RU

Telekanallar niyə bu gündədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubra Məhərrəmova yazır...
Taleyim elə gətirib ki, həyatım televiziyadan keçib. Tam da keçmiş zamanda demək istəməzdim, çünki hələ bəlli deyil növbəti döngədə bizi nə gözləyir. Elə həyatımız da televiziyaya oxşayır, bir də görürsən reklam fasiləsinə ayrıldın və tamam başqa səviyyəyə qalxdın və ya reytinq dediyin siyahıda dibə düşdün.
İndi məsələ də budur ki, insanlarımız televiziyada çalışan birini görən kimi "a bala, bizim kanallar niyə bu gündədir?" deyə adamdan hesabat istəyirlər. Biri də var digər "ə mən, ümumiyyətlə bizim telekanallara baxmıram" deyən qrup.
Gəlin, məsələyə bir az əvvəldən başlayaq.
Sizə ümumilikdə Azərbaycanda fəaliyyət göstərən televiziyaların təqdim etdiyi və nəticədə geniş kütlə arasında elə də tanınmayan, populyar olmayan verilişlərdən danışım, əzizlərim.
Məsələn, Azad Azərbaycan Televiziyasında yayımlanan, şəxsən mənim üçün arxiv sənədləri qədər dəyərli olan və gələcəkdə beynəlxalq məhkəmələrdə Azərbaycanın leyinə istifadə olunacaq faktlardan ibarət olan layihə, "Ağdam və mən" dən danışaq.
"Ağdam və mən" sənədli-publisistik filmlər layihəsi 3 il yarımdır efirdədir, 50-dən çox bölümü efirə gedib. Müəllifi isə Əməkdar jurnalist Səadət Məmmədovadır. Özünün də Ağdamdan olması bu layihəyə xüsusi bir eşq və sevgi qatır. Çünki hər bölümündə müəllif sanki Ağdamın hər daşını sığallayır. Hər dağılmış divarının nazını çəkir. Müxtəlif həyat hekayələrini işıqlandırır.
İndi sual verirəm, hansı biriniz bu layihəyə baxırsınız, ya da yeni bölümünü həsrətlə gözləyirsiniz?
Heç nə yox elə verilişin çəkilişi zamanı yaranan çətinlikləri, viran qalmış Ağdamda həm fiziki, həm də mənəvi cəhətdən işləməyin necə ağır olduğunu düşünsək, bu layihənin hansı əziyyət hesabına meydana gəldiyini anlayarıq. Amma gözəl insanımız buna baxırmı? İnandırım ki, çoxunun heç xəbəri də yoxdur. Amma gələn-gedən adamın yaxasından tutur ki, "ə, hanı sizin səviyyə verişlər?"
ATV kanalında "Xankəndimiz", "Qarabağ salnaməsi", "Yadındamı" kimi tarixi araşdırmalar, "Komando" hərbi proqramı, xeyli sayda Vətən müharibəsi, antiterror tədbirləri haqqında sənədli filmlər hazırlanıb, baxan olub heç?
Məsələn, elə olsun "Komando" hərbi proqramı, aparıcısı və rəhbəri Ramil Babayevdir. Baxmısınız heç bu verilişə? Hansı hərbi hissələrdən danışılır, hansı hərbi təlimlərdən görüntülər verilir? Aparıcının adı belə sizə heç nə demir. Amma desəm ki, "Şöşü" o dəqiqə çoxunun "hə, Şöşü ürəkdir". Bax elə zamanında o obrazı yaradan həmin Ramil Babayevdir. Ramil Babayev onlarla televiziya layihəsi işləyib, bu gün də ən çətin başa gələn çəkilişləri həyata keçirir, amma görək "Komando"ya nə qədər adam baxıb?
Keçək növbəti məqama - İctimai televiziyaya. "İctimai" gecə-gündüz xalqın maariflənməsi və beynəlxalq layihələrin Azərbaycana gətirilməsi üçün çalışır. İstənilən layihəsinə barmaq uzat, altından peşəkar komanda və keyfiyyətli məzmun çıxacaq. Birinin adını çəkin, ya da yazın şərhdə. Müzakirə edək.
Gəlin mən deyim, siz sayın.
"Yaddaş", "Ötən günlər", "Halbuki", "XX Yüzillik. Faktlar, hadisələr və insanlar", "Hər zaman musiqi", "Sabaha saxlamayaq", "Bir mahnının tarixçəsi" başqa hansını deyim? Hamısı keyfiyyətli, maarifləndirici və sanballı. Baxan var? Ritorik sualdır.
Və sizi inandırım ki, bütün televiziya kanallarında əyləncəli məzmunla yanaşı "tələbkar"lar üçün maarifləndirici, sənədli və digər sanballı verilişlər var. "Xəzər TV", "ARB TV" və s. nəzərdə tuturam.
İndi gələk həqiqət anına, bizim tamaşaçı nəyə baxır?
Onun beynini və ürəyini nə fəth edir? Bunu isə reytinq cədvəli deyir. Ölkənin ən çox reytinq verən verilişləri özünüz bilirsiniz ki, sosial məzmunlu verilişlərdir. Hamı təhqir edir, hamı söyür, amma hamı baxır. Niyə hamı deyirəm, çünki izləyici faizini reytinq göstərir. Elə bil ki, camaatın yanında deyirsən ki, "yoxe, ata canı, heç nə yemirəm, yediyim elə meyvə-tərəvəzdir, heç arıqlamıram", amma tək olan kimi evə xəlvəti dönər sifariş edib yeyirsən.
Az qala hər kəs and-aman edir ki, "ay qız, mənə nə, Zaur kimi axtarır, Xoşqədəm kimi tapıb Rusiyadan? Lalə kimi qovdu studiyadan?" Amma əslinə qalsa, hamının cikini də, bikini də bilirlər.
O zaman bu riyakarlıq nəyə lazım? Şəxsi ayıbını kiminsə üstünə atmaqla nə dəyişir ki? Belə çıxır ki, əhalinin 70 faizi kvant fizikasını, astronomiyanı, böyük adron kollayderi ilə məşğuldur, bizim televiziyalar imkan vermir bu inkişafa, qəsdinə durub bu inkişafın.
Gəlir zorla adamın əlindən pultu alır və çevirir Zaur Baxşəliyevin, Xoşqədəmin (xanımın), Lalə Azərtaşın verilişinə.
VACİB QEYD! Mən müəllif olaraq heç bir verilişin pis və ya keyfiyyətsiz olması barədə fikir yürütmürəm və sadəcə insanların fikirlərini yazıda əks etdirirəm. Çünki hər gün ən azı üç dəfə bu sualı mənə verirlər!
Əziz tamaşaçılar, diqqətinizə çatdırım ki, bu aparıcıları siz seçirsiniz, pultun düyməsi ilə verilişlərə siz reytinq verirsiniz, sonra da televiziyaları söyürsünüz. Maraqlıdır, deyilmi? Bəlkə söydüyünüz ünvan səhvdir?
Məsələn desəm ki, "Baku tv"nin bir sıra əla verilişləri var. "Qarabağ xronikası", "Qərbi Azərbaycan xronikası", "Aydın tarix", "Rəsmi cavab", "Global panorama" baxmısınız bu verilişlərə? Tanıyırsınız onların aparıcılarını? Küçədə görəndə saxlayıb onlarla şəkil çəkdirib, xoş söz demisiniz?
Təbii ki, yox, çünki çoxunun adını ilk dəfədir eşidirsiniz.
Bax bu da olsun mənim sizə cavabım.
Azərbaycan televiziyalarında kifayət qədər keyfiyyətli, maraqlı, maarifləndirici verilişlər var. Amma tamaşaçı onları seçmir. Tamaşaçı sonunda öz beyninə, öz psixoloji vəziyyətinə, savad və biliyinə görə seçim edir.
Televiziya isə zorla ölkə əhalisini hipnoz edib XXI əsrin elmi-tərəqqisi barədə silsilə verilişlərə baxmağa məcbur edə bilməz. Sonunda hər bir televiziya istehsalat müəssisəsidir, o da xərcini, borcunu ödəməlidir. Reklam isə tamaşaçının ən çox bəyəndiyi və izlədiyi verilişə gəlir. Sizi əmin edirəm ki, əgər tamaşaçı səhərdən sadaladığım digər məzmunlu verilişlərə baxsa, intellektual, araşdırıcı məzmunu tələb etsə, reklam da oraya üz tutacaq. Uzun sözün qısası, ya sözün düzünü deyin, əslində nəyə baxdığınızı etiraf edin, ya da bitirin bu komediyanı!
Избранный
97
50
oxu.az

10Источники