RU

Avropa Parlamentinin sədrinə 10 sual

Artıq sübut olunub ki, müasir dünyada gedən proseslərə yanaşma baxımından ikili standart rəsmən inkar edilən, lakin sükutla qəbul edilən və tətbiq olunan müxtəlif ölkələrin hüquq və öhdəliklərinə ayrı-seçkili yanaşma normasıdır.

Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti hələ illər öncə 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən haqlı olaraq tənqid edilmişdir. Dövlətimizin başçısı diqqəti ona yönəltmişdir ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir. Çox təəssüf ki, belə qeyri-hüquqi və qeyri-bəşəri yanaşma bu gün daha şiddətlə davam etməkdədir.

AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov deyib.

O qeyd edib ki, ölkəmizə qarşı Qərbin ikili standartları xüsusən də Qarabağ məsələlərində özünü daha qabarıq göstərir. İkiüzlülük faktiki olaraq əksər Qərb ölkələrinin və Avropa Parlamentinin siyasətçiləri üçün milli mərəzə çevrilib.

“İlk növbədə, onu qeyd etmək istərdim ki, bu günlərdə Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi Qətnamə ilə tanış olduqdan sonra bunun bir sanballı qurum tərəfindən yox, sıravi meydan boşboğazlarının sözləri kimi səslənməsi qənaətinə gəldim. Çünki, heç bir hüquqi müddəaya və beynəlxalq tələblərə məhəl qoyulmadan hazırlanmış bu Qətnamə həm də yalan və böhtanla dolu bir qarayaxmadır. Bircə misal gətirməklə kifayətlənirəm ki, Qətnamə ermənilərə qarşı zülm həyata keçirildiyini, ermənilərin aclığa və qorxuya məruz qaldıqlarını, ərazilərinin işğal edildiyini, günahsız həbs olunduqlarını ehtiva edir. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edildiyi kimi ermənilərin maddi, hüquqi və mənəvi müdafiələrinin təminatı sahəsində əməli təkliflər irəli sürüb və münaqişənin dinc yolla həllinə cəhdlər göstərib.

Əminliklə demək olar ki, Qətnamənin yeganə məqsədi Azərbaycana qarşı çirkli kampaniyanın gücləndirilməsinin zəruri olduğunu göstərməkdir. Heç bir insan hüquqlarının müdafiəsini özünün əsas vəzifəsi hesab edən qurum dövləti cinayətdə və insanlığa qarşı yol verilmiş vəhşiliklərə əl qoymuş şəxslərin – erməni separatçılarının siyasi məhbus adı altında müdafiəsinə və onların azad olunmasına çağırış etməz. Buna əsil təxribat deməyəsən, nə deyəsən.

Avropa Parlamentinin heç bir əndazəyə sığmayan hədyanə Qətnaməsi Ermənistan silahlı qüvvələrinə Avropanın sülh fondundan (fikir verin sülh fondundan) ayrılan yardımın alqışlanması bir yana, bu sahədə dırnaqarası əməkdaşlığın gücləndirilməsinə digər ölkələrin də qoşulmasına həyasız bir çağırışdır”, - deyən Vahid Novruzov avropalı deputatlara, elə avropalı bir dahinin fikirlərini xatırladıb: “Parlamentin məqsədi - yumruq davasını söz davası ilə əvəz etməkdir”.

Professor Vahid Novruzov, həmçinin Avropa Parlamentinin sədri, əvvəllər isə bu qurumda insan hüquqlarının qoruyucusu kimi vəzifə sahibi olan Roberta Metsolaya bir neçə sualla müraciət edib:

“Xanım Metsola,

1). Xahiş edirəm deyəsiniz, böyük səlahiyyət sahibi olduğunuz halda Azərbaycan ərazilərinin işğalı və uzunmüddətli blokadaları barədə niyə bir dəfə də olsa danışmamısınız?

2). Deyə bilərsiniz, dəfələrlə repressiyalarla üzləşmiş, Ermənistandakı öz ata-baba yurdlarından zorla çıxarılmış, soyqırımına məruz qalmış, yüzminlərlə Qərbi azərbaycanlının taleyi sizi niyə maraqlandırmayıb? İndi də maraqlandırmır? Axı siz Roma papası ilə görüşdə hər bir insanın zəruri dəstək və müdafiəsinə təminat verən yanaşmanın tərəfdarı olduğunuzu bildirmisiniz.

3). Rəhbərlik etdiyiniz qurumun qətnaməsində nə haqla suveren Azərbaycan ərazisi olan Qarabağ barədə siz məlumatsızlıqdan, ya da hörmətsizlikdən, - fərq etməz, - artıq mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsi işlətmisiniz?

4). Nə əsasla, bir il bundan əvvəl, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra bizim ölkəyə “etibarsız tərəfdaş” adını dilə gətirmisiniz? Axı Azərbaycan beynəlxalq norma və konvensiyalara riayət etməklə öz ərazi bütövlüyünü bütün dünyanın, elə sizin özünüzün də tanıdığı sərhədlər daxilində təmin etmişdir. Axı siz həm də hüquq üzrə aspirantura təhsili almısınız.

5). Xəbəriniz varmı bu “dahi dəyərləndirmə”nizdən sonra Azərbaycan Prezidenti İlham Əliyev sizi populist adlandırıb?

6). Avropa Parlamentinin rəhbəri olduğunuz bu son illərdə islamofobiya və türkofobiyanın sizin qurumun daxilində qadağan olunması istiqamətində hansı addımlar atmısınız? Təəssüf ki, heç bir addım. Belə olan halda siz hansı hüquqla və üzlə digərlərinə “hüquq dərsi” keçərək senzura tətbiq etməyi tələb edirsiniz. Sizə insan hüquqlarını beləmi müdafiə etməyi öyrədiblər, ya şirnikləndirici təsirlər sizə mane olur?

7). 2022-ci ildə Avropa Parlamentini silkələyən korrupsiya qalmaqalından sonra şəffaflıq naminə qəbul etdiyiniz yeni Etika Kodeksinin tələblərini nə əsasla özünüzə şamil etməmisiniz? Bəlkə əriniz Ukko Metsolanın Avropa İttifaqında geniş vüsət almış lobbiçilik fəaliyyətinə mane olmamaq üçün?

8). Beynəlxalq şəffaflıq təşkilatının sizə ünvanladığı iradı niyə aradan qaldırmırsınız?

9). Avropa Parlamentini qohumbazlıq yuvasına çevirmək cəhdinizdən bütün dünyanın xəbəri olmasından halisinizmi?

10). COP-a qarşı qərəzli siyasətinizin əsasında ərinizin kruiz biznesinə təsirlər durmadığına dair sübutlarınız varmı?”.

Vahid Novruzov Avropa Parlamentinin “sözəbaxan” və bəzi “ələbaxan” deputatlarına bizim onlara münasibətimizi dahi Uinston Çerçilin kəlamı ilə ifadə edib: “Əgər hər hürən itə siz dayanıb daş atsanız, nəzərdə tutduğunuz yerə heç vaxt gedib çata bilməzsiniz”.

Azərbaycanın dünyaya açıq bir ölkə kimi xarici əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edən professor sonda deyib: Prezident İlham Əliyevin siyasəti qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzərində qurulub. Bu baxımdan dövlətimizin başçısının özünün sözlərini xatırlatmaq yerinə düşərdi: “Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk... Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.

Избранный
32
1
xalqqazeti.az

2Источники