RU

“Qırmızı”ya uduzan “Qarabağ...”

“Ayaks”a qarşı 10 nəfərlə oynamaq çətindir, xüsusilə qırmızı vərəqəni oyunun 15-ci dəqiqəsi bitməmiş alırsansa…

”Ayaks”la 9 nəfərlə oynamaq isə asandır, əgər oyunda artıq 3 top buraxmısansa, 79-cu dəqiqədə qırmızı vərəqənin o qədər də əhəmiyyəti qalmır.

Bir var qırmızı vərəqəni elə zaman alasan ki, bunun anlamı olsun. Bir də var, oyunu yaxşı başlayan, hətta sayılmasa da, qol vurduğumuz qarşılaşmada heç nədən klubu pis vəziyyətdə qoyasan.

Bugecəki qarşılaşmanın nəticəsi tam əminliklə deyirəm ki, fərqli olacaqdı, əgər o erkən qırmızı olmasaydı...

“Qarabağ” möhkəm nizam-intizam olan klubdur. Amma bu cür hallar adamı şübhəyə də salır.

“Qarabağ” hər dəfə titullu klublarla oyunda baş məşqçi Qurban Qurbanov haqlı olaraq deyir ki, belə qarşılaşmalar oyunçuları üçün həm də yaxşı təcrübədir. Əlbəttə ki, haqlıdır. “Qarabağ” 10 ildir Avropanın ən məşhur klubları ilə oynayır. “Çelsi”, “Atletiko”, “Tottenhem”,“Bayer”, “Roma”... Bu qarşılaşmalarda hansı hesab qeydə alınıb, indi mövzumuz o deyil. İndi biz bu cür oyunlarda Qurban Qurbanovun dediyi toplanan təcrübədən danışırıq.

Bəs hanı bu cür qarşlaşmalarda toplanan təcrübə? Bu cür məsuliyyətli oyunlarda həyəcanı başa düşmək olar, amma məsuliyyətsizlik bağışlanılmazdır.

Cəfərquliyev bundan əvvəl “Bayer”lə, “Braqa” ilə oyunda bu cür “fərqlənmişdi”. Medina “Dinamo”Zaqreblə qarşılaşmada “qırmızı” almışdı. Romao da “Ayaks”a “qırmızını” hədiyyə etdi. Mənə görə bu faktlar məsuliyyətsizlikdir. Bu “qırmızılara” oyun vəziyyəti deyə də bilərik, hakimin sərtliyi də. Amma özümüzü aldatmayaq, bu cür qarşılaşmalarda qırmızı vərəqəni heç nədən vermirlər. Düzdür, Qurban Qurbanov oyundan sonrakı açıqlamasında qırmızı vərəqələr haqda mənim düşündüyüm kimi danışmadı. Dedi ki, “indi emosiyalarım başqadır. Ola bilər ki, nədəsə yanlışlığım var. Bilmirəm ki, belə qırmızı vərəqələr, penaltilər nə qədər düzgündür. Onsuz da 10 nəfərlə qalmışdıq”. Romaonun qırmızı kart alması “Ayaks”la oyunun taleyini həll etdi. Meydanın mərkəzində “Ayaks”ın oyunçusuna heç nədən topu qapdırırsan, daha onu niyə elə güləşçi kimi yıxırsan, qoy getsin, hələ 50 metr məsafəsi var, qarşıda qapıçı var. “Qarabağ”ın qırmızılarına heç cür haqq qazandırmaq olmur. Bunun futbol dilində adı təcrübəsizlikdir, azarkeşlər isə “dəlilik” deyirlər.

Bəs, Medinanın cərimə meydançasında etdiyi hərəkətin adı nəydi? Sən görürsən ki, bu şotlandiyalı hakim kart göstərməyə meyllidir, cərimə meydançasında rəqibə aşkar “burcutma zərbə” vurmaq hakimə “gəl, 11-lik cərimə zərbəsi ver” çağırışıdır. Şotlandıyalı da “al, bu da penalti” dedi...

“Ayaks” ulduzların oynadığı əvvəlki klub deyil, “Qarabağ”ın bu oyunda hətta qalib gələ biləcəyinə inanmaq olardı. Baş məşqçisi tanınmayan bir italiyalı cavandır, heyətini də xüsusi fərqləndirmək olmazdı. Orası həqiqətdir ki, Hollandiya kimi bir ölkənin milli çempionatını təmsil edirlər, zəngin tarixləri var. Göründü ki, ən əsası təcrübələri daha çoxmuş...

“Qarabağ”ın bəzi oyunçuları Qurban Qurbanovun haqqına girdilər, onun zəhmətini yerə vurdular. Qurban Qurbanov oyunu yaxşı qurmuşdu, amma oyunçular “ayaqlarını”, “əllərini” soxdular, nəticədə yenə ağır məğlubiyyət oldu. Qəsdən etmədilər. Amma belə qarşılaşmalarda bu cür məsuliyyətsizlik mənim zənnimdə, klubun adına, baş məşqçiyə, azarkeşlərə qarşı qəsdir.

Azarkeşlərə “keçmiş olsun” deyək. Qurban Qurbanov isə bu gün oyundan sonra belə dedi: “Olan oldu, artıq gecdir.”

Nazim SABİROĞLU,

Избранный
58
1
sportinfo.az

10Источники