RU

Lamin Yamal – “El klasiko” tarixinin ən gənc qol müəllifi

İspaniya La Liqasının 11-ci turunda “Real”la səfər oyunu (4:0) “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Yamal bu oyunda “blauqrana”nın qələbəsinə vurduğu qolla töhfəsini verib.

Beləliklə 17 yaşlı Yamal “el klasiko” tarixində qol vurmuş ən gənc futbolçu ünvanına sahib olub.

Oyundan sonra yeniyetmə futbolçu bu barədə şərh verib: “Mən öz işimi gördüm. Çox da yaxşı alındı. Ola bilsin ki, “Real” oyunçuları mənim, sağ ayağımla oynaya biləcəyimi bilmirdilər. Gərək olanda bunu istifadə etməliyəm. Məsələn, bu axşam olduğu kimi”, deyə Yamal vurğulayıb.

Xatırladaq ki, Yamal həm də solaxaydır.

Əlavə edək ki, Yamal bu oyunda qol vurduqdan sonra “Real” azarkeşləri tərəfindən irqi zəmində təhqirlərlə üzləşib. Vurğulanır ki, Madrid klubu azarkeşlərinin Yamalı təhqir etməsinin əks edildiyi videoyazısı İspaniya Kral Futbol Federasiyasının (RFEF) Zorakılıqla Mübarizə Komissiyası tərəfindən araşdırılacaq.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 14 oyuna 6 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 65 oyun, 13 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Избранный
34
arena.az

1Источники