RU

Krunoslav Renduliç və Samir Abasovdan qolsuz heç-heçəyə şərh

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 11-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Onlar bu gün mükəmməl çıxış etdilər. Son saniyəyə qədər keyfiyyətli, inadkar oyun göstərdik. Amma əfsuslar olsun ki, bu qədər qol epizodundan yararlana bilmədik. Belə olanda qalib gələ bilmirsən. Futbolda ən yaxşı qol fürsəti penaltidir. Onu da qaçırdıqdan sonra qələbə gözləmək bir az çətin olur. Bu gün biz qalibiyyətə daha yaxın idik. Əfsuslar olsun ki, bu gün iki xal itirdik. İlk saniyədən sona qədər yaxşı idik. Xüsusən də ikinci hissədə. İki xal itirdik, amma ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan etibarən növbəti oyun və rəqib haqda fikirləşəcəyik”.

Krunoslav dörd oyundur qələbə qazana bilməmələrinə də münasibət bildirib:

“Əlbəttə, bunlar futbolun bir parçasıdır. Bu cür hallar davam edir. Son 4 oyunda daha çox xallara layiq idik. “Qarabağ”la oyundan başlayaraq belədir. Azarkeşlər komandamızın bir parçasıdır. Bizi dəstəkləməyə davam etsinlər. Ümid edirəm ki, qarşıdakı oyunlarda qalib gəlib birlikdə qeyd edəcəyik. İndiyə qədər qazandığımız xallardan razı deyiləm, daha çoxuna layiqik. Amma oyunçularıma dedim ki, onlardan razıyam. Bu gün bəxtimiz gətirmədi”.

“Sizi əmin edirəm ki, daha yaxşı olacağıq” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə qolsuz heç-heçəyə belə şərh verib:

“Meydana qələbə üçün çıxmışdıq. Artıq geriyə yolumuz da yoxdur. Hər oyuna da bu cür çıxacağıq. Bunun üçün hər şeyi etdikmi? Bu suallara komandanın içində aydınlıq gətirəcəyik. Nə lazımdırsa, onu da edəcəyik, bunun üzərində dayanayacağıq. Birinci hissədə yaxşı futbol oynamağa çalışırdıq. Bəzi epizodlarda sanki risk etməkdən, top itirməkdən çəkinirdik. Daha da qabağa getməkdən ehtiyatlanırdıq. Qalib gəlsəydik, daha yaxşı olardı. Amma bu 1 xala görə futbolçularımı təbrik edirəm. Güc sərf etdilər. Sizi əmin edirəm ki, daha yaxşı olacağıq. İstəmirəm bu sözün üzərində dayanım ki, bizə zaman lazımdır.

Əlimizdə 20-21 futbolçumuz var. Onlar arasında zədəlilər də yox deyil. Futbolçuları tonusda saxlamaq lazımdır. Mən gələnə qədər Kilian Lebon oynayırdı. Kim nəyə qadirdir, kim hansı komandaya qarşı nə edə bilər, bunlar mənim üçün də informasiya olmalıdır. Bütün futbolçuları yoxlamalı, oynatmalıyam. Bütün futbolçulardan razıyam, rotasiyalar olacaq. Hansısa futbolçu buradan gedəndə, mənə də sualları olacaq, insandır. Sual verə bilər ki, məni harada oynatdınız, hansı oyunda gördünüz? Bunlara da cavab tapmaq üçün onların hamısını yoxlamalıyıq. Hamısı eyni səviyyədə olan futbolçulardır.

Fiziki durumdan danışmaq istəmirəm. Problemlər varsa, onları həll edəcəyik. Məşqlərdə tam başqa oluruq, oyunda tam başqa şeylərlə rastlaşdıq. Bayaq dediyim kimi, əsas məqam uduzmamaq, qol buraxmamaqdır.

Emin Mahmudov ötən oyunda da 90 dəqiqə oynadı. O da digər futbolçularımız kimi bizim üçün önəmlidir. O, mənimlə işləyib, nə istədiyimi bilir. O rahatlığı Emində görürəm. Bunu meydanda digər futbolçulara da çatdıra bilər. Məşqlərdə də görürəm ki, Emin oynamaq üçün alışıb-yanır. Ondan çox razıyam”.

Избранный
6
arena.az

1Источники