RU

Qurbanova ilk daşı kim atsın? - KÖŞƏ

“İncil”də yazır ki, bir gün zina etdiyi irəli sürülən bir qadının daşlanmasına qərar verilir. Buna şahid olan İsa peyğəmbər gözünü qəzəb örtən kütləyə müraciət edir, deyir ki, qadını daşlayın, amma ilk daşı günahı olmayan atsın. Kütlənin qəzəbi bir anda soyuyur, canfəşanlıq edənlər əllərindəki daşları yerə tullayıb, ordan uzaqlaşmağa başlayırlar.

İllər, əsrlər ötür, amma insan cəmiyyəti, kütlə psixologiyası dəyişmir. Ötən yazımda “Sabaha saxlamayaq”dakı müzakirələrdən bəhs etmişdim. Elə həmin proqramda AFFA rəsmisi, futbol veteranı İlqar Qurbanovun dedikləri ölkə gündəmində bomba effekti yaratdı, müzakirələr genişləndi, ehtiraslar coşdu. Söhbət onun dilindən səslənən “əvvəllər milliyə sifarişlə futbolçular çağrılırdı, Santuşun dönəmində belə şey yoxdu” sözlərindən gedir. İlqar bəyə haqq qazandıranlar da oldu, onu qınayanlar da. Hər iki tərəfin də məqsədi bəllidi.

Məni ən çox təəssüfləndirən odu ki, bir az da jurnalist dostlarımızın köməyi ilə məsələ yanlış istiqamətə yönəldildi, əsas hədəfdən yayındıq. Heç kim məndən inciməsin. Əvvəlcə Qurban Qurbanova, ardınca isə Şahin Dinyevlə Rəşad Sadıqova bu sualların ünvanlanması sağlam məntiqə söykənmirdi. Çünki milliyə sifarişlə futbolçu çağıranlar onlar deyildi. Bu mənada Qurban bəyin bu sualı bir qədər aqressiv qarşılaması, Diniyevin isə İlqar Qurbanovun bostanına daş atmaqla mövzudan yayınmağa çalışması heç də təəccüblü olmadı. Rəşad Sadıqov da məsələyə elə bu cür də yanaşdı, Qurban Qurbanova sual ünvanlanmasını doğru saymadığını gizlətmədi.

Ən gülməlisi isə Əfran İsmayılovun özünü hər şeydən bixəbər aparmağa çalışması oldu. Məsələ ondadı ki, milli elə ən çox onların oynadığı dövrdə sifarişli futbolçuların oylağına çevrilib. Kimdi o sifarişli futbolçular? Heç bir xüsusi istedadı və Azərbaycana bağlılığı olmayan “milliləşdirilmişlər”. Onlara Azərbahycan pasportunun verilməsinin özü təkcə FİFA-nın qaydalarına yox, elə Azərbaycan qanunlarına da zidd idi. Deyirdik, yazırdıq, şikayətlənirdik, amma məhəl qoyan yox idi. Çünki sistem saat mexanizmi kimi dəqiq işləyirdi. Necə deyərlər, əl əli yuyurdu, əl də üzü. Belə “milliləşdirilən” futbolçular da elə Əfran İsmayılovla, Ruslan Əmircanovla çiyin-çiyinə top qovurdu, milli komandalarda forma geyirdi. Bunu bilə-bilə özünü bilməməzliyə qoymaq xüsusi məharət, istedad, üz tələb edir. Çox təəssüf ki, bizim futbolun içində belələrinin sayı bildiyimizdən də çoxdu.

Sözsüz, sifariş qəbul edən Qurban Qurbanov olmayıb. İlqar Qurbanov fəryad edir ki, məni 9 il milliyə çağırmadılar, mənim yerimə gəlmələr oynadı, önümü kəsdilər. Elə İlqar Qurbanovu milliyə qaytaran da Qurban Qurbanov idi. Futbolçu onun vaxtında milliyə dəvət almazdan öncə “Qarabağ”da müntəzəm meydana çıxırdı, özünü ən yaxşı tərəfdən göstərirdi. Deməli, bu məsələdə çalışdırıcıyla sabiq futbolçunu, indiki AFFA təmsilçisini üz-üzə qoymaq cəhdi düzgün deyil. O ki qaldı Şahin Diniyevə, sadəlövh insan olduğu, AFFA-nın zaman-zaman onun üzərindən çirkin oyunlar oynadığı da bizə məlum məsələdi. Yaxın keçmişdə “Kəpəz”lə bağlı olan maliyyə fırıldaqları aşkara çıxmışdı. Klubun o vaxtkı mühasibi etiraf etmişdi ki, Şahin Diniyevin adına olan bank kartına dəfələrlə nəğləşdirmə üçün vəsait göndərib. Həmin vəsait də sonradan kimlərinsə cibinə gedib. Şahin bəyin təmiz adını belə çirkin oyunlarda hallandıranlar, onu əməllərinə şərik edənlər elə milliyə də sifarişlə futbolçu göndərənlərdi. Onların da kim olduğunu biz yaxşı bilirik.

Çox təəssüf ki, həmin dəstə bu gün də futbolumuza təsir imkanlarına sahibdi. Bir çox futbolçular onların nəzarətindədi, AFFA-dakı əhəmiyyətli postlarda həmin əmək sahiblərinin adamları qalır. Futbolumuzu belələrindən təmizləmək lazımdı. İlqar Qurbanovun üzərinə getməklə bağlı kampaniya, onun daşlanmasına şərait yaratmaq, onu yerli çalışdırıcılarla üz-üzə qoymaq siyasəti də bu qüvvələrin işidi. Milliyə sifarişlə futbolçu çağıran məşqçiləri də, onlara sifariş verənləri də biz yaxşı tanıyırıq. Həmişə də bu adları açıq şəkildə yazıb, tənqid etmişik. İndi İlqar Qurbanova daş atmaq, onu qaralamaq böyük cəsarət nümunəsi deyil. Bunu etmək istəyənlər varsa, əvvəlcə özlərinə, öz günahlarına baxsınlar.

AMAL

Избранный
30
football-plus.az

1Источники