"2024-cü ildə Azərbaycanın qaz hasilatı ümumilikdə 23 milyard kubmetr təşkil edib ki, onun da 9 milyard kummetri Avropaya ixrac olunub".
APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin rəis əvəzi Anar Mütəllimov Azərbaycanın NATO ilə Tərəfdaşlığı Çərçivəsində Enerji Təhlükəsizliyi və İqlim Dəyişikliyi çərçivəsində Bakıda keçirilən Forumda bildirib.
O qeyd edib ki, Azərbaycan Avropada təhlükəsizliyə önəm verilməsi istiqamətində götürdüyü öhdəliklərə sadiqdir:
"30 illik müddətə baxdıqda Azərbaycan ciddi irəliləyişlərə nail olub. Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir. Azərbaycan Avro-Atlantik bölgəsində təhlükəsizliyə önəm verilməsi istiqamətində öhdəliklər götürüb. O həm təhlükəsizlik sektorunda islahat, ətraf mühit, sülh və təhlükəsizlik, həm də enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Azərbaycan uzun illər ərzində Şərq və Qərb arasında körpü rolunu oynayıb. Artan tələbatları da nəzərə alaraq Azərbaycan Avro-Atlantik bölgənin enerji təhlükəsizliyinə töhfəsini davam etdirəcək. COP29-a Prezidentliyi çərçivəsində Azərbaycan iki mühüm istiqamətdə fəaliyyət göstərəcək. Onlardan biri öhdəliklərin genişləndirilməsi, digəri isə məqsədlərin artırılmasıdır. Bir enerji təminatçısı kimi həm də ekoloji təhlükəsizliyə töhfə vermək mümkündür. Hesab edirik ki, bu müzakirələr məhsuldar olacaq".