RU

SSRİ-nin kosmosda həlak olan ilk kosmonavtı kim olub? –FOTO


Sovet kosmonavtı Vladimir Komarov 24 aprel 1967-ci ildə “Soyuz 1” kosmik gəmisindən enərkən Yer səthinə çırpılaraq həlak olub.
Azpost.info bildirir ki, SSRİ rəhbərliyinin kosmos yarışında birinciliyi əldə saxlamaq naminə atdığı radikal addımlar kosmonavtın ölümü ilə nəticələnib.
Belə ki, sovet rəhbərliyi “Soyuz 1” kosmik gəmisini tələm-tələsik, heç bir sınaq uçuşu olmadan birbaşa kosmosa göndərmişdi.
Əvvəlcə hər şey qaydasında idi: Qalxma zamanı heç bir problem olmadan gəmi asanlıqla orbitə girmişdi. Amma o andan etibarən hər şey pisləşir. Gəminin enerji sistemini dəstəkləməli olan Günəş panelləri açılarkən tıxanma baş verir və panelin biri açılmır. Bu böyük problem gəminin enerji ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Gəmidə simmetriya, radar və istilik nəzarəti sistemi çiddi şəkildə çətinləşir. Oriyentasiya sistemi işləmir və gəmi öz oxu ətrafında fırlanmağa başlayır.
Komarov problemi həll etmək üçün 5 saat çalışır, hətta Günəş panelini yeniləmək üçün təcili bir sistem də sınaqdan keçirir. Amma təəssüf ki, heç nə alınmır.
Son olaraq Soyuz 1 gəmisini ən qısa müddətdə Yerə qaytarmaq üçün qərar qəbul edilir. Mövcud batareya kosmik gəminin Yer ətrafında daha iki dövrə vurmasına kifayət edəcək və birincisi tükəndiyi təqdirdə xüsusi ehtiyat enerjidən istifadə olunacaqdı.
Tərslikdən gəminin enmə prosesi zamanı qəfildən enerju tükənir, naviqasiya sistemi və mühərriklər qapanır. Bu həyat və ya ölüm demək idi. Beləcə gəmi ballistik rejimdə yer atmosferinə girir.
Komarov gəminin paraşütlərini açsa da təəssüf ki, paraşüt yuvası sürətli enmə zamanı istiliyə məruz qalaraq zədələndiyi üçün açılmır. Əsas paraşütün (eyni zamanda dizayn nöqsanları olan) düzgün yerləşdirilməməsi əvəzedici paraşütün dolaşmasına səbəb olur və yararsız vəziyyətə düşür. Son olaraq gəmi 200 km/saat sürətlə Yer səthinə çırpılır…
Dəhşətli qəza nəticəsində kosmonavtın kapsul içərisində yanıb kömürə dönmüş bədəni Kremlin divarları önündə torpağa basdırılır.
Komarovun enişə başlayarkən Yerə göndərdiyi son sözləri: “Mən kreslodayam, kəmərlərlə bağlıyam. Özümü əla hiss edirəm, hər şey yaxşıdır” olur.
Komarovun şərəfinə müxtəlif astronomik cisimlərə, o, cümlədən (1836) asteroidinə və Ay səthindəki kraterlərdən birinə adı verilib.

Избранный
21
nuh.az

1Источники