RU

Qardaş xalqların BİRLİK NÜMUNƏSİ – FOTOLAR

Türkiyə Cümhuriyyəti ilə diplomatik münasibətlər Pakistanın müstəqillik qazanmasından dərhal sonra, 1947-ci ildə başlamış və hər zaman yüksələn xətlə davam etmişdir. 1948-ci ilin mart ayında Türkiyənin səfiri Yəhya Kemal Beyatlı Karaçidə öz diplomatik fəaliyyətinə başlamışdır.

Pakistanın qurucusu və ilk dövlət başçısı M.Ə.Cinnah Mustafa Kamal Atatürkün heyranı idi və Pakistanı məhz Türkiyə Cümhuriyyəti modelində modern islam dövləti kimi görmək istəyirdi. Bu münasibətlər 1950-ci illərin ortalarından etibarən daha yüksək səviyyəyə qalxmış və Pakistanın xarici siyasətində üstün istiqamət kimi yer tutmuşdur.

Pakistan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə əlaqədar Türkiyəni dəstəkləmişdir və artıq uzun illərdir ki, ŞKTC-n İslamabadda diplomatik missiya səlahiyyətli nümayəndəliyi fəaliyyət göstərir. Qeyd edilməlidir ki, Kəşmir məsələsində də Türkiyə hər zaman Pakistanın mövqeyini dəstəkləmişdir.

Pakistan-Türkiyə münasibətlərində 2 aprel 1954-cü ildə Kəraçidə imzalanan Türkiyə-Pakistan Dostluq və Əməkdaşlıq Müqaviləsinin həlledici rolu oldu. Beynəlxalq məsələlərdə qarşılıqlı maraq doğuran iqtisadi, texniki, mədəni sahələrdə məsləhətləşmə və əməkdaşlığı nəzərdə tutan bu Müqavilənin 4-cü maddəsi müdafiə, silah-sursat istehsalı və təchizatını razılaşdırırdı ki, bu da Pakistan üçün çox önəmli idi. Yeri gəlmişkən, həmin müqavilə eyni şərtlər və öhdəliklərlə digər ölkələr üçün də açıq idi.

1964-cü ilin iyulunda Pakistanın Prezidenti Əyyub Xanın Türkiyəyə, 1967-ci ildə Türkiyənin Baş naziri Süleyman Dəmirəlin Pakistana səfərləri həm ikitərəfli münasibətlərdə, həm regional, həm də beynəlxalq müstəvidə qarşılıqlı münasibətlərin inkişafında əhəmiyyətli oldu.

Türkiyə Pakistana hərbi texnika, ləvazimatlar verilməsində əhəmiyyətli rol oynamışdır. Xüsusilə, ABŞ-ın Pakistana hərbi təchizatları dayandırdığı 1965-1975-ci illərdə bu əməkdaşlıq həlledici əhəmiyyətə malik idi. M.Ziyaul Haqq 1987-ci ildə, B.Bhutto 1989, 1990, 1994-cü illərdə Türkiyəyə, Türkiyə Cümhuriyyətinin Prezidenti Kənan Evrən 1989-cu ildə Pakistana səfərlər etdilər. 1990-cı illərdə Turqut Ozal və sonra Süleyman Dəmirəl Pakistanda səfərdə oldular.

1997-ci ildə Nəvaz Şərif Türkiyəyə səfər etdi və Türkiyə, Misir, Banqladeş, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistanın iştirakı ilə inkişaf etməkdə olan islam ölkələrinin iqtisadi təşkilatı olan “D-8” təsis edildi. Bundan başqa, Pakistanın digər qonşu islam ölkələri ilə əlaqələrinin inkişafında onun İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) və İslam Konfransı Təşkilatında (indi İslam Əməkdaşlıq Təşkilatı adlanır) fəal iştirakı əhəmiyyətli rol oynayırdı.

Pakistan-Türkiyə əlaqələri sonrakı illərdə də daim yüksələn xətlə davam etmiş və XXI əsrin əvvəllərindən bəri daha yüksək səviyyəyə qalxmışdır. P.Müşərrəfin ölkəyə rəhbərlik etdiyi 1999-2008-ci illərdə bu münasibətlər siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə daim artan, möhkəmlənən dostluq və etibarlı tərəfdaşlığa çevrilmişdir. Bu xətt sonrakı hökumətlərin zamanında da davam etdirilmişdir.

2005-ci ilin oktyabrında Pakistanda dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması və bərpa-quruculuq işləri üçün Türkiyənin 100 milyon ABŞ dolları maliyyə vəsaiti və 50 milyon dollarlıq humanitar yardım göstərməsi bir sıra digər dövlətlərin də bu dəstək prosesinə qoşulmasını təşviq etdi. Türkiyə terrorla mübarizədə də Pakistana dəstək verirdi.

16 noyabr 2016-cı il tarixində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana rəsmi səfəri oldu. Türkiyə prezidentinə yüksək diqqət və  etimadın nəticəsi idi ki, hava limanında Pakistanın Baş naziri Nəvaz Şərif və Pəncabın Böyük naziri Şahbaz Şərif xanımları ilə birlikdə Türkiyə prezidentini qarşıladılar. Baş nazirlə, Prezident Məmnun Hüseynlə görüşlər, Türkiyə prezidentinin Pakistan Milli Assambleyada çıxışı, Lahordakı görüşləri qarşılıqlı əlaqələrin inkişafına daha bir təkan vermiş oldu. 2019-cu ilin yanvarında Baş nazir İmran Xanın Türkiyəyə və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin fevralında Pakistana səfərləri iki qardaş ölkənin əlaqələrinin hər zamankı yüksək səviyyəsinin daha bir parlaq səhifəsi oldu.

Pakistanda türk xalqını, o cümlədən Azərbaycan xalqını qardaş olaraq görürlər və Ulu Öndər Heydər Əliyevin otuz il bundan əvvəl Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edərkən irəli sürdüyü “Bir millət, iki dövlət” formulunun “Bir millət, üç dövlət” kimi Pakistana da aid edilməsini arzulayırlar. 2021-ci il iyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycanda görüşmələri və Bakı Bəyannaməsinin qəbul edilməsi bu sahədə artıq yeni formatda əməkdaşlığın başlamasından xəbər verir.

Son illərdə əməkdaşlığın müxtəlif sahələrinə dair keçirilən Pakistan-Türkiyə-Azərbaycan üçtərəfli görüşləri, o cümlədən hərbi əməkdaşlıqla bağlı strateji tərəfdaşlıq əlaqələri üç qardaş xalqın könül və iş birliyinin bariz təzahürüdür.

Vüsal Hümbətzadə

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli sabiq səfirinin köməkçisi

Избранный
34
medianews.az

1Источники