RU

Beş ildə avtoparkların 85 faizdən çoxu yenilənib - AÇIQLAMA

Beş il bundan əvvələ qədər 85%-dən yuxarı avtomobillərin yaşı 10 ildən çox idi və avtomobil parkımız çox köhnə idi.

FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev deyib.

O bildirib ki, Azərbaycanın avtomobil sektoruna, xüsusən də ekoloji təmiz avtonəqliyyat vasitələri ilə bağlı görülən işlərə indi yox, 2019-cu ildən baxmaq lazımdır:

“Yaşıl, təmiz ətraf mühit istəyiriksə, biz avtomobillərə də nəzər yetirməli idik və yetirdik. Aidiyyəti qurumlar bu istiqamətdə nəzərəçarpacaq dərəcədə işlər görməkdədirlər. 2019-cu ildə biz Avtomobil Dilerləri Assosiasiyası olaraq böyük bir araşdırma apardıq. Bu araşdırmanın nəticələrinə uyğun olaraq böyük bir həyəcan siqnalı verdik ki, Azərbaycanın avtomobil parkı köhnədir.

Ovaxtkı dönəmdə 85%-dən yuxarı avtomobillərin yaşı 10 ildən yuxarı idi və avtomobil parkımız çox qoca idi. Lakin indi bu yöndə ciddi işlər görülür və avtoparklarımız artıq, demək olar ki, yenilənib. Sözsüz ki, həmin dönəmdə bizim dövlətlə dialoqlarımız aparılırdı, layihələr işlənilirdi və təkliflər verilirdi. Amma həmin vaxtlarda pandemiyanın olması bir çox məsələlər kimi bu sahədə də müəyyən bir müddətlik fasilə verməyə səbəb oldu.

2021-ci ildə Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında sərəncam imzaladı və bu prioritetlərin 5-ci bəndi təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Həmçinin, ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinə - elektrik və hibrid avtomobillərə gömrük rüsumunun ləğvi, əlavə dəyər vergisinin (ƏDV) ortadan qaldırılması da avtoparkımızın gəncləşməsi istiqamətində atılmış mühüm və böyük addımlardan idi”.

E.Əliyev vurğulayıb ki, ölkəyə yaşı 10 ildən yuxarı olan avtomobillərin buraxılmasına qoyulan məhdudiyyətlər avtoparkımızın yenilənməsinə böyük bir töhfədir:

“Ümid edirəm ki, yaxın dönəmlərdə bu yaş həddini hətta 5 ilə endiriləcək. Bundan başqa, bizim görəcəyimizi işlər hələ qabaqdadır. Bildiyiniz kimi, Azərbaycanda elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20%-dir. Amma avtoparkımızın yenilənməsi, ümumiyyətlə, şəhərimizdə daha çox yeni avtomobillərin alınmasına əlçatanlğın artırılması üçün yaxşı olardı ki, daxili yanma mühərrikinə, yəni ənənəvi avtomobillərə də bank faizlərinin ilkin ödənişini sadələşdirərək, 10-15 faiz nisbətinə salaq. Bunların özü də ölkənin avtomobil sektoruna böyük faydalar verə bilər”.

E.Əliyevin sözlərinə görə, paralel import vasitəsilə alınan avtomobillər ölkə iqtisadiyyatına və avtomobil alıcılarına böyük ziyan vuran məsələlərdəndir:

“Çünki kiminsə maşınları gətirərək, ölkədə satması sonradan problemlərə səbəb ola bilər. Məsələn, buraya həmin nəqliyyat vasitəsinin texniki, servis xidmətlərini, ehtiyat hissələrinin anbarlarının formalaşması məsələsini qeyd edə bilərik”.

Mütəxəssis vurğulayıb ki, artıq ölkəyə elektrik mühərrikli avtomobillər daha çox gətirilməkdədir:

“Elektromobilləri satan şəxslərin həmin avtomobillərlə bağlı doğru-düzgün təlimatlar verməsi vacib məsələlərdəndir. Ümumiyyətlə, çox vaxt fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərlə bağlı nə zəmanət verilir, nə də onların istifadəsi ilə bağlı hansısa bir təlimatlar verilir. Bunlar da gələcəkdə böyük problemlərə, xüusən də nəqliyyat vasitəsində təhlükəsizlik məsələlərini sual altında qoya bilər”.

Qeyd edək ki, bu ilin yanvar-sentaybr aylarında Azərbaycana ümumilikdə 88,6 milyon dollar dəyərində 2 245 ədəd elektrikli avtomobil idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə, ölkəyə idxal olunan elektromobillərin sayı 127 ədəd artıb. Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 9 ayına nisbətən 2,7 milyon dollar və ya 3,1% artıb. (Trend)

Избранный
12
2
fed.az

3Источники