RU

Psixoloq İlhamə Mustafayeva: "Məktəblərdə psixoloqa müraciət birmənalı qarşılanmır"

Məktəb uşaqlara, elm, bilik, savad verməklə yanaşı, onların vətənə layiq şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. Şübhəsiz ki, bu işdə məktəbdə tədris keçən müəllimlərin də rolu əvəzsizdir. Lakin, müasir dövrdə məktəblərdə müəllimlərdən əlavə psixoloq xidmətinin də aktiv şəkildə fəaliyyət göstərməsi vacib mələlərdən biridir. Belə ki, hər hansı şagirdin psixoloji probleminin həllində müəllim ona dərindən kömək edə bilməz. Belə olduğu halda psixoloqun müdaxiləsi mütləqdir. 

Psixoloq İlhamə Mustafayeva "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, məktəblərdə psixoloqların fəaliyyəti formal xarakter daşımamalı və onlar şagirdləri narahat edən istənilən məsələdə fəal iştirak etməlidir: "Uşaqların düzgün və sağlam inkişafı, cəmiyyətimiz və dövlətimiz  üçün önəmli məsələlərdən biridir və burada  məktəb və müəllimlərin xüsusi yeri var. Məktəb psixoloqonun əsas vəzifəsi  sinifdəki şagirdlərin vəziyyətini öyrənmək, uşaqların bir- biri  ilə və müəllimlərlə münasibətini  analiz etmək, onların dərsi mənimsəmək sürətini və bacarıqlarını öyrənməklə yanaşı, məktəblini narahat edən məsələləri və situasiyaları aşkarlamaqdan ibarət olmalıdır". 

İ. Mustafayeva bildirir ki, psixoloq məktəblinin davranışlarının adekvat olması istiqamətində uşağın daxil olduğu sistemdə sağlam atmosfer qurmağa dəstək olmalıdır: "Uşağı narahat edən istənilən məsələ və situasiya ilə bağlı psixoloqa müraciət olunmalıdır. Əgər uşağın maraqları itirsə, aqressiv davranışlar sərgiləyirsə, neqativ emosiyaları çoxalırsa, həyəcan, təşviş və qorxular artırsa, eyni zamanda ailədə də problemlər yaşanırsa, dərsi mənimsəmə problemləri ilə üzləşirsə və s. hallarda  psixoloqa müraciət etməlidir. Uşaqların psixoloqa müraciətini təmin etmək və psixoloqdan yararlanma və psixoloqa müraciətin faydalılığı ilə bağlı maariflənmə aparılmalıdır". 

Qeyd edək ki, uşaqlar psixoloqa müraciət etməyi müəllimə hər hansısa bir mövzu ilə bağlı sual vermək qədər normal hesab etməlidirlər. Araşdırmalar göstərir ki, çox zaman psixoloqa müraciət edən şagird digər şagirdlər tərəfindən istehza olunur. Ələ salınır ki, bu da şagirdlərin məktəb psixoloquna müraciətini məhdudlaşdırır. 

İ. Mustafayeva qeyd edir ki, belə olduğu halda çox zaman valideynlər  məktəb psixoloquna etibar etmədikləri üçün uşaqlarını kənar psixoloqlara yönəldirlər: "Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri aparılmalı, məktəbdə təlim-tədris prosesinin keyfiyyətli olması, uşaqların qarşılıqlı münasibətlərinin  sağlam olması yolunda fəaliyyətlərini davam etdirməlidir".

Havar Şəfiyeva

Избранный
19
yeniazerbaycan.com

1Источники