RU

Analitik: BRİCS görüşü Rusiyanın əks-həmləsi kimi başa düşülə bilər

Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində XVI BRİCS sammitində (“Outreach” / “BRICS+” formatında) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü baş tutub. Dövlət başçılarının görüşündə iki ölkənin xarici işlər nazirləri, baş nazirin müavinləri və xarici siyasət üzrə köməkçilər də iştirak ediblər. Məlumata görə, Əliyev və Paşinyan xarici işlər nazirlərinə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” Saziş üzərində işlərin tez bir zamanda yekunlaşdırılması və imzalanması üçün təlimat veriblər. 

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, BRİCS formatında keçirilən görüş əslində Azərbaycan-Ermənistan sülh danışıqları üzərindən Amerika və Rusiya arasındakı mübarizənin tərkib hissədir:

“Sözügedən prosesdə Rusiya Kazanda BRİCS çərçivəsində görüş keçirməklə vasitəçilik məsələsində önə çıxmağa çalışır. Sülh danışıqlarına əvvəldən baxdıqda burada məsələnin təkcə Azərbaycan-Ermənistandan tərəfi olmadığını görürük. Rusiya və Amerikanın timsalında Qərb cəbhəsinin daha aktiv şəkildə iştirak etməyə səy göstərdikləri müşahidə olunur. Hər iki tərəfin isə burada öz maraqları mövcuddur. Onların sülh sazişi üzərindən Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışdığı aydın şəkildə ortadadır. Amerikanın daha əvvəl Azərbaycan və Ermənistan sülh danışıqlarında vasitəçilik etməklə bağlı səylərini görürdük. Hətta BRİCS görüşü ərəfəsində Cozef Baydenin Azərbaycan və Ermənistan liderlərinə məktub ünvanlayaraq ilin sonuna qədər sülh sazişinin imzalanmasl çağırışını etdi. Digər tərəfdən Amerika rəsmiləri müntəzəm şəkildə Azərbaycan və Ermənistana səfərlər həyata keçirirlər. Bu kontekstə BRİCS görüşü Rusiyanın əks-həmləsi kimi başa düşülə bilər. Yəni məsələ təkcə sülhlə bağlı hansısa irəliləyişin əldə olunmasl deyil, daha çox vasitəçiliklə bağlı Amerika və Rusiyanın mübarizəsidir”.

Ekspert söyləyib ki, təcrübə göstərir ki, belə görüşlər Azərbaycan və Ermənistan arasında yekun nəticələrin əldə olunması baxımından səmərəli olmayıb:
“Çünki üçüncü tərəflər prosesə qoşulduqda müxtəlif şəkildə öz maraqlarını təmin etməyə çalışırlar ki, bu da Bakı və İrəvanın razılaşmasını çətinləşdirir. BRİCS görüşü də tərəflər arasında konkret nəticənin əldə olunmasına kömək olmayacaq. Azərbaycan və Ermənistan arasında yaxın dövrdə yekun sülh sazişinin imzalanması çətin görünür. Təbii ki, Rəsmi Bakı tərəfindən sülhlə bağlı müəyyən çağırışlar var. Ermənistan da bir çox məsələlərdə qeyri-konsturiktiv mövqe sərgiləyir. Ermənistan sülhün razılaşdırılmış bəndlər üzərindən imzalanması istəyir. Amma razılaşdırılmamış  bəndlərdə isə Azərbaycanın tələbləri yer alır. Öncə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazilə iddialarından əl çəkməlidir. Həmin ziddiyətlər çərçivəsində yaxın vaxtlarda sülhün imzalanması real görünmür”.
Избранный
18
sherg.az

1Источники