Türkiyənin yeni hava hücumundan müdafiə sistemi “Polad qübbə”nin əsas komponenti olan uzaqməsafəli regional hava müdafiə sistemi “SİPER Ürün-1” Türk Silahlı Qüvvələrinin inventarına daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün açıqlayıb.
Yeni sistemin Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə xalqa hədiyyə olduğunu qeyd edən Görgün bildirib ki, SİPER sistemi döyüş təyyarələri və raketlər kimi hava hədəflərinə, o cümlədən, hava-yer tipli raketlərə qarşı mübarizə apara biləcək. Daha üstün imkanlara malik olacaq “SİPER Ürün-2” sisteminin təkmilləşdirilməsi üzərində işlər davam edir.
Xatırladaq ki, Türkiyənin yerli şirkətləri tərəfindən hazırlanan yeni nəsil sistemlər vasitəsilə unikal qalxan yaradan “Polad qübbə” ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq məqsədi daşıyır.