilməsi üçün var gücü ilə çalışır, qısa vaxt ərzində xarici siyasətdə uğur hekayələrinə ehtiyac duyur. Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu Kamala Harrisin xanasına yazılacaq”. 

 

E.Şahinoğlu vurğuladı ki, Bayden adminitrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zaman kəsiyində imzalanmasını bu qədər istəyirsə, atacağı bircə addım var:

 

“Bu da Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi Maykl Karpenterin İrəvanda Baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi çıxarmağa inandırmaqdır. Ağ Ev bunu bacararsa, sülh sazişinin noyabra qədər olmasa da, ilin sonuna qədər imzalanması mümkündür, əks halda erməni lobbisi ilə sıx əlaqələri olan Kamala Harrisin prezident seçilməsi üçün Azərbaycan öz maraqlarından imtina etməyəcək. ABŞ Azərbaycandan Ermənistanla COP 29-a kimi "aralıq sülh müqaviləsi" bağlanmasını istəyir".

 

Politoloq Məhəmməd Əsədullazadə məsələyə münasibətində bildirdi ki, Prezident İlham Əliyev M. Karpenterə COP 29-a kimi "aralıq sülh müqaviləsi" olmayacağı mesajını verərək, nöqtəni qoymuş oldu:

 

“ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmış bəndlər üzrə COP29-a kimi imzalanmasında maraqlıdır. Prezident İlham Əliyev isə Maykl Karpenter ilə görüşündə Ermənistan Konstitusiyanın sülh müqaviləsində əsas əngəl olduğunu vurğulayıb. Çünki Ermənistan Konstitusiyası və qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları yer alır.  Demək olar ki, ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq. Ümumiyyətlə, Vaşinqtonla Bakı arasında siyasi böhran məhz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan danışıqlarda Bakının prinsipial mövqeyindən irəli gəlir”.

 

Firuzə Əliyeva

Избранный
21
50
sfera.az

10Источники